manera.az
manera.az

Unutmaq da ayrılıqdı, əzizim - Yeni şeirlər

Unutmaq da ayrılıqdı, əzizim - Yeni şeirlər
MANERA.AZ Elbariz Məmmədlinin yeni şeirlərini təqdim edir:

Unutmaq da ayrılıqdı...

Taleyimə tən bilirdim mən səni,
Həsrət hardan gəlib çıxdı, əzizim?
Aylar-illər öz ömrünü yaşadı,
Səni yıxdı, məni yıxdı, əzizim.

Meydan bilib gəldi, gəzdi sinəmi,
Xoş duyğudan qəmə çözdü sinəmi,
Uzaqlığın elə üzdü sinəmi,
Ürəyimi nər tək sıxdı, əzizim.

Könül istər, ötənlərə yol ala,
Nə ürəkdə dərdə baxa, nə xala,
Baxıram ki, uçulubdu o qala,
İz zülmətdi, yol qırıqdı, əzizim.

İndi qəmin yedəyində əsirik,
Xəyallarda dəli kimi gəzirik,
Gendən genə yaşamaqdan bezirik,
Dərdə nə var, solan ruhdu, əzizim.

Hər gün min yol səni ansam, doymaram,
Sevdan üçün alovlansam, doymaram,
Ürəyimi unutmağa qoymaram,
Unutmaq da ayrılıqdı, əzizim

Uzaqlarda qar yağır

Uzaqlara qar yağır, soyuq nəfəsi kəsir,
Ölür, payızdan qaçan son yarpağın ümidi.
Əli yalın çöllərin küləkləri tələsir,
Sırsıralı ağaclar ovsunlanmış kimidi.

Kolları büküm-büküm, ağacları lüt-üryan,
Torpaqdan üzü dönüb hənirli havaların.
Payızın son otları qar altda can verir, can,
Həsrəti göz dağlayır sahibsiz yuvaların.

Yovşan qoxusu keçir, kiminsə ürəyindən,
Qışın oğlan çağında eh, bu da bir arzudu.
Bulud elə oturub dağların yedəyində,
Yamaclar qar görəli günəşə tamarzıdı.

Kimsə həsrət içində asılıb xəyalından,
Xatirəli izlərdən canına soyuq damıır.
Hardasa küləklərin səsli qeylü-qalından,
Soyuq kasıb koması isinənə oxşamır.

Hayana üz tutursan, torpaq bəyaz, dağ bəyaz,
Daş da bir boy böyüyüb ələnən qış qarından..
Bəlkə də tənhalıqda gəlir özünə bir az,
Cığırlar yorulmuşdu tapdaq ağrılarından.

Torpağa hakim olub gecənin bəyazlığı,,
Zülmətləri əridib göylərin qar tilsimi.
Sozalan lampaların pəncərədən sızdığı,
Nöqtədə qar bərq vurur dümağ mirvari kimi.

Uzaqlarda qar yağır, min-min duyğu oyanır,
Keçir neçə ürəkdən qartopu xatirəsi.
Kiminsə həsrətindən bağrının başı yanır,
Kimisə melodiya tək uyudur külək səsi....

Yenə ruhumuza sevgi əkilir

Bitməyib ümidlər hələ, bitməyib,
Bizləri yaşadan ruhun səsidi.
Qış qış günündə əllərdə gəzən,
Nərgiz çiçəkləri yaz müjdəsidi.

Hələ könlümüzdə yaz ovqatı var,
Hələ arzumuzu qış bitirməyib.
Heç vaxt bu millətin yolunun üstə,
Sellər bu böyükdə daş gətirməyib.

Həyat dağ yüküdü, duyanlar üçün,
Yaxşı ki, min illik ruh yerindədi.
Hamının dilində yaz harayı var,
Sükut hamımızın tox yerindədi.

Qızaran dan yeri salama ünvan,
Günəşin gəlişi haqqın səsidi.
Hürr olan torpağın barı, bəhəri,
Hürr olan millətin fəlsəfəsidi.

Hökmü yüyrək olub vaxtın-zamanın,
Yolu tükənməz ki, yol olanların.
Duyğusu yaz kimi çiçəklənəcək,
Doğudan Batıya yol salanların.

Bitməzdi davası Xeyirlə Şərin,
Yamanlıq bəşərin baş bəlasıdı.
Tanrı sevdasına sığınan millət,
Torpağın üstündə haqq qalasıdı.

Bitməyib ümidlər hələ, bitməyib,
Qərib ocaqlara yollar tikilir.
Azrular atlanır quş dimdiyində,
Yenə ruhumuza sevgi əkilir.

Payız üzlüm, ömür hələ bitməyib

Həsrətindən yanaqları saralan,
Vüsalına gedən yolu qırılan,
Duyğuları ürəyindən vurulan,-
Payız üzlüm, ömür hələ bitməyib.

Dilimizdə hələ, eşqin nidası,
İçimizdə yuvalanıb odası,
Çox həsrətə boyun əymə, qadası,
Bizim bağın durnaları getməyib.

Bu ömürdü, hər üzündə sınaq var,
Boynumuzda gör, nə qədər qınaq var,
Aramızda bir ikili günah var,
Səndən mənə, məndən sənə ötməyib.

Üzülürəm, səni payız görüncə,
Gözü solğun, baxışı buz görüncə,
Neyniyək ki, həsrət toru hörüncə,
Ulu Tanrı bizə insaf etməyib.

Yaşayırıq, əli ələ uzalı,
Ayrılığın öz işi var, öz halı,
Bu dünyanın etibarı azalıb,
Milyonların əli eşqə yetməyib.

El içidi, sən könlünü tox elə,
İçindəki əzabını yıx, elə,
Həsrətini gözlərindən yox elə,
Payız üzlüm, ümid hələ itməyib.

Yadında saxla, yetər

Elə uzaqdasan ki, səsinə tamarzıyam,
Ruhum boylana qalıb, həsrətinin dalınca.
Hayana üz tutursa, geri əliboş gəlir,
Sozalan ümidimin istəyi daş olunca.

Ürəyimin yanğısı nəfəsimi yandırır,
Yanan ocaq kimiyəm, yayın cırhacırında.
Sənli xəyallarımdan tutub elə, gedirəm,
Bir gün bitəcək ömür, bu yolun axırında.

Ən uzaq mənzillərə üz tutan qatar kimi,
İllərdi yol gəlirəm, həsrət bitmir ki, bitmir.
Vaxtı yellər daşıyır sanki quş dimdiyində,
Ömür sona yürüyür, amma ki, sənə yetmir.

Günəş qüruba enir qarşı dağın belindən,
Həsrətli çiçəklərin ümidləri düyündə.
Mənə bir çələng toxu saçının ağ telindən,
Qalsın xəyallarımın xatirə muzeyində.

Mən özüm də bilirəm, ayrılıq bitən deyil,
Könlü sınmasın deyə, könlümü aldadıram.
Nəzərinə düşəndə sınaqlı baxışların,
Qəmi içimə çəkib, qəhərimi uduram.

Bilirəm, əzab verir duyğuların, sənə də,
Ağrısını bağrına ilmə-ilmə toxuyur.
Nə olsun uzaqdasan, könlündəkini mənə,
İntizarla baxdığım şəkillərin oxuyur.

Üzmə ürəyini çox, daha neyləmək olar?
Çəkdiyimiz qəm yükü ömür bitincə, bitər.
Sən mənə fikir vermə, mən xəyal adamıyam,
Bu divanə adımı yadında saxla, yetər.

Olmadım

Nə gözəlmiş, düz yaşamaq dünyanı,
Əli yadlar ətəyində olmadım.
Ömür sürdüm doğruların içində,
Harınların yedəyində olmadım.

Neçə arzum batıb qaldı düyündə,
Əsəb yedim nadanların küyündə,
Qəm oxudum öz könlümün neyində,
Özgələrin tütəyində olmadım.

Düz danışdım, yollarımı kəsdilər,
Çox duyğumu ürəyimdə əzdilər,
İnadıma düşmən deyib, dözdülər,
Bir kimsənin kötəyində olmadım.

Kişi gördüm, toyuq kimi bürüşən,
Kişi gördüm, fahişə tək irişən,
Bu yedəkdən o yedəyə sürüşən,
Gədaların pətəyində olmadım.

Mən beləyəm, pis dostları kürüdüm,
Hər sözümü azadlığa bürüdüm,
Yaxşıların hər dərdinə yürüdüm,
Yamanların heç nəyində olmadım.

Məni itən günün yaddaşına yaz

Bilmirəm, könlünə toxunan nədi,
İndiki qayğımı, dünənki qəmmi.
Əllərim hələ də həsrətli qalan,
İpək saçlarının dəni mənəmmi?

Sinəmə bir eşqin möhrünü vurdun,
Həsrətmiş bu yolun sonu, sanmadım.
Sən mənim könlümdə yurd-yuva qurdun,
Mən sənin könlünə yığılammadım.

Bizə tale payı bu imiş, demək,
Bu ümid hardasa qırılmalıymış.
Təzə qanad açıb uçanda, quş tək,
Həsrət gülləsiylə vurulmalıymış.

İndi qəmin acı , həsrətin ağır,
Daha o illərə əl yetmir, neynim,
Gözümdən duyğulu yağışlar yağır,
Bircə ümidimi göyərtmir, neynim.

Qaranquş könlümü açıb göylərə,
Yazı gətirmişdim gələndə, sənə.
Çiçəklər dan üzü batanda tərə,
Şərqi oxuyurdu bu bəndə, sənə.

Dən düşən saçına əl gəzdir bir az,
Sabahkı ümidin xəyalına dal.
Məni itən günün yaddaşına yaz,
Ömrünün-gününün qayğısına qal.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031