Görkəmli rumın şairi Ana Blandiana Bakıda

Dünya şöhrətli rumın şairi Ana Blandiana Bakıya gələcək.
MANERA.AZ-a bu barədə şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu məlumat verib.
Bildirib ki, 7 dekabr, saat 17:30-da Bakı Kitab Mərkəzində Ana Blandiana ilə görüş təşkil ediləcək.
“Ana Blandiana: Bakı görüşləri” adlı tədbirdə görkəmli rumın şairinin “İndi mən sənə ibadət edirəm” adlı şeirlər kitabının təqdimatı da nəzərdə tutulur.
Xanım Blandianın AYB-nin çətiri altında təşkil olanan “Bakı görüşləri”nə Rumıniyanın Bakıdakı səfirliyi, Rumıniya Mədəniyyət İnstitutu, Bakı Kitab Mərkəzi dəstək veriblər.
Qeyd edək ki, Ana Blandiananın Rumın dilində 28 kitabı nəşr edilib. Əsərləri 30-dan artıq dilə çevrilib, fərqli dillərdə 60 kitabı çap olunub. Yaradıcılığı boyu Rumıniya Yazıçılar İttifaqının “Poeziya” (1969), Rumıniya Akademiyasının “Poeziya” (1970), Buxarest Yazıçılar Assosiasiyasının “Proza” (1982), Avstriyanın beynəlxalq “Qotfrid fon Herder” (1982), Rumıniyanın “Milli Şeir Mükafatı” (1997), “Opera Omnia” (2001), Sloveniyanın beynəlxalq “Vilenitsa” (2002), Polşanın beynəlxalq “Avropa Azadlıq Şairi” (2016), Kanadanın “Qriffin (2018), Makedoniya Struqa Poeziya Festivalının “Qızıl Çələng” (2019) mükafatlarına layiq görülüb. “Yüksək ədəbi nailiyyətlərinə və milli mədəniyyətin inkişafındakı töhfələrinə görə” Rumıniyanın “Böyük xaç” ordeni ilə təltif olunub (2000), Fransanın “Fəxri Legion Ordeni”nin (2009) sahibidir.