manera.az
manera.az

Tarixin Molla Nəsrəddini səhnədə kim idi... - MÜSAHİBƏ |MANERA.AZ

📅 25.12.2015 16:08

Tarixin Molla Nəsrəddini səhnədə kim idi... - MÜSAHİBƏ |MANERA.AZ
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında Xaqani Əliyevin “ Molla Nəsrəddin evlənir..?” pyesi əsasında hazırlanan eyni adlı tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.

Molla Nəsrəddin lətifələrinin motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xaqani Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, xoreoqrafı Ramiq Nəsirov, rejissor assistenti Samirə Hacıyevadır. Bir hissəli məzhəkə janrında hazırlanan səhnə əsərində Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Əhliman Ərşadlı, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva, Rövşən Cəfərov, Şəbnəm Cəbrayılova, Emin Sevdiməliyev. Tural Tahir və başqaları rol alıblar.
Sevdiyi qızı yuxusunda görüb xoş anlar yaşayan Nəsrəddini Əzrail yuxudan oyadıb” vaxtının tamam olduğunu” ona söyləyir və özü ilə o biri dünyaya aparmaq üçün gəldiyini bildirir. Çox cavan olduğunu, hələ evlənmədiyini bildirən Nəsrəddinin yalvarışlarından yumşalan Əzrail, ona evlənmək üçün üç gün vaxt verir. Dərdini kənd lotularına danışıb onlardan kömək istəyən Nəsrəddin, toy gününün səhəri oyanıb yatağında sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər və qoca arvadı görəndə lotular tərəfindən aldadıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.

Tamaşanın rejissoru Xaqani Əliyev bir neçə sualımızı cavablandırdı.

- Necə oldu ki, Molla Nəsrəddin lətifələrinə müraciət etdiniz?

Bildiyimiz kimi bu il, türkdilli dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə yeni beynəlxalq təşkilat - Türk Mədəniyyəti və İrsi Fondu təsis olunub. Fondun rəhbəri Günay xanım Əfəndiyeva kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrinin birində, gələcəkdə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınacaq coxtərəfli nominasiyalar sırasında Molla Nəsrəddin lətifələrinin də yer alacağı haqqında fikir səsləndirdi. Günay xanımın bu fikri, bizdə Molla Nəsrəddin lətifələrinə müraciət etmək ideyasınının yaranmasına təkan verdi. Türk xalqları arasında Hoca, Əfəndi, Mulla, Əpəndi Azərbaycan da isə Molla kimi məşhurlaşmış Nəsrəddin irsinə dəfələrlə müraciətlər edilmiş, müxtəlif ölkələrdə. çoxlu sayda filmlər çəkilmiş, balet və tamaşalara quruluşlar verilmişdir. Dünyanın müxtəlif məkanlarında heykəlləri ucaldılır, şərəfinə parklar salınır, onun adını daşıyan teatr, kino, rəsm, karikatura festifalları keçirilir.
Azərbaycanda da, türk xalqlarının Dədə Qorqud eposu və Koroğlu dastanı kimi şərikli mədəni irs nümunəsi olan və bu dastanlar qədər əhəmiyyət daşıyan Molla Nəsrəddin irsini, dəyərləri ilə birlikdə qoruyub yaşatmaqla gələcək nəsillərə ötürülməli olduğunun vacibliyini anlayaraq biz bu mövzuya müraciət etdik
Bütün dünyanın sevdiyi türk oğlu türk, müdrik insan Molla Nəsrəddinin lətifələrində insanı heyrətə salan yığcamlıq və məntiq var. Dünyada onun kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir lətifə qəhrəmanı tapmaq çətindir.
Molla Nəsrəddinin lətifələrində ən çətin bir vəziyyətdən həmişə çıxış yolu var.

- Sizin Molla Nəsrəddin indiyə kimi təqdim olunan Nəsrəddinlərdən fərqlidi...

Molla Nəsrəddin istər kino, rəssam işi olsun, istərsə də tamaşa, bütün hallarda ahıllıq dövrünü yaşayan, müdriklik zirvəsinə ucalmış nurani qoca kimi təqdim edilir. Biz bu qənaətə gəldik ki, bu steriotipi sındıraq. Molla Nəsrəddin birdən-birə nurani qocaya cevrilmiyib ki...Onun özünün bəzi lətifələri bizi vadar edir düşünək ki, bu lətifələrdəki Molla Nəsrəddin yaşlı adam ola bilməz. Məhz buna görə də biz, Molla Nəsrəddini qaynayıb-daşan, hələ tam müdrikliyə çatmamış, bəzən emosyalarına hakim kəsilə bilməyən bir cavan kimi təqdim etmək qərarına gəldik.

Tamaşada müasir dövrün problemlərinə də toxunmusunuz.

- Bəli. çalışmışıq ki, bir az da Mollanəsrəddinçilik edək. İfrat dindarlığı, avamlığı qarınqululuğu gülüş obyektinə çevirib tənqid etməklə yanaşı, müasir dövrün bəzi qlobal məsələlərini Molla Nəsrəddin dövrünə apararaq o dövrün prizmasından baxmaq istəmişik. Məsələn, zaman və məkanı qarışdıraraq, Avrovijn musiqi yarışmasının qalibi qeyri adi qadın-saqqallı Konçitanı, “Allahu Əkbər” deyib baş kəsənləri Molla Nəsrəddinin düşündürən gülüşünün obyektinə çevirməklə, bu günümüzün daha problemli məsələlərinə subyektiv və xəfif gülüşlü münasibət bildirmişik.

Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan tamaşanın uğuru nədədir və niyə bu tamaşa sevildi? Siz bu uğura necə nail oldunuz?


Televiziya və internetlə ümumən mədəniyyət arasında gedən amansız mübarizədə birincilər mədəniyyəti üstələməkdədir. Bu gün müxtəlif zövqlü insanlar asudə vaxtlarını maraqlı keçirmək üçün öz maraq dairələrinə uyğun tamaşalara, filmlərə və yaxud istənilən əyləncəli proqramlara internet vasitəsiylə baxmaq imkanına malikdirlər. Teatr salonlarımızdakı tamaşaçı qıtlığının əsas səbəblərindən biri də budur. Amma ən əsas səbəb bir salona toplaşmış müxtəlif zövqlü insanların hamısını eyni həvəs və maraqla, oynanılan tamaşaya baxmağa sövq etməkdir. Ona görə də çalışdıq ki, çoxlarının zövqünü oxşaya biləcək bir tamaşa hazırlayaq.
Müxtəlif xalqların etnik musiqilərindən, folklor rəqslərindən gen - bol istifadə etməklə tamaşaya bir az şou elementləri gətirdik. Bir gülüş süfrəsi açdıq... o süfrəyə hər şeydən bir az düzdük. Musiqi, rəqs, sevgi,həyacan, gülüş, düşünmək üçün mövzular...Qonaq çağırdığımız tamaşaçıların nədən xoşları gəlirsə dada bilirlər. Heç kim təklif etdiyimiz təamlardan dadmamış süfrəmizi tərk etmir.

Aktyorların səhnədə bir-birini tamamilə anlaması, xüsusiylə Nəsrəddin obrazını yaradan Elçin Hacıyevin özünəməxsus ifa tərzi bu tamaşanın uğurlu alınmasını şərtləndirən amillərdən biri oldu. Bu bir daha mənim Molla Nəsrəddin obrazını istedadlı aktyor Elçin Hacıyeva həvalə edilməsində yanılmadığım göstərmiş oldu.
Artıq bir neçə dəfə müxtəlif teatr səhnələrində bu tamaşanı oynamısınız. Böyük inamla deyə bilərik ki, güldürərək düşündürən Molla Nəsrəddin müasir teatr yozumunda səhnəmizə qayıtdı.

İnsanları sevgi və gülüşlə dolu mənalı həyat yaşamağa səsləyən, şən musiqilər və rəqslərlə, maraqlı və düşündürən hadisələrlə bol olan “Molla Nəsrəddin evlənir?..” tamaşası dekabr ayının 24-də Rəşid Behbudov adına Mahnı Teatrında yenidən tamaşaçıların görüşünə gələcək. Molla Nəsrəddin lətifələrini sevənlərin hamısını açacağımız gülüş süfrəsinə dəvət edirik!


Söhbətləşdi: Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 926 | Yüklənmə tarixi: 25.12.2015 16:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031