Güllələnmiş xəyallar | MANERA.AZ
![]()
"GÜLLƏLƏNMİŞ XƏYALLAR" və ya "GÜLLƏLƏNMİŞ NƏFS"
İnsan taleyin sərt tərəfiylə üzbəüz dayananda nələr edə biləcəyi heç kim bəlli deyil. Bəzən ehtiyac, bəzən arzulara çatmaq yanğısı, ürəyə hakimlik edən sevgi duyğusu, nəfs gözləri bağlayır, korlaşdırır. Və insan daxilindəki ən mənfi "mən"in üzə çıxmasına münbit şərait yaranır. Zahirən ən dürüst hesab olunan insan da bu cür "münbit" şəraitdə nəfsinə hakim olmayıb "pis" adama və yaltaq, naqis, yalançı, başqalarının düşdüyü çıxılmaz vəziyyətdən istifadə edən yaramaz birinə çevrilir. Böyüyüb başa çatdığı müxtəlif təbəqəli insanlardan ibarət Qahirə şəhərinin Cəmaliyyə məhləsi Nəcib Məhfuza həyatın bu cür nüanslarını görməyə yardımçı olmuşdu. O ərazi həm varlı, həm kasıb, həm böyük imarətlərdə dəbdəbə içində yaşayanlar, həm də dar bir otaqlı evdə böyük bir külfətlə yaşayanlarla və əlindən hər cür oğurluq gələn cinayətkarlarla dolu idi. Burada gördükləri ona öz təsirini açıq-aydın göstərmişdi. Sonralar bütün yaradıcılığı boyu onun ilham mənbəyi olmuşdu.
Bir çox əsərlərinin hadisələri bu məhlələrdə baş verənlərlə səsləşir. "Middak küçəsi", "Qahirə trilogiyası", "Fəvvarə və məzar", "Xara fişey epopeyası"və s. buna misal ola bilər. Uşaqlıq xatirələrində qalmış xarakterlər, obrazlar Nəcib Məhfuz yaradıcılığında öz əskini tapmışdır. Ümumiyyətlə açar obrazı bilmədən həmin əsərləri anlamaq çətindir. Həmin obrazları yazıçı dəqiq detallarla təsvir etməklə, ona aydınlıq verirdi. Xarakterlərin, mühitin, hadisələrin cərəyan etdiyi şəraitin bu cür təsviri onu başa düşməyə yardımçı olurdu. "Güllələnmiş xəyallar" hekayəsində qəlbində mərhəmət, sevgi olan bir insanın düşdüyü vəziyyətdə ürəyindəki rəhmi tapdalayıb necə amasız bir insana çevrilməsini görürük. Əslində Çahşa pis adam deyildi. Sadəcə sevgisinin əlşatmazlığı, səadətin onunçün uzaq bir xəyal olması güllələtdi onun xəyallarını.
Bazarda, vağzalda, küçələrdə kim nə bacarırdı satırdı, dolanmaq üçün alver edirdi. O, da çox xırda ticarətlə məşğul idi. Stansiyada qatarın pəncərələrindən sallanan əsirlərin ondan siqaret istəməsi hər şeyi dəyişdi. Tərəddütlər içində boğulsa da, son anda amansızlaşan Çahşanın satdığı siqareti əsirlərin geyiminə dəyişməsi, məncə mərhəmətin vicdansızlığa satılması idi. Lakin siqaretdən ötrü əyninin paltarını belə verməyə hazır olan əsirlər də, bir anın həzzi üçün canını, sağlamlığını girov qoymuşdu. Əslində hər iki tərəfin bu addımı atmaqda özünə uyğun həqiqətləri vardı. Lakin heç biri haqqlı deyildi. Çahşa əsgərlər tərəfindən güllələndi. Zahirən platformada qalan yunan əsiri kimi güllələnsə də, əslində, nəfsinin əsiri kimi güllələndi. Və həm də onun cismi yox, qurduğu xəyallar, yaşamaq istədiyi sevgi güllələndi. Heç kimin bədbəxtliyi üzərində xoşbəxt olmaq olmaz! Çahşa bunu bilmirdi. Gözüyumulu öz səadətinə - ölümünə doğru gülə-gülə addımladı...
Xanım AYDIN
MANERA.AZ