Qan Turalıya oxucudan 9 sual – Layihə | MANERA.AZ
“Oxucu sualı” layihəsinin ilk qonağı yazıçı Qan Turalıdır.
Qeyd edək ki, suallar yazıçının bu yaxınlarda çap olunmuş “Doqquz hekayə” adlı kitabı əsasında hazırlanmışdır.
Yazıçı kitabın giriş hissəsində yazır: "Kitab çap edəndə oğullarını cəbhəyə yola salan anaların hisslərinə bənzər bir hiss keçirirsən."
Bəli, hekayə yazmaq öz iç dünyanı başqalarına açmaqdır. Onun başına nələr gələcək… Onunla necə davranacaqlar… Bir az da qısqanclıq duyursan. Amma Qan Turalı demişkən, “yazılanlar çap olunmalıdır”. Axı o, kimlərəsə yarayır…
Manera.az olaraq “Doqquz hekayə” kitabı münasibəti ilə müəllifi təbrik edir, oxucuları tərəfindən hekayələrlə bağlı ona ünvanlanan sualları dərc edirik:
1. “O qız və oğlanın hekayəsi” mənim üçün lap göydəndüşmə oldu. Neçə vaxtdır dostlarımı inandıra bilmirəm ki, təsadüf hər şeyi dəyişsə də, o təsadüfün özü heç də “təsadüfən” baş vermir. Təsadüfə gətirən səbəblər bir ömür boyu hazırlanır. “O qız”ın həyatını tar-mar edən video çəkdirməsi olub. Amma buna qədər də o artıq məhv yolunu tutmuşdu – içirdi, əxlaqsızlıq edirdi. Və məlum sonluq baş verdi. Elədirmi?
2. “Şahmat məktəbinin direktoru” hekayəsi adi, təhkiyə üslubunda yazılmışdır. Sizin vərdiş etdiyiniz dəyişkən sujetli, qeyri-ənənəvi quruluşlu yazılarınızdan fərqli olaraq oxucu burada sanki gözlədiklərini tapa bilmir. Bəlkə bu bir janrdan digərinə keçid vaxtı yazının ruhunu tuta bilməməkdən irəli gəlir? Bəs sizdə necədir, hansı yazı üslubu daha rahatdır?
3. “Şaxta babanın qətli” hekayəsində maraqlı bir olay təsvir olunur. Yoldaşları tərəfindən qızışdırılan Elman nahaqdan qətl törədir. Günahkar kimdir, böhtançı dostlar, arvadını burda tək qoyub Moskvada alver edən, əyyaşlıq edən, pozğun həyat sürən Elman, yoxsa yenə də içki? Bəs Nailənin gününə düşməmək üçün oxucu hansı nəticəni çıxarmalıdır?
4. «Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi»ndə açılmır qorxunun səbəbi, kitab arasından tapılan yazıda gənclər eşqin mahiyyətini izah etməyə girişirlər. Belə məlum olur ki, onlar mücərrədlikdən uzaqlaşmalı, hamı kimi bir-birinə real sevgi bəsləməlidirlər, ya da bunu bacarmırlarsa Çexovun qəhrəmanlarından öyrənməlidirlər. Bu belədirsə, sual yaranır: insan fitrətində təbii sevgi hisslərini Çexovdanmı öyrənməli?
5. “Darıxanlar” hekayəsində müasir gəncliyimizin daha bir xarekteri əks olunmuşdur. Darıxmaq-özü də oxucu inanır ki, onlar da elə darıxmalıdırlar.Cüzi maaş naminə mənəviyyatlarını qurban verən gənclərin heç bir arzuları yoxdur. Amma doğrudanmı, heç bir çıxş yolu yoxdur və onların qəlbində, heç bir ümid, qığılcım, qalmamışdır? Bəlkə də siz bu yolu oxucuya göstərməyi müəllif borcu hesab etmisiniz və Marksın adını çəkməklə işarə vurusunuz ki, əvvəlcədən kapitilizmə hazır olmaq lazım idi?
6. «Kafka» hekayəsində də həyatın dibində çabalayan, əyyaşlıq edən iki oğlandan bəhs olunur. Oxuyub qurtaranda məlum olur ki, Kafka adı söz gəlişi işlənibmiş, bu avaralara dahi yazıçının heç bir dəxli yoxdur. Amma oxucuda bir şübhəli ehtimal da oyadır ki, burada dahiliklə dəlilik, sərxoşluq haqqında təzad yaradılmışdır.
7. “Füzulinin qayıdışı” əsərini alternativ komediya adlandırsanız da, oradakı, Füzuli obrazı tanıdığımız filosof-şairdir çox istərdim ki, onun şərab içməsi, siqaret çəkməsi kimi səhnələri olmayaydı. O boyda nəhəng alimin adi bir polisə sevginin varlığını sübut edə bilməməsi də adamı çaşdırır…
8. "Çılğınlar” hekayəsində gənclik illəri boyunca tez-tez görüşən və qəribə hərəkətləri, çılğınları ilə ətrafdakıları təəccübləndirməyi sevən iki nəfərdən danışılır. Sonda onlar, yaşlı vaxtı, dənizdə üz-üzə durub öpüşürlər və siz qeyd edirsiniz ki, bu onların heç kəsə bəlli olmayan ilk çılğınlığı idi. Belə çıxırmı ki, onlar artıq evlənməyə qərar verirlər?
9. “Prokurorun üç günü” povestini çox uğurlu əsər hesab edirəm. Məncə ona detektiv povest də deyilə bilər. Düzdür, cinayəti araşdıran orqan işçiləri naməlum qatillər və gizli təşkilat qarşısında məğlub olaraq heç nə eləyə bilmirlər, amma prokuror obrazı çox dolğundur. Heyf ki, əsl düşmən təsvir olunmur və heç kəs də ifşa olunmur. Belə çıxır ki, Firudin bəy Köçərlilər hələ çox məhv olunacaqdır. Siz özünüz necə, elmin, ədəbiyyatın inkişafına belə mütəşəkkil əngəl törədəcək təşkilatların varlığına inanırsınızmı?
Layihə rəhbəri: Şəhla Aslan
Manera.az