manera.az
manera.az

Qara çörək, bəyaz pendir, qırmızı çaxır - Adil Mirseyidin şeirləri

📅 21.12.2018 18:56

Qara çörək, bəyaz pendir, qırmızı çaxır - Adil Mirseyidin şeirləri
Müasir Azərbaycan poeziyasının və rəssamlıq sənətinin istedadlı, tanınmış nümayəndəsi mərhum Adil Mirseyidin doğum günüdür.MANERA.AZ bu münasibətlə şairin şeirlərini oxuculara təqdim edir:

***
Bir dəli şeytan deyir
Sən də at şeirin daşını
Çıx get qara Afrikaya
Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap
Bir də köndələn daxma
Heç kimə məktub yazma
Güzgülərə də baxma

Nə din, nə dil, nə də Vətən
Hamısı çıxsın yadından
Amma bir gün uçan yerdə
Vursunlar qanadından

Qar eskizi

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

...Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

Dua

səndən ölüm diləmişdim
allah mənə ölüm göndər demişdim
allah bağışla bəndəni
bu gecə öldürmə məni
bilirəm qul olduğumu
bilirəm şair olduğumu
qulamsa şairliyimi al məndən
şairəmsə gəl məni qul eləmə
bir kimsə görmədən başım üstündə uçur
sən göndərən bəyaz kölgə
anlat mənə allahım anlat mənə kim olduğumu
bir anadan doğulmuşuq biz bəlkə
o dünyadan gəlmişdim
bu dünyaya alışdım
amma nə qul nə də şair
taleyimlə barışdım
allahım niyə mənə qanad vermişdin
bilirdin ki qıracaqlar qanadlarımı
uçub gələ bilməyəcəm dərgahına
yapayalnız qalacam fani dünyada


***
Bəzən vağzallarda qatar gecikir
hardasa dağlarda bahar gecikir
gecikmiş məhəbbət romanları var
aynada xatirə dumanları var

mən şeir yazıram gecə yarısı
sancır ürəyimi bir bal arısı
ağlama gözünün yaşlarını sil
gecəyə qar yağır umrumda deyil

hanı rahatlığım dincliyim hanı
o qafası sərxoş gəncliyim hanı
mən sənin ömründən çıxıb gedərəm
alnıma bir güllə sıxıb gedərəm

pəncərə önündən bir kölgə keçir
mənim gümanımdan bir bəlkə keçir
çox uzun bir gecə dekabr ayı
sanki gülümsəyir oyuncaq ayı

gəl otur yanımda səssiz sədasız
ayrılaq bu gecə qansız qadasız
son dəfə bir şeir oxuyum sənə
hər şeyi təzədən başlayaq yenə.

gözləri nəmli nəğmə

gecənin bir vaxtında telefonun zəngi çalar
gecənin bir vaxtında yuxudan oyanarsan
və bir gözün gördüyün şirin röyada qalar
röyadakı hilalın nuruna boyanarsan

ağlına nə gələcək o anda bilməm ki mən
bəlkə bir əski dua bəlkə bir qəmli nəğmə
abdal könül havalı dünya şairə düşmən
pəncərədən baxan ay gözləri nəmli nəğmə

göyüzündə bəyaz ay xəfif duman içində
bəlkə çin rahibitək dağlara çəkilim mən
bəlkə bir ağac əkim bir dörd yol ayrıcında
bəlkə bu məmləkəti terk edib gedim həmən

allahım bəllidi bu dünyada hər halım
uzaqlardan səsləyir məni qarlı himalay
boş ver məni qardaşım dağınıqdı xəyalım
bilmirəm nədən belə hüznlüdü göydə ay

qızım Ayan üçün nar çiçəkləri

mayın ortasında nar çiçəkləyir
içimdə dekabr qar çiçəkləyir
gözlərimdə hüzn üzümdə kölgə
belə bir axşamda öləcəm bəlkə

ağrıdan qıvrılır ürəkdə umud
bir nar çiçəyi ver bir əlçim bulud
yaramı sarıdım bir şeir yazdım
gördüyüm yuxunu xeyirə yozdum

al məni qoynuna dəniz küləyi
bir nar çiçəyidi şair ürəyi
mən başı bəlalı türk şairiyəm
hələ həyatdayam hələ diriyəm

mən hələ nəğməmi bitirməmişəm
hələ cənnətimi itirməmişəm
göy qübbəsində bir mələk uçur
qürbət mövsümündə nar çiçək açır

eşq günahı

sənin gözlərində eşq günahı var
bilirəm ayrılıq izləyir bizi
haralardan əsdi bu qara rüzgar
sanki bir fəlakət gözləyir bizi

bir yol ayrıcında üz üzə durduq
qarşıda uçurum arxada boşluq
biz gül yarpağında bir yuva qurduq
sevda dediyimiz gözəl sərxoşluq

nə durmusan bir hava çal çal aşıq
ürəyimiz parçalanır axşamlar
olum ölüm arasında qalmışıq
səsimizə hay vermədi adamlar

bu nə dərddi umud yoxdu sabaha
yandırdılar mənim isti yuvamı
dur bir ruhani çal ölürəm daha
qiyamətə saxlamışam davamı

alnımda tanrının bir qəmli şeiri

nə günahın sahibiydim belə uzun yaşadım
otuz yaş da qocalıqdı mənimçün
gicgahımda bir ağrı var
qəfil sancır gicgahımda bir damar
güllə yeridi bəlkə

bir nar çiçəyi açıb
könlümün budağında
güllə yeridi bəlkə

gözlərimdə bir qürbət qaranlığı
aydınlanan yerdəcə
içimə qorxu salan nədir birdən birə
mən səhrada tənha atlı

alnımda tanrının bir qəmli şeiri
alnımda bir öpüş yeri
güllə yeridi bəlkə

gecə yağışı

bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm

necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi allah
mən ona sirr verib sirr saxlayardım

nə tüfəng asılıb divardan nə saz
bəlkə öz ömrümü uydurmuşam mən
bəlkə yüz il əvvəl oynamalıydım
bəlkə bu yuxudan gec durmuşam mən

nə bir at kişnəyir nə köpək hürür
divar saatı da susub qorxuda
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan

göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm
bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm

ay sonatası

ay gedir mor dağlar ulduzlar qalır
ay gedir fanilər yalqızlar qalır
ay gedir çin olur yarımçıq yuxum
ay gedir oynayır bədəndə ruhum
ay gedir hürküb diksinir atım
ay gedir qırılır qolum qanadım
ay gedir sönərmi sönməzmi bilməm
ay gedir dönərmi dönməzmi bilməm

ay gedir bir söz çıxmır dilimdən
ay gedir ürəyim düşür əlimdən


***
quşları yemləyirdim
daş oldu ovcumda dən
mən bir kor şairinəm
ilahi tut əlimdən

dua oxuyacaqdım
söz çıxmadı dilimdən
mən bir lal şairinəm
ilahi tut əlimdən

qərib könlüm neyləsin
ayrı düşüb elindən
qürbətdə boğuluram
ilahi tut əlimdən

gecə qatar uzaq yol

şəhərin son evləri
uzaqda qalıb indi
qatarın fit səsindən
yaz gecəsi diksindi

boylanıb aya baxdım
qatar pəncərəsindən
amma işıq gəlmirdi
göydən ay hücrəsindən

hardasa çay axırdı
hardasa it hürürdü
gözlərim oyaq idi
ruhum yuxu görürdü

könül boşla oyunu
get ölümə hazır ol
mən fatalist adamam
gecə qatar uzaq yol


***
sənsizliyin içində yağmur damlaları rəqs edər
yağmur damlaları səni salır yadıma
sənsizliyin musiqisi hopur xatirələrə
mən məhv oldum daha məhv oldum ana
daha heç kəs çata bilməz mənim dadıma
yağmur damlaları bir birinə qarışır
gizli bir kədər öyür ürəyimi
içimdə bir şair var ağrı acı içində
durnası azıb göydə qara bulud köçündə
qara sevda yollarında bir diləyim var
tərk etməsin onu böyük umudlar


***
gecələr ay işığında sevdalı ay işığında
sanki gülümsəyir dənizin üzü
gecələr dəniz və ay zamansız
bir dünyaya çəki aparır bizi
kim bilir bəlkə biz şairlər
cənnət cocuqlarıyıq belə deyirlər
uzun illərin yorğunluğunu çırpdım üstümdən
infantil bir adil var mənim içimdə bu gün
dünya fırlanan bir karuseldi onun üçün
ayın dənizdə çimdiyi yerdə
suyun üstündə mələklərin
izini apaydınca görür o
içimdən hopbanıb birdən dənizə sarı yürür
dənizə ay işığına qarışıb qeyb olur bir an
mən zamana qarşı gedirəm
mənə qarşı gedir zaman.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 4 048 | Yüklənmə tarixi: 21.12.2018 18:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031