Putinin mükafatını rədd edən gürcüstanlı dahi - Maraqlı faktlar
15 yanvar tarixində Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze vəfat edib.
MANERA.AZ mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.
Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub.
***
1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.
***
Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.
***
2008-ci ilin avqust ayında Rusiya Gürcüstanı təyyarə və tanklarla bombalayanda Rusiya prezidenti Vladimir Putin görkəmli gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidzeni "Xalqlar dostluğu" ordeni ilə mükafatlandırır. Aktyor həmin ordendən imtina edir. Ordendən imtina etdiyi üçün V.Putinin köməkçisi nə az, nə çox düz 11 dəfə Vaxtanq Kikabidzeyə zəng edir və onu ordeni almaq üçün Moskvaya dəvət edir.
Vaxtanq Kikabidze nə qədər mədəni şəkildə "yox" - desə də, axırda məcbur olub V.Putinin köməkçisinə sərt cavab verir:
- Mənim Vətənimi bombalayan, tankları ilə tapdaq edən bir imperiyanın ordenini də, özünü də rədd edirəm!
Sonralar Vaxtanq Kikabidze, ümumiyyətlə, Rusiyaya getməkdən imtina etmiş, ömrünün sonunadək Rusiyaya səfər etməmişdir.
***
Kikabizde 20 il daha cavan olsaydı “əlinə silah alıb qardaş ölkəni qorumağa” gedəcəyini bildirmişdi. (Ukraynanı nəzərdu tutub)
***
Bir gün Vaxtanq Kikabidze təyyarə ilə Rusiyadan Tiflisə uçur. Hava şəraiti münasib olmadığı üçün Tiflis aeroportu qəbul etmir və təyyarə məcburən geriyə qayıtmalı olur. Vaxtanq stüardessadan xahiş edir ekipaja çatdırsın ki, geri qayıtmaqdansa Bakıya enmək daha yaxın olardı. Stüardessa bildirir ki, Bakı aeroportu da hava şəraitinə görə enməyə icazə vermir. Onda Vaxtanq təkid edir: ekipaj Bakı dispetçerlərinə xəbər versin ki, Mimino Bakının üzərindən uçur. Ekipaj buna inanmasa da Vaxtanqın xahişini yerinə yetirir. Və Bakı aeroportundan dərhal cavab gəlir - enə bilərsiz. 10 dəqiqədən sonra təyyarənin bütün sərnişinləri Bakı aeroportunda kofe içirdi. Tarixdə ilk dəfə, bütün aviasiya qaydalarına zidd olaraq bir insanın xatirinə təyyarə bu cür enmişdi.
***
Gecə saat 2-də Vaxtanq Kikabidze Tiflisdə onunla eyni hoteldə qalan Frunzik Mkrtçyanın otağına zəng edir. Mkrtçyan yuxulu-yuxulu dəstəyi qaldırır.
- Frunzik, - Kikabidze deyir, - təcili düş mənim nömrəmə, vacib xəbər var.
- Nə xəbəri? - Frunzik xırıltılı səslə və təəccüblə soruşur. - Gecənin bu vaxtı nə barədə?
- Şəhərdə yeni metro xətti üçün yeraltı qazıntı zamanı erməni soyadlı şəxsə məxsus tarixi bir sənəd tapılıb...
"Xəbər"in ardına qulaq asmadan telefonun dəstəyini atıb güllə kimi Vaxtanqın otağına uçan Frunzik içəri girən kimi həyəcanla:
- Hanı o sənəd? Nə sənədidir? Sənəd necə adlanır? Ona biz də baxa bilərikmi? - deyə sualları dolu kimi yağdırır.
- Əzizim, - deyə, Vaxtanq Kikabidze təbəssümlə, sakitcə cavab verir, - sən telefonun dəstəyini bir az tez atdın, imkan vermədin deyəm ki, sahibinin soyadı erməni soyadı olan həmin tarixi sənədin üzərində "Komsomol bileti" sözləri yazılıb...
***
Vaxtanq Kikabidze azərbaycanlılar və Bakı haqqında müsahibələrinin birində belə demişdi:
"Azərbaycanlılar çox qonaqpərvərdirlər. Mən həmişə demişəm, Tibilisidə yaşamasaydım, Bakıda yaşayardım. Çünki mən hər zaman Bakıda evimdəki kimi hiss edirəm özümü".
***
Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olan Vaxtanq Kikabidze Azərbaycanda da dəfələrlə konsert proqramlarında, yaradıcılıq gecələrində çıxış edib. 2010-cu ildə Heydər Əliyev Sarayında müğənninin böyük konserti keçirilib. Sənətkar 2014-cü ildə iki dəfə Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib. Onun Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzları ilə birlikdə oynadığı “Vera məhəlləsinin musiqiləri” müzikli, eləcə də solo konserti böyük rəğbətlə qarşılanıb.
***
Vaxtanq Kikabidze Azərbaycan tamaşaçıları qarşısında sonuncu dəfə 2022-ci il avqustunda “Yaşıl Teatr”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli müğənni Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində çıxış etmişdi.
Oğuz Ayvaz
ednews.net