Əyalət şairinin bir günü - Vüsal Oğuz yazır..
(hekayə)
Yuxudan ayılanda divardakı saatda kiçik əqrəb 9 rəqəminin üstündə idi. Yatıb qalmışdı. Ayılsa da bir müddət yatağından durmaq istəmədi, gözlərini geniş açmağa çalışsa da, bacarmadı. Başı partlayırdı az qala. “Axşamkı məclisin zibilləridir” deyə düşündü. Evdə sakitlik idi. Həmişəki kimi o yuxudan duranda yoldaşı qızını məktəbə qoyub oğlu ilə iş yerinə - uşaq bağçasına getmiş olurdu. Axşamlar da gecədən xeyli keçmiş gəldiyindən əksərən uşaqlar yatmış olurdu. Gündüzlər də orda-burda, kafedə-çayxanada olduğundan bəzən günlərlə uşaqlar üzünü görmürdü onun. Xanımı uşaqlarla yatdığından o səssizcə öz yataq otağına keçərdi. Onun gəlişindən çox vaxt ancaq anasının xəbəri olardı...
Mətbəxə keçdi. Əli ilə çaydanı yoxladı, soyumuşdu. Ürəyi çay istəsə də, ərindi. Krantı açaraq soyuq sudan doyunca içdi. Ürəyinin yanğısı sönmək bilmirdi. Axşam içilən arağın təsirindən ürəyi az qalırdı ağzına gələ. Həyətə düşüb bir siqaret odladı. Təmiz havanı siqaret tüstüsü qarışıq ciyərlərinə çəkdi. Bir az özünə gəldi.
Əslində, demək olar ki, hər gün belə keçirdi. İki ilə yaxındı o da işsiz idi çoxları kimi. Amma çoxlarından fərqli olaraq o ali təhsilli işsiz idi. Üstəgəl də adı az qala bütün ölkəni dolanan şair idi. Bəli, işsiz şair. Şeirlərinə çoxlu mahnı bəslənsə də, toylarda tamadalar bəh-bəhlə onun şeirlərin məclisdəkilərin canına döşəyib pul qazansa da ona bu məmləkətdə iş tapılmırdı. Yaşadığı rayon və doğulduğu kənddə onu tanıyanların çoxu onu adı ilə deyil, “şair” deyə çağırardı. Heç kimlə işi olmazdı, toyda-yasda hamıdan hörmət görmüşdü özünə qarşı. Amma işsizlik bütün həyatını qaratmışdı. Əslində işi vardı. Amma iki il əvvəl işlədiyi mədəniyyət idarəsinə ixtisar gələndə özü könüllü olaraq yerini ixtisara düşmək təhlükəsi olan dul qadına verərək ərizəsini yazdı. Çoxları, elə həyat yoldaşı da onun bu hərəkətini düzgün hesab etməsələr də o, içindən gələni etmişdi.
O gündən də sanki qara zolağa düşmüşdü. Hara üz tutmuşdusa açıq görünən bütün qapılar üzünə bağlanmışdı. Dəfələrlə dostları, tanışları müxtəlif işlər vəd etsələr də sonda bir qəmbərqulu çıxmışdı ortaya. Axırda əlacsız qalıb üz tutmuşdu Bakıya. Qapısını döymədiyi redaksiya, girmədiyi ofis, ağız açmadığı tələbə yoldaşı qalmamışdı. Sanki bu şəhərdə ona münasib bütün işlər ya işçi ilə təmin olunmuşdu, ya da ona uyğun iş, ümumiyyətlə, hələ yaranmamışdı. Aylarla gah o dostun, gah bu qohumun evində qalaraq iş axtardı. Sonda hər şeyə tüpürərək yenə qayıtmışdı kəndinə. Rayona qayıtdıqdan sonra həyatı lap cəhənnəm əzabına çevrilmişdi. Hər gün söz-söhbət yaranırdı evdə. Hər gün həyat yoldaşının kinayəli baxışları, soyuq davranışları ilə qarşılaşırdı.
Əslində, onu qınamırdı da. Yazıq bu evə gələndən ancaq problem görmüşdü.
Əvvəllər az-çox dözürdü bu söz-söhbətə. İşdən çıxandan sonra tamam pozulmuşdu əsəbləri. Elə bil hiss edirdi vəziyyətin düzəlməyəcəyini. Hərdən ona təsəlli vermək, hər şeyin düzələcəyini demək istəyirdi. Amma hiss edirdi heç özü də inanmır bu yalana. Sözləri çəpləşəndə xanımı uşaqları götürüb gedirdi yaxınlıqdakı bacısıgilə. Ən pisi də o idi ki, bacısının firavan həyatını görüb geri ikiqat əsəb ilə qayıdırdı. Belə anlarda çalışırdı onun gözünə görünməsin. Bilirdi partlamağı an məsələsidir.
Bacanağı polisdə işləyirdi. Bütün rayonda məşhur idi alçaqlığı, şərəfsiliyi ilə. Amma qaynanası demiş “bəy” kimi dolanırdı. Qaynanası hər dəfə bacanağını onun yanında təriflləyəndə az qalırdı gözünü yumub, ağzını açsın və “bəyin” bildiyi şərəfsizliyini töksün ortaya. Amma etmirdi. Bilirdi ki, sonda bacanağı haqlı çıxacaq. Bacanağı məhəllədə, kənddə tay-tuşların arasında hörməti olmayan biri idi. Doqquzuncu sinifdən qovalamışdılar məktəbdən. Sonradan necə oldusa düzəlmişdi sistemə. İndi evi maşını, obyekti. Pula pul demirdi. Hər cür əyri yola getməyi vardı. Di gəl bunu yoldaşının yanında demək olardımı. O dəqiqə elə biləcəkdi ya paxıllıqdan deyir, ya da qəsdən şər atır bacanağının üstünə. Söhbət bununla bitsəydi nə vardı. Söhbət uzandıqca xanımı bacısı gilin yaşayışından elə sitatlar gətirirdi, elə faktlar ortaya qoyurdu ki, stoldan məğlub durmaqdan başqa əlacı qalmırdı.
Əlini cibinə atdı, siqaretin sonuncusunu da yandırdı. Əynini dəyişərək küçəyə çıxdı. Əslində hara gedəcəyini, kiminlə görüşəcəyini bilmirdi. Onun üçün fərqi yox idi. İndi – bu saat kiminlə desən söhbət eləməyə hazır idi. Təki o adamın siqareti olsun... Özünü dükan qabağına çatdırmağa tələsirdi.
***
Küçənin başına çatmamış yanında dayanan maşının səsindən fikirdən ayıldı. Bacanağı idi, açıq aynadan əli ilə “otur maşına” işarəsini verirdi. Minməyə bilmədi. Bu maşını təzə aldığını eşitmişdi.
Ağızucu “mübarəkdi, xeyirli sür” dedi. Bacanağının xüsusi əda ilə “sənə də qismət” deməsi ona istehza kimi gəldi. Hər ikisi yaxşı bilirdi ki, bu maşının təkərini belə almağa onun imkanı yoxdur, bəlkə də, heç zaman da olmayacaqdı. Dişi bağırsağını kəsirdi. Özünü güclə tuturdu. Tərs kimi mərkəzi yola da çatmamışdı ki, bir bəhanə ilə düşsün maşından. Küçə də sanki uzandıqca uzanırdı.
Qapını açıb düşəndə bacanağının əlinin pencəyinin cibinə uzandığını hiss etdi. Cəld əlini salıb çıxartdı. Sarı əllilik idi. Bacanağının irişə-irişə “olanda qaytararsan” deməsi ona “bilirəm cibində qəpiyin də yoxdur” kimi gəldi. Bu saat bu pula çox ehtiyacı vardı. Həm də necə. Kəskin bir hərəkətlə pulu oturacağın üstünə ataraq qapını çırpdı. Çevrilib baxmasa da, bacanağının bərəlmiş baxışlarını kürəyində hiss etdi.
***
Bu gün nə iş olsa gedəcəkdi. Dünəndən dükan qabağındakı tay-tuşlarına da demişdi. Tanış ustalara da fəhləlik üçün xəbər etmişdi. Amma yaxşı bilirdi ki, ustalar pul özgəyə olmasın deyə ya öz uşaqlarını işlədirdilər yanlarında, ya da qohum əqrəbadan olan birini. Ümidini üzməmişdi. İçində bu gün nəsə olacağına inamı vardı. Özünü çinarın dibindəki çayxanaya yetirdi. Çayçı sinif yoldaşı idi. Onun vəziyyətindən ən yaxşı anlayan elə o idi. Heç vaxt ondan çayın pulunu almazdı. Bir gün onun çayxanasına getməyən kimi vəziyyəti bilirdi. Zəng edib çağırardı yanına. Görüşüb oturdu. Dalbadal iki stəkan çay, siqaretdən sonra özünə gəldi. Baş ağrısı da çəkildi. Kefi yerinə gəlməyə başladı. Dostunun telefonuna gələn zəng başladıqları söhbəti yarımçıq qoydu. Dostu telefondakı adamla söhbətini bitirib üzünü ona tutaraq “ şair, iş var bir günlük, gedə bilərsən?” deyə soruşdu.
Elə dedi ki, guya iş üçün seçim şansı da vardı. Özündən asılı olmayaraq “gedərəm” dedi. Heç soruşmadı da nə işdir. Bu gün oğlunun arzusunu yerinə yetirmək üçün hər işə gedərdi. Günlərdir uşağa verdiyi sözü tuta bilmirdi. Oğlu ondan hərbi forma istəmişdi. Televizorda görüb beyninə düşmüşdü uşağının. Qızına da kukla söz vermişdi. Forma yaxındakı dükanda vardı. Sanki oğlunun əyni üçün tikilmişdi. İki dəfə girib xəlbətçə baxıb çıxmışdı. Nisyə istəməyə utanmışdı. Satıcı yox da deyə bilərdi...
Dostunun “Bakılı bir ailədir, bizim kənddə villa tikdirib. Axşam gəliblər. Amma həyət bacanı kol basıb. Təmizləmək, qaydaya salmaq lazımdır. Başqa nə iş çıxacaq bilmirəm, imkanlı adamdır. İndilərə maşınla gələcək bura” deməsi içinə qəribə bir rahatlıq doldurdu.
Başları yenidən söhbətə necə qatışmışdısa yanlarını kəsdirən adamı gec gördülər. Orta yaşlı, ağbəniz, saçları qismən ağarmış, orta boylu bir nəfər özünü təqdim etmədən çayçının adını soruşdu. Dostunun “mənəm deməsi “ ilə gələn adam salamsız –kəlamsız “mənə telefonda dediyiniz fəhlə hardadır? – deyə soruşdu. Dostunun əli ilə onu görsətməsi ona qəribə gəldi. Sanki illərdir bu gün –fəhlə işləmək üçün universitet oxumuşdu. İçində “ axırı ki, ali təhsilli fəhlə də olduq” deyə düşündü. Gələn adamın quru, soyuq davranışı da bir yandan kefinə soğan doğradı. Ağzını doldurmuşdu ki, etiraz etsin yadına oğluna verdiyi söz düşdü. Əlacsız qalıb əlindəki çayını yarımçıq qoyaraq maşına tərəf gedən bu şəhərli adamın arxası ilə getdi.
Dostunun uzatdığı yarımçıq siqaret qutusunu cibinə qoyanda etiraz etmək istədi, edə bilmədi. Maşının arxa oturacağında oturanda özünü pərt olmuş kimi hiss edirdi.
Maşın hündür hasarlı, böyük darvazalı bir həyətin qarşısında dayandı. Kəndin bu hissəsi dağa yaxın idi. Adətən kənardan gəlib ev, torpaq alanlar bu ətrafdan alırdılar. Havası təmiz, mənzərəsi gözəl. İmkansız adamların bir çoxu burdakı torpaqlarını, evlərini yaxşı qiymətə sataraq kəndin “yeni məhəllə” deyən hissəsindən daha ucuz qiymətə torpaq alaraq ora köçürdülər. Bu ətrafdakı evlərin çoxu belə hündür hasarlı, bahalı darvazalı həyətlər idi. Həyətə girəndə 3 mərtəbəli evi görəndə ev sahibinin imkanlı biri olduğuna ürəyində sevindi. Öz-özünə “ deyildiyi kimi də var” düşündü. Evin möhtəşəmliyinə söz ola bilməzdi. Böyük hovuz, səliqəli əkilən ağac və gül kolları, daş döşənmiş cığırlar ev sahibinin təkcə imkanından deyil, həm də səliqəsindən və zövqündən xəbər verirdi.
Maşını qaraja yerləşdirdikdən sonra ev sahibi ona görəcəyi işləri başa saldı. Qarajın içindəki böyük dəmir seyfi açaraq bütün alətlərin yerini görsətdi. İşləmək üçün geyim və əlcək də verdi. Özü isə evə tərəf addımladı. Az keçməmiş üçüncü mərtəbənin balkonunda telefonla danışanda göründü.
Dayanmadan işlədi. Çoxdandı işləmədiyi üçün tez yoruldu. Bütün bədəni tərin içində idi. Axşama kimi işini bitirmək istəyirdi. Pulunu alan kimi dükana gedəcəkdi. Bu axşam oğluna sevindirmək istəyirdi. Xozeyin insaflı çıxsaydı puldan qızına da kukla ala bilərdi. İş sabaha qalsaydı xozeyin pulu sabah verə bilərdi. Böyük həyətdə qəribə bir sükut var idi. Sanki burda heç kim yaşamırdı. Başı işinə necə qarışmışdısa xozeyinin onu eyvandan səsləməsini gec eşitdi. Nahara çağırırdı. Yalnız indi acdığını hiss etdi. Evin birinci mərtəbəsindəki sərin, səliqəli mətbəxində onun üçün yemək qoymuşdular. Deməli xozeyin evdə tək deyildi. Xozeyinin əli ilə divardakı içkiləri göstərərək “ içənsən” sualına başını tərpədərək “yox” dedi. Yox deməsi özünə də qəribə gəldi.
Nahardan sonra da eyni həvəslə işlədi. İş isə bitmək bilmirdi. Çoxdandı əl dəyməyən kollar quruyub sümüyə dönmüşdü. Heç nəyə - kolların cızıq-cızıq etdiyin qollarına, mişarın döyənək etdiyi əllərinə fikir vermədən işləyirdi. Axşamın tez düşəcəyindən, günəşin batacağından qorxurmuş kimi dayanmadan, tələsərək işlədi. Bu gün işi bitirə bilməyəcəyindən narahat idi. Ona görə də xozeyin onu çaya dəvət edəndə də istəmədiyini desə də ikinci təkiddən sonra susadığını hiss etdi. Əl üzünü yuyub mətbəxə doğru yönəldi.
Qeyri ixtiyarı eyvana tərəf baxanda bir anlıq donub qaldı. Gözlərinə inanmadı – ola bilməzdi. Bəli, o idi – illərdir yazdığı sevgi şeirlərinin tək ünvanı, səbəbkarı. Onun baxdığını görüb eyvandan çəkilməyindən hiss etdi onun da tanıdığını. Çayı necə içdiyini hiss etmədi. Xozeyinin suallarına cavab versə də fikri eyvanda qalmışdı. Hiss edirdi ki, artıq fikirlərini toplaya bilmir. Əli heç nə tutmurdu. Çevrilib baxmağa da çəkinirdi. Xozeyinin nəsə hiss edəcəyindən çəkinirdi. Ağlına da gəlməzdi ki illər sonra onu görə biləcək. Həm də doğma kəndində. Amma bu şəkildə istəməzdi. Gözucu eyvana tərəf baxdı.
Orda idi, ona baxırdı. Yox bu təsadüf ola bilməzdi. Bu taleyin ona oynadığı növbəti oyun idi. Görəsən gözəgörünməz onu hansı günahlarına görə bu cür cəzalandırırdı? İçində illərdi yaşayan sevgisi bir andaca sanki körükləndi... Kürəyində onun eyvandan zillənən baxışlarını hiss edirdi. Dözə bilmirdi. Yox, belə işləyə bilməzdi. İndicə özünü saxlaya bilməyəcək, adını bağıracaqdı. Dişini dişinə sıxmışdı. Dəlilik edəcəyindən qorxurdu. Əynini dəyişərək getməyə tələsdi. Xozeyinin təəccüb dolu baxışını gördükdə “bu gün başım ağrıyır, qalanını da səhər gəlib həll edəcəm” dedi. Xozeyinin narazı qaldığı baxışlarından hiss olunsa da “yaxşı, onda səhər gəl, yerdə qalanını da həll et, pulunu al” dedi. Dili dolaşa-dolaşa “olar” deyib az qala yüyürərək özünü darvazanın ala qapısından küçəyə atdı.
***
Küçənin başına kimi az qala qaçaraq gəldi. Sanki o evdən bacardığı qədər tez uzaqlaşmaq istəyirdi. Hava qaralmaq üzrə idi. Hara gedəcəyini bilmirdi. Bu gün də oğluna “dükan bağlı idi” yalanını deməmək üçün evə gec getmək qərarına gəldi.
Oğlunun istəyini sabah da yerinə yetirə bilməyəcəkdi. Çünki səhər yenidən o evə getməyəcəkdi...