Əli Nəcəfxanlının 65 illik yubileyi keçirilib - Fotolar
Sumqayıtda Əməkdar jurnalist, şair-publisist Əli Nəcəfxanlının 65 illik yubileyi keçirilib.
MANERA.AZ xəbər verir ki, tədbir noyabrın 26-da 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutub.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva qonaqları salamladıqdan sonra sözü AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinə verib. Gülnarə Cəmaləddin Əli Nəcəfxanlı yaradıcılığının məziyyətlərindən danışıb.
Şairin qələm dostları, tanınmış şair və yazıçılar - Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Aslan Bayramov, Zirəddin Qafarlı, Məryəm Aslanqızı, Natiq Qubadoğlu, Xəqani Abbasəli Öztürk, Nazir Rüstəm, Rəfiqə Şəms, Fazil Abbasquluzadə, Şahin Şəfiyev, Nəriman Nərimanlı, İlhamə Məhəmmədqızı, Hafiz Eynullayev, Əyyar Cəfərov, Rəfail Laçınlı, Gülnar Ümid, Əbülfəz Əhməd, Lilpar Cəmşidqızı, Mənsurə Xələfbəyli çıxış edərək Əli Nəcəfxanlının yaradıcılığından söz açıblar.
Bədii qiraət dərnəyinin üzvlərinin ifasında Əli Nəcəfxanlının şeirləri səsləndirilib.
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Elay Xasıyev və Sumqayıt Musiqi Kollecinin tələbəsi Vüsalə Məmmədlinin ifa etdikləri mahnılar məclisə başqa bir ovqat bəxş edib.
Sonra söz Əli Nəcəfxanlıya verilib. O, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, yeni şeirlərini oxuyub.
Qeyd edək ki, tədbir AYB-nin Sumqayıt bölməsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.