"Kaş onun diplomu məndə olaydı..." - Baş Redaktordan
Heç bir ay olmaz ki, köhnə işimlə vidalaşıb Elmlər Akademiyasında işə girmişəm.
Akademiyanın adı nə qədər təmtəraqlı səslənsə də, işim, maaşım və məşğuliyyətim bir o qədər cılızdır. İş deyəndə ki, səhərlər orada bir otağa yığışırıq, bir-iki formal qeydlər aparıb başlayırıq söhbətə. Günorta da aşağı düşüb ucuzvari bir şey, məsələn, bulkadan-zaddan alıb çayla içirik. Qoca alimlərin bir tapşırığı olmayanda elə günortadan sonra da günümüz beləcə mənasız keçir. Bəzən, sahəyə ekspedisiya, ya da çöl məşğələsinə gedən adlı-sanlı alimlər bizim 3-4-ümüzə əmr yazdırıb özləri ilə aparırlar. Ayın sonunda da 180 manat maaşımızı alıb həyatdakı ədalətsizliyi bir az müzakirə edir və evlərimizə dağılışırıq, vəssalam. Günlər yeknəsəq keçir. Aydındır ki, belə ovqatla heç fərli-başlı söhbət də eləyə bilmirik. Hərə öz dərdini açıb-tökür.
Otaqda olan beş nəfərin içində orta yaşlı bir ziyalı da vardır. O, hey kitab oxuyur, yuxarıdan bir tapşırıq alanda həvəslə işləyir. Söhbətlərimizə ya qoşulmur, ya da arada elə qəribə şeylər danışır ki, fikirlərimiz lap çaş-baş olur.
Adı Mürşüddü. Əvvəllər hardasa, yaxşı vəzifələrdə işləyib. Öz həyatından danışmağı sevmədiyindən, biz onun haqqında çox az bilirik. Mürşüd dayının sözləri o qədər kəskin, tutarlı olur ki, üstündən xeyli keçəndən sonra nə dediyi aydın olur. Əvvəllər yoldaşlarımızdan ona etiraz edən, söz güləşdirənlər olsa da, vaxt keçdikcə hamı dərk etdi ki, bu kişi Allahın bir lütfüdür ki, bizə nəsib olub. Allahın yazığı gəlmiş və onu bizimlə yoldaş etməklə mənəvi zənginliyə çatmaq imkanı verib.
Son günlər işə daha həvəslə gedirəm. Bilirəm ki, oxumadığım, eşitmədiyim yeni şeylər öyrənəcəm.
Bu gün də salamlaşıb yerimə keçdim. Hərə öz işində idi. Görünür, hələ beyinlərində öz problemləri ilə əlləşirdilər. Fuad otağın o biri küncündə oturan Əyyuba göz vurub məni göstərdi:
- Balam bu nə yaman bəzənib? Bəlkə professor onu konfransa aparacaq?
- Ekspedisiyaya aparsa, kostyumu zay olacaq.
Mən isə Mürşüd dayını tərpətmək üçün üzümü ona tutub dedim:
- Ağsaqqal, məni bu gün hara dəvət etsələr, yerimi verirəm bunlara. Qoy hansı istəsə getsin.
- Düz eləyirsən. Dəvəyə dedilər toydur, başladı ağlamağa. Dedilər, əşşi toydur ey, yas deyil. Dedi, mənimçün onlar eyni şeydir, ya su daşıyacağam, ya odun.
Hamı uğunub getdi. Doğrudan da, gənclərdə gələcəyə heç bir ümid qalmadığındın, ətalət hissi hamını bürümüşdü. Hamı oturub gününü bu otaqda başa vurmaq istəyirdi. Heç kim ixtiyar sahiblərinin yanında qulluqçu kimi ora-bura yüyürmək istəmirdi. Suğra fikirli-fikirli dedi:
- Vallah, bilmirəm niyə burada ilişmişəm. Çıxıb gedib dükanda-zadda satıcı işləyəcəm. Bu kompüterdə görəsən elmə xeyir verən bir şey yazacağıq, ya yox?
- Ona qalsa, heç şöbə müdirinin özü elmə bir zərrə də olsun yenilik gətirməyib. Amma müxbir üzvüdür. Sadəlövh olma. Başını sal aşağı. – Bunu Fuad dedi. – Ona nə var ki, yaxşı sənətkardır. İşi qurtaran kimi gedəcək ev təmir etməyə. Elə mənim özüm də ha istəyirəm ona deyəm ki, məni də özünə qoşsun, amma təzə tanıdığımdan hələ utanıram.
Yenə də Mürşüd dayı sözə qoşuldu:
- İşdən narazılıq çox ziyandır. Ondansa, uzaqlaşmaq məsləhətdir. Həyatda kimdənsə narazı qalıb, ondan uzaqlaşmamaq da eləcə ziyandır.
Mən dedim:
- Bunu da atsaq, həmişəlik işsiz qalarıq axı. Onda, evə gedəndə bir iynə götür, başla xoşuna gəlməyən adamlara batıran kimi hərəkətlər elə, iynə ilə balışı deşik-deşik elə. Qəzəbini içində saxlama. Yoxsa, sonralar o xəstəlik kimi üzə çıxacaq.
Nə isə, kişinin sözünə elə də ciddi əhəmiyyət vermədilər. Suğra dedi:
- Ay Mürşüd müəllim, hər şeyə bu cür yanaşmaq bir az yüngüllükdür axı. Həyatda elə şeylər olur ki, nəsə eləməlisən, dirəniş göstərməlisən. Bir də ki, bəxtdən də çox şey asılıdır. Xalam qızı ali təhsilli həkimdir. Nişanlısı varlı-hallı bir oğlandır. Restoranları var. İndidən bəxtəvərə deyir ki, evdə oturacaqsan. Kaş onun diplomu məndə olaydı!
- Elə-belə düşündüyün üçün 180 manat maaş alırsan da. Bu işin sənin daxilindəki fikirlərinin nəticəsidir. Xalan qızı hələ çox uğurlar qazanacaq. Sən otur fikirləş, gör səni buraya gətirən yollarla necə addımlamısan.
Mən dedim:
- Mürşüd dayı, bəlkə hardasa səhv etmişik, yaxud da pis bir hadisə qabağımızı kəsib, bizi inkişaf etməyə qoymayır.
- Əvvəla, pis hadisə yoxdur. Hadisələr iki cür olur. Yaxşı və faydalı hadisələr. Yaxşı odur ki, istədiyini qazanırsan. Faydalı da odur ki, uğursuzluqla rastlaşsan da, ondan istifadə edib yolunu dəyişərək yeni uğur qazanırsan. Molla Nəsrəddini yada salın. O, məsciddə moizə edərək camaata deyir: “Camaat, mən bu gecə yatmayıb xörək icad etmək istədim. Axırda qərara aldım ki, müxtəlif dadı olan iki şeyi – sarımsaqla balı qarışdırsan əla olar. Yoxladım, gördüm ki, yeməli deyil. Siz də onu yeməyin!”.
Gülüşmə kəsiləndə Əyyub dedi:
- Mənim beynimə batdı. Birini də mən deyim: Ata-oğul dağa çıxıb dağkeçisi ovlayırlar. Keçini qovurlar, o da özünü qayadan atır. Ata da onun dalınca tullanır, göydə görür ki, dibsiz bir uçuruma düşəcək. Elə göydə ikən oğluna qışqırır ki, bala, mən getdim, sən gəlmə!
MANERA.AZ