manera.az
manera.az

Sən mənim deyilsən - Şəkər Aslanın şeirləri

Sən mənim deyilsən - Şəkər Aslanın şeirləri
Manera.az "Unudulmazlar" rubrikasında mərhum tanınmış şair Şəkər Aslanın şeirlərini təqdim edir:

Döy mənim qapımı

Həyat nə dadlıdır, ömür nə gözəl,
Odlu bir lövhədir göy axşam-axşam.
Yolçu, saymazyana ötüb keçmə gəl,
Döy mənim qapımı, döy axşam-axşam.

Əgər sübh çağısa fikirləş, dayan,
Çox da tələsməsin altında kəhər.
Könül sevincimə şərik ol bir an,
Döy mənim qapımı, döy səhər-səhər.

Döy günortaçağı, döy axşamçağı,
Mehriban üzünə qapım açılsın.
Gör necə sevirik əziz qonağı,
Gəl, bu otaqlara işıq saçılsın.

Bu eldən karvanlar gəlib ötüşüb,
Açıqdır, nurludur ürəklərimiz.
Qonaq getməkdən çox, burda dəb düşüb,
Qonaq çağırmağı xoşlayırıq biz.
1984

Sən mənim deyilsən

Gözündən bir kövrək sevgi boylanır,
Məhəbbət nəfəsli xoş aysan, ilsən.
Ürək təəssüflə qovrulur, yanır,
Sən mənim deyilsən, mənim deyilsən.

Baxıram ağ üzə, qara saçlara,
Bir ay parçasısan lap elə bil sən.
Payızdan qayıtmaq olmaz bahara,
Sən mənim deyilsən, mənim deyilsən.

Sən bir laləyanaq, bir bəstəboysan,
Bir odlu baxışsan, bir şirin dilsən.
Kiminsə ömründə gözlənən toysan,
Ah mənim deyilsən, mənim deyilsən.
1981

Öz əlindədir

Düzlərdən çəkilib getdi duman ki,
Böyüdü, gün oldu kiçik bir an ki…
Qüdrətli sellərin cilovu sanki
Çıxıb dağ əlindən, düz əlindədir!

Qəmlidi bu günüm, şəndi dünənim,
Canıma o ala gözlərin qənim;
Nə etmək, dözürəm, taleyim mənim
İndi göz əlində, göz əlindədir!

Bu təzə cığırlar, izlər köhnələr…
Yer nələr deyəcək, bir vaxt göy nələr!
Eh mənim əlimdən indi nə gələr,
Hər şey öz əlində, öz əlindədir!


***
Yüz yol fikrə getdim baxıb hər şeyə,
O saf arzulara nə təhər çatım?
Məni aldatmasın başqası deyə
Özüm başqasını gərək aldadım?!

Hər sözün bir zərif xoş təranədir,
Yox, yox hər tərifdə deyilməyəsən
Mən səni sevirəm, istəyim nədir?-
Səni sevdiyimi sən bilməyəsən!

Yol tap hər ürəyə, qoy nüfuzundan
Yüz yol danışılsın, yüz yol deyilsin!
Elə soyuqqanlı olma ki, bundan
Dost-tanış od tutub alışa bilsin!

Hər bir sınağına hazır ol ömrün;
Əkdiyin hər toxum cücərsin, bitsin!
Elə istiqanlı olma ki, bir gün,
Səndən qohum-qardaş soyuyub getsin!

Yollara baxıram

Yollara baxıram gör neçə gündür,
Səsini, sözünü eşitmirəm mən.
Qayıt, ürəyimi yenə döyündür,
Qayıt, qoy başlasın ömür təzədən.

Mən nə gündə idim, nə günə qaldım,
İstisiz, alovsuz, odsuz ocağam.
Qayıt, bu beş gündə beş il qocaldım,
Qayıtsan gəncliyə qayıdacağam.

Yaşıl işıq yanır qüssəyə, dərdə,
Qəm heç vaxt bu cürə hava çalmayıb.
Getmisən, bu yaşıl gözəl şəhərdə,
Nəfəs almaq üçün hava qalmayıb.
1981


***
Yox səni sevmirəm, sevmirəm daha,
İnan bu qərarım qətidir, düzdür.
Apara bilmərəm səni sabaha,
Bu bizim şərikli son günümüzdür.

Haçan məni sevdi sinəndə ürək,
Xatırla o günü, yada sal indi,
Qatardan sərnişin düşüb qalantək,
Mənim ürəyimdən düşüb qal indi.

Biryolluq səninçün gözdən itirəm,
Görməzsən üzümü ölənə kimi.
Səni yarı yolda qoyub gedirəm,
Gözlə başqa qatar gələnə kimi.
1978


***
Xəyala dalıram düşünüb bəzən,
Bəlkə bir sirri var, bir səbəbi var.
Axı necə olur, səninlə gəzən,
Qızlar da bu qədər gözəl olublar.

Birinin gözləri qara gözündür,
Birinin dodağı gül dodağındır,
Birinin dilində şirin sözündür,
Birinin yanağı al yanağındır.

Bu ömrün mənası sehirli, dərin,
Sev, yaşa, dünyanı duy, ləzzət apar…
Elə bil mehriban rəfiqələrin,
Səndən gözəlliyi bəxşiş alıblar.
1981

Ürəyini daşa döndərmə

Gör sənin payına nə ömür düşüb,
Onun qədrini bil, duy, sevin, yaşa.
Daştək ağır olan günlər ötüşüb…
Sən öz ürəyini döndərmə daşa.

Gözündən ömrümə nur seli əndər,
Qapqara sürmə çək kirpiyə, qaşa.
Sən öz baxışını qılınca döndər,
Sən öz ürəyini döndərmə daşa.

Nə feyz anlamışam hələ ömürdən,
Səndən asılıyam, başa düş, başa.
Sıxıb daşı muma döndərərəm mən,
Sən öz ürəyini döndərmə daşa.

Sənə taleyindən ağ gün diləyib,
İstərəm səadət başından aşa.
Məni daş ürəkli hesab eləyib,
Sən öz ürəyini döndərmə daşa.
1984

Qoruya bilmirik dostlarımızı

Hər kəsin, şübhəsiz, yaxın dostu var,
Sirdaşı olmasa ürək dözməyir.
“Dostları qoruyun” indi bu şüar,
Tez-tez gözə dəyir, qulağa dəyir.

Hər dost sal qayadır, düşünürəm mən,
Aranı illərlə su oya bilər.
Bəzən bir alovlu mübahisədən,
Dostların arası soyuya bilər.

Qara saçımıza ömür salır dən,
Əridir illərin buz qarını da.
Birimiz təzə iş tapdığı gündən,
İtirir öz köhnə dostlarını da.

Onun adı düşür ağıza, dilə,
Onu məst eyləyən yel əsir hər gün.
Özündən şöhrətli bir adam ilə,
Dostluq eləməyə tələsir hər gün.

Bezdim birisinin tələblərindən,
Nəğməmi yarımçıq kəsdim, bitirdim.
“Dostları itirmə” deyə-deyə mən,
Bir köhnə dostumu özüm itirdim.

Yerini biləsən əzmin, vüqarın,
Gərək salmayasan hər şeyi səsə.
Arası dəyirsə köhnə dostların,
Demək o dostluqda qəlp imiş nəsə.

Yüz dərdi, səri var, inanın, ömrün,
Fikirlər, qayğılar araya girir.
Mehriban ayrılmaz dostları bir gün,
“Mehriban xanımlar” ayıra bilir.

Qayğılar sığışmır bu yerə, göyə,
Başımız qarışır, ömrümüz keçir.
Bizi yaxşı-yaxşı yandırsın deyə,
Ölüm də ən yaxşı dostları seçir.

Bir dost ölümüdür məni göynədən,
Fikirlər başımda düyündür, düyün.
O ürək dostumu unutmaram mən,
Ürəyi dayandı, köç etdi bir gün…

Qoruya bilmirik dostlarımızı,
Zaman əhdimizi çox yaman qırır.
Bir yandan başlayıb ömrün payızı,
Bir yandan vəzifə, şöhrət aparır.
1983


***
Ömür bir su kimi baş alıb axır,
Sıxlaşır illərin dumanı, çəni.
Neçə yol qarşıma dostlarım çıxır:
Dünən haradaydın, çox gəzdik səni.

Dünən burda yoxdum, bu gün varam mən,
Könlüm, şeirim, sözüm burdadır,
Bir vaxt ayrılaram əbədi sizdən,
Kaş onda gəzəsiz: - Ah, o, hardadır?


***
Mənasız gün ki var tüstüdü, hisdi,
Ötdü, kimsə ondan işıq görmədi.
Köçəndə deyərlər elə xəsisdi-
Yaşadı, dünyaya heç nə vermədi.

Günlərin qiyməti – hünərin, gücün,
Bircə dəqiqədə getməsin bada.
Dünyaya səxavət göstərmək üçün,
Vaxtı xəsisliklə xərclə dünyada.


***
Qocalıq gətirər qüssə də, qəm də,
Barmaq silkələyir elə bil mənə.
Bir gün istəsəm də, istəməsəm də,
O gəlib qapımı döyəcək yenə.

Zamanın ətrini sanki uduram,
Hər gün bir çiçəkdir ömür bağımda.
Sevincdən yükümü elə tuturam,
Qəm yaxın düşməsin qoca çağımda.

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930