manera.az
manera.az

Vətən üçün ölməliyik! - Şəhid şairlərimizdən şeirlər

Vətən üçün ölməliyik! - Şəhid şairlərimizdən şeirlər
MANERA.AZ 20 Yanvar faciəsi və Qarabağ müharibəsində şəhid olmuş Azərbaycanın 4 şairinin şeirlərini təqdim edir:


Ülvi BÜNYADZADƏ


Vətən üçün ölməliyik!

(sinif yoldaşlarıma)

Biz öz ömür sazımızda
“Dilqəmi”ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.

Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.

Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!
1982

Qocalmaz, sevgi qocalmaz

Sevgi dolu, kədər dolu,
Aylar, illər ötür keçir.
Özümüz də heç bilmədən,
Ömrümüzdən ömür keçir.

Cavanlaşır balacalar,
Qocalansa cavanlardı.
Bu dünyada qocalmayan,
Eşq yolunda yananlardı.

Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa.
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.


Nizami AYDIN


Kimin umuduna

Kimin umuduna qoyub gəlmişəm
anamın kövrələndə
üzünü üzünə söykəyə
biləcəyi körpəliyimi,
anamın üzünün yorğunluğu
tək sеvdiyim qızı.

Kimin umuduna qoyub gəlmişəm…

Kimin umuduna qoyub gеdəcəm
yanağımı isladacaq
son damla göz yaşında da
günahımı yumağa
gücüm çatmayacaq körpəmi…

Ömrümün bircə anı

Ayrılığımın ən ağır anı
Təzəcə tərpənən qatarın
Sonuncu vaqonunun
Sonuncu pilləsinə atılmaqdı.
Qatar pəncərəsindən baxmaqdı
Məni yola salanların
Bir ovuc işıq tək
Getdikcə kiçilən üzünə.
Qatar pəncərəsindən
Qatar gedəndən sonra
Körpəmin yaşlı gözlərinin
Yerə dikildiyini görməkdi

Qatar gedəndən sonra
Sevgilimin uşaq köksündə
Dərdə boyanan üz qırışlarını
Növbəti dayanacaqda
…qatarın sonuncu vaqonunun
Sonuncu pilləsinə atılan
Bir qadın üzündə aramaqda

Neçə ildir
getdiyimin qatarların arxasınca
elə hey su atır anam
Ancaq neçə ildi
O suyun aydınlığı
Çata bilmir mənim arxamca..

Neçə ildir ki,
anam da çata bilmir
Qatar gedəndən sonra
Anamın arxasınca
Yaşaran gözlərimdəki
Aydınlığa.


Fuad ƏSƏDOV (Qəriboğlu)


Səngər

Bu səngər məbəddir, pirdir, ocaqdır,
Bu səngər tarixə qovuşacaqdır.
Bu səngər bir parça Vətən torpağı,
Bu səngər düşmənə sipər, göz dağı.

Mənim də payıma düşüb bu səngər,
Hamımız bu ruhda köklənsək əgər,
Yurda tamah salmaz hər yoldan ötən,
Basılmaz Vətən, basılmaz Vətən!

Yağış

Şəhərin şair heykəlləri,
heç kəsin tanımadığı,
heç kəsin nəğmə qoşub,
oxumadığı
sevgi şeirləri söyləyəcək
bu yaz yağışının altında.
Sağlığında sevgidən yazanı da,
yazmayanı da
sevgidən söyləyəcək.

siz Allah, bağlayın o sətirləri,
açın başınızı yaz yağışına
sudan quru çıxan eşitməyəcək
şair heykəllərin şeirlərini!


Alı MUSTAFAYEV


Dəli bir ağlamaq keçir könlümdən

Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən.
Fələk rəvac verdi namərd işinə.
Dəli bir ağlamaq keçir könlümdən.

Torpaqda haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında,
Müqəddəs Şəhidlər Xiyabanında,
Dəli bir ağlamaq keçir könlümdən.

Yanmadım ömrümdən keçən illərə,
Baxıb məzarımda solan güllərə,
Söykəyib üzümü qərənfillərə,
Dəli bir ağlamaq keçir könlümdən.

Dünyanın sükutu bu daş qəfəsdə,
Köksümdə qövr edib hıçqıran səsdə.
Toy libası geymiş bu qəbrin üstə,
Dəli bir ağlamaq keçir könlümdən.

Mənası bir imiş toyun, yasın da,
Bu qara zülmətin ağ libasın da.
Durub haqq evinin astanasında
Dəli bir ağlamaq keçir könlümdən.

Bu qəlbim ovunmaz sınıq saz kimi,
Dərd də gülə-gülə gəldi, yaz kimi ,
Allaha, Tanrıya etiraz kimi
Dəli bir ağlamaq keçir könlümdən.

Dünyanın hər şeyi bəlli

Haqqın dərgahında bu daş, tərəzi,
Satanı bəllidir, alanı bəlli,
Gecikmiş məhəbbət aldadır bizi,
Doğrusu bəllidir, yalanı bəlli.

İnsan deyiləni gözündən tanı,
Müqəddəs bildiyin o varlıq hanı ?
Özünə sirdaş seçmə dünyanı,
Bil filan dünyanın filanı bəlli.

Ancaq məslək olsun dostun, vüqarın,
Haqqı darı kimi üyüdür qarın,
Mələk donundakı bu insanların,
Əqrəbi bəllidir, ilanı bəlli.

Dünyada pay yoxdur qismətdən artıq,
Namusdan, qeyrətdən, ismətdən artıq,
Hörmət görməmişəm hörmətdən artıq,
Dünyanın gedəni , qalanı bəlli.

Mənim bir üzüm var, qaram-ağım yox,
Dünya bir cənnətdi-başqa bacım yox,
Həyatda heç kəsdən umacağım yox,
Mənimçün kasıbı ,kalanı bəlli.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031