manera.az
manera.az

Görüntüdən mətnə qayıdan söz

Görüntüdən mətnə qayıdan söz
Turan Uğurun “Sətirlər” kitabı üzərinə notlar

Azərbaycan teleməkanında ədəbi layihələrin sayı olduqca azdır.

Reytinq vermədiyi üçün hamı şouya meyllənir, hərə bir cür hoqqa verir. Ədəbi verilişlər hazırlamaq aparıcıdan intellekt və geniş erudisiya tələb edir, bu da televiziyanın yolunu tutmuş nocavanların əksəriyyəti üçün əlverişli deyil, çün, dağarcıqları boşdur. Qarşısında oturduğumuz qutuda (televozorda) insanın ruhsal aləminə sanki yer qalmayıb. Ol səbəbdən insanlar amorf məxluqlara çevriliblər. İllərlə davam edən bu proses Azərbaycan insanını televiziyadan küsdürdü. Bu intellektuallıq qəsrini realiti-şoular işğal etdi.

Efir məkanında karnaval estetikası əndazəni aşaraq əcaib hal almağa başladı. Zaman-zaman bu mövzuda yazılar yazdıq, amma prosesi durdurmaq gücündə olmadığımızı anlayanda yenidən öz tənha adamıza qayıtdıq. Xlebnikov necə deyirdi? “Özünə bir ada yarat və o adada xoşbəxt yaşa”. Bəs dəyərlər necə olsun? Bəs mənəvi, ruhsal iqlimin qayğısına kim qalsın? Bu ötəri ilğımlar cəmiyyətin bütün sferalarını bürüdükcə səhra böyüyür axı?!
Çox uzunçuluq eləmədən mənə bu yazını yazdıran kitaba – “Sətirlər”ə keçid alıram.

“Sətirlər” əvvəcə mənəvi dünyamıza ayna tutan bir veriliş olaraq tamaşaçı sevgisi qazandı. Sözsüz, söhbət seçgin, zövqlü tamaşaçılardan gedir. Bu verilişin əsas siması sevilən aktrisamız, Xalq artisti Mehriban Zəkidir. O, Azərbaycan teatr mədəniyyətində bir fenomen kimi zühur edən Vaqif İbrahimoğlu məktəbinin yetirməsidir. O estetikanın əsintiləri yolu “Yuğ”dan keçmiş bütün aktyorların ruhunda iz qoyub. Mehriban Zəki isə bir başqa aləmdir. “Sətirlər” onun sayəsində veriliş çərçivəsini aşıb tamaşaçıda teatral bir ovqat yaradır.

Bu veriliş zövq əhli üçündür, ariflər üçündür, ruhsal aləmin əşxasləri üçündür.

Turan Uğurun “tündxasiyyət, kəmfürsət” qələmi bu verilişin kitab versiyasını araya-ərsəyə gətirəndə nəzərlər müəllifə dikildi. Sözün açığı, Turan bəylə tanışlığım yox idi. Eşidəndə ki, bu kitabın təqdimatı olacaq, maraq məni bürüdü və tədbirə getməyi lazım bildim. “Azərkitab”ın girişində yazıçı dostum Azər Qismətlə rastlaşdıq. Azər üzündəki məşhur təbəssümünə bir az da təəccüb qatıb məni süzdü və elə beləcə də dedi:

-Xeyir ola buralarda? Elə-belə gəlmisən?

-“Sətirlər” kitabının təqdimatına gəlmişəm, - dedim.

Azər sosial şəbəkədə bu kitabın təqdimatıyla bağlı paylaşım etmişdi və elə bu paylaşım diqqətimi çəkmişdi. Yazıçı dostumun impulsiv reaksiyası ona xas olan səmimiyyətin və təbəssümün içində əriyib itdi. Foyedə yazıçı Mustafa Çəmənli ilə qarşılaşdıq və kitabla bağlı ayaqüstü söhbətimiz o qədər maraqlı keçdi ki, tədbirin nə vaxt başlandığını hiss etmədik.
Görüntüdən mətnə qayıdan söz
Qarşımda 480 səhifəlik samballı bir kitab var və bu kitabı vərəqləyib ötəri göz gəzdirirəm, səbirsizcəsinə bir neçə yazını oxuyuram. Hiss edirəm ki, kitabın müəllifi qələmini atişləməz yollarda səyirdir, haqqında yazdığı müəlliflərə dərindən bələddir və onların həyatı ilə yaradıcılığı arasında ustalıqla körpü qurur, bu körpüdən onların mənəvi dünyasına mənzərə açır.

Tədbirin aparıcısı və kitabın redaktoru Azər Qismət girişdə belə bir söz işlətdi:

“Redaktə prosesində Turan məndən xahiş etdi ki, üslubuma toxunmayasan”.

Nə yalan deyim, bu söz mənə bir az qəribə gəldi. İlk kitabı çıxan gənc müəllif üslubunu tapana qədər uzun bir yol qət etməlidir axı. Amma… Məni heyrətləndirən məqam budur ki, kitabı mütaliə edərkən fərqli, rəngarəng bir üslubla üz-üzə qaldım. Doğrudan da Turan Uğurun bənzərsiz üslubu var. Tez qənaətə gəldiyim üçün özümü qınadım. Turan bəy dilimizin incəliklərinə dərindən nüfuz etməklə çox vaxt bəyənmədiyimiz pafosa yeni don biçir, bu pafos ruhumuzun dərinliklərinə işləyir. Haqqında yazdığı müəlliflərə tamamən fərqli rakursdan yanaşır. Bu, publisistika deyil, bədii mətnə son dərəcə, nəfəs qədər yaxın olan, hekayə ilə janr olaraq unudulmaqda olan oçerkin arasında yeni bir janrdır.

Hansısa televiziya verilişinin kitab variantında təqdimatı son dərəcə maraqlı və faydalı bir işdir. Çox yaxşı olardı ki, incəsənətimiz, mədəniyyətimiz, ədəbiyyatımız üçün gərəkli olan verilişlərin kitab formasında çapı ənənə halını alsın. Mədəniyyət TV-yə müsahibəmdə də vurğuladım ki, ədəbiyyatımızın təbliği baxımından “Sətirlər”in çox müstəsna rolu var və belə bir kitabın yaranması məmnunluq hissi doğurur.

Deyirlər, televiziya yaradıcı insanların enerjisini tükəndirir. Mən “Sətirlər” kitabının mütaliəsindən böyük zövq aldım. Doğrudan da bu kitab ədəbiyyat həvəskarları üçün əvəzsiz bir töhfədir, dərslik qədər əhəmiyyətlidir. Bu kitab müəllifin televiziya layihəsinin bəhrəsidir. Turan Uğur kimi peşəkar insanlar bizi televiziya ilə barışdırmaq missiyasını öz üzərlərinə götürüblər. Mətndən görüntüyə çevrilən sözün yenidən mətnə qayıtması isə doğrudan da əlamətdar hadisədir!

P.S. Bir məqamı da qeyd edim. Sən demə, Turan Uğur mənim qədim dostum, kinoşünas Vasif Ayanın dost-doğmaca qardaşı imiş. Dostluq etdiyimiz bu uzun illər ərzində Vasif bircə dəfə də olsun, bu barədə bir kəlmə danışmayıb. Dediyinə görə, Turan bəy də iç dünyasına qapalı olan, introvert adamdır. Əksər yaradıcı insanlar kimi…

Kənan HacıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728