manera.az
manera.az

Özünüzə inanın - Leyla Camal yazır

Özünüzə inanın - Leyla Camal yazır

MANERA.az Leyla Camalın "Motivasiya" yazısını təqdim edir:


İnsan bəşəriyyətin ən böyük möcüzəsidir. Yaradılışından yox olunuşuna kimi sirli və sehrlidir.

Əsrlər, qərinələr keçsə də, texnologiyalar günü-gündən sürətlə inkişaf etsə də, heç bir alim insan varlığını tamamilə açmağa nail olmayıb. Fəqət, hər kəsin fikirlərinin kəsişdiyi nöqtələr var ki, onlardan da ən ümdəsi "İnsan istərsə, bacarmayacağı heç nə yoxdur"dur. Bəli, necə deyərlər, niyyət əməlin yarısıdır.

Qarşısına məqsəd qoyan, məqsədə çatmaq üçün gecəsini gündüzünə qatan hər kəs mütləq bu zəhmətin bəhrəsini görür. Müəllim olmaq istəyiylə yanıb tutuşan, gələcək həmkarlar! Usanmadan, yorulmadan imtahana hazırlaşan, gecələri oyaq qalıb materiallar toplayan hər kəs mütləq istəyinə nail olacaq. Əlbəttə ki, hədəfə çatmaq üçün sadəcə bilik kifayət deyil. Sadəcə biliklə yola çıxsanız, mənzilə çata bilməyəcəksiniz. Bacarıqlarınızı, iradənizi, əzminizi, ümidlərinizi və xəyallarınızı da yanınızda götürün. Çünki bu yoldaşlardan hansı yorulsa, digəri sizin əlinizdən tutacaqdır. Namizədləri motivasiya edəcək bir neçə fakt təqdim etmək istəyirəm.

Əvvəlcə sizə timsahla tısbağanın hekayəsini danışım.

Bir gün timsah tısbağanı yemək istəyir. Heç bir çıxış yolu qalmayan tısbağa möhkəm sıçrayıb ağaca dırmanır. İndi düşünəcəksiniz ki, tısbağa da ağaca dırmana bilərmi?! İnanın ki, istədikdən sonra bacara bilməyəcəyiniz heç nə yoxdur. Özünüzü olmaq istədiyiniz yerdə xəyal edin. Daima nikbin xəyallar qurun. Görəcəksiniz ki, reallaşmağı sizi çox gözlətməyəcək.

7 qızıl medal mükafatçısı, üzgüçü Mark Spitzdən uğurunun sirrini soruşanda o, düşündürücü bir cavab vermişdi: "Normalda insan üzməyə başladığı an və ya üzərkən üzmək haqqında düşünür. Mən isə gəzərkən, yatarkən, yemək yeyərkən, bir sözlə, oyaq qaldığım hər saniyə üzmək haqqında düşünürəm". Buradan belə nəticəyə gəlmək olur ki, hədəfinizə köklənin, ancaq məqsədinizi düşünün.

Fransız siyasətçisi Roques Montqayllard deyirdi: "Aşağıdan baxanda çox yüksəkdə görülən dağların zirvəsinə çatdıqda onların kiçik bir təpədən fərqli olmadığını anlayırıq". Deməli, hədəflərinizi gözünüzdə dağ halına gətirməməlisiniz. Sizin üçün o, ən tez zamanda zirvəsinə çatacağınız təpə olmalıdır. Hədəf Himalay olunca Elbrus təpə kimi görünəcək.

Makedoniyalı İsgəndər imperator olduğu zaman atadan qalma bütün mirasını yaxınlarına bağışlayır. "Bəs özünə nə saxlamısan?" deyən insanlara "Ümid" deyə cavab verir. Və beləcə, pay olaraq özünə götürdüyü ümidi sayəsində böyük əraziləri ələ keçirir. Çünki o, bacaracağına inanırdı.
Siz də inanın. Özünəinam çox güclü silahdır. Bu amil sizi digərlərindən bir xal üstün edir. Özünə inanan, öz bacarıqlarından hali olan insan hər zaman 1:0 irəlidədir. 84 yaşında həyata gözlərini yumarkən patentləri alınmış 1093 ixtiranın sahibi Tomas Edison onda sehrli güc olduğunu düşünən insanlara uğurunun düsturunu belə izah etmişdi: "Bir faiz qabiliyyət, doxsan doqquz faiz zəhmət". Həqiqətən də işləyən dəmir pas tutmur. Çox çalışmaq lazımdır. Sadəcə indi deyil, hədəfinizə çatdıqdan, müəllim kimi şərəfli ada layiq görüldükdən sonra da daima öz üzərinizdə çalışmalısınız. İnnovativ müəllimlər hər zaman seçilən, qabaqcıl müəllimlər olur. Su dayanarsa, zamanla ondan üfunət qoxusu gələr. Bu səbəbdən də çaylar, dənizlər daima axır. Bir yerdən başqa yerə axıb tökülür. İnsan da daima olduğu pillədən bir pillə yuxarı hərəkət etməlidir.

Fikirləriniz nədirsə, siz O-sunuz. Bu səbəbdən fikirlərinizə, ələlxüsus da özünüz haqqında fikirlərinizə çox ciddi yanaşın. "Bezdim, yoruldum, onsuz da alınmayacaq, bacarmayacam, sıxıldım, depressiyadayam" kimi neqativ fikirləri özünüzdən uzaqlaşdırın. "Mən bunu bacaracağam, bu, mənim üçün çox asandır, öhdəsindən gələcəyəm, mən güclüyəm, həyatı sevirəm" kimi nikbin fikirlər yerləşdirin beyninizə. Şüuraltı güclə insanın özündə çox güclü dəyişikliklər edə bildiyi faktlarla sübut olunub. Elə isə şüurunuzun idarəçiliyini ələ alın. Bu gəminin kapitanı sizsiniz. Hansı tərəfə istiqamətləndirsəniz, gəminiz o sahilə yaxınlaşacaq. Uğur adlı sahil yeganə limanınız olmalıdır.

Müsahibəyə hazırlaşarkən psixoloji, sosioloji və zehni hazırlıqdan əlavə, bir neçə vacib faktorları da bilməlisiniz.

Başınızı dik tutun!

Danışarkən gözlərinizi qaçırmayın!

Gülümsəyin!

Aydın, səlis danışmağa çalışın!

Nitqinizdə boş söz yığınına yol verməyin!

Komissiyanın qarşısında özünüzə inamlı dayanın! Qoy onlar sizdə həyəcan deyil, özünəinam hiss etsinlər.

Səsinizin tonunu yüksək tutun!

Geyiminizə xüsusi fikir verin! Müəllimin geyimi - onun təqdimatıdır. Müəllim kimi geyinməyi unutmayın. Təmizlik qaydalarına riayət edin, üst-başınız səliqəli olsun.

Elə fərz edin ki, qarşınızda sizi imtahan edən komissiya deyil, tanımağa çalışan bir qrup insanlardır. Siz onları maraqlandırmalısınız.

Düşünün ki, ya indi, ya heç vaxt.

Bacarmaqdan başqa yolunuz olmadığını düşünün.

Pozitivə köklənin!

Aqressiv cavablardan qaçın! Təbəssüm bütün qapıların açarıdır.

Sizə rəftarlarından asılı olmayaraq, dik duruşunuzu, təbəssümünüzü zalı tərk edənə qədər qorumalısınız. Axı, sizi məsuliyyətli iş gözləyir.

Gələcəyimizi yetişdirmək. Unutmayın ki, əkdiyiniz keyfiyyətli olmalıdır ki, biçdiyiniz baş ucalığınız olsun.

İsrar edin! İsrar edən insanlar uğursuzluqlarından və xətalarından dərs alarlar, səbrlə hədəflərinə çatacaqları günü gözləyərlər. İsrar edən insanlar rədd cavabına məhəl qoymazlar. Bir gün üfüqlərində günəşin doğacağına inanırlar. Hədəflərinə bütün varlıqlarıyla bağlanırlar. Əngəllərə meydan oxuyarlar. Bacara bilməmək qorxusunu yaxına buraxmayın.

Uğura aparan yol sizin özünüzdən keçir. Özünüzə inanın, bacarıqlarınıza güvənin. Hədəf seçin və bu yolda səylə çalışın.

Hər kəsə müəllim kimi şərəfli adı daşımağı arzulayıram. Uğur bəlkə də növbəti səhifədədir.

Kəpənəyin möhtəşəm görünüşü tırtılın qozada çəkdiyi əziyyətin bəhrəsidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031