manera.az
manera.az

Xalq şairi Fikrət Qoca vəfat etdi

📅 05.05.2021 05:05

Xalq şairi Fikrət Qoca vəfat etdi
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.

Manera.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, - qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Şeirlərinə musiqi bəstələnib. ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" (1995) və "İstiqlal" (2020) ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin


Baxış sayı - 798 | Yüklənmə tarixi: 05.05.2021 05:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031