manera.az
manera.az

Uzaqların adı sən - Ayşən Rəhimin şeirləri

Uzaqların adı sən - Ayşən Rəhimin şeirləri
MANERA.AZ Ayşən Rəhimin şeirlərini təqdim edir:

Uzaqların adı sən

Dillərimdə sükutum
Əllərimdə qunutsan
Xatirəndə ölərəm
Əgər məni unutsan

Sənə sarı yol açır
Gözümün yaş tərəfi
Bərk qayaya rast gəlib
Qəlbimin daş tərəfi

Mən hamıdan küsürəm
Heçkəslə barışmıram
Qovuram gecələri
Gündüzlər danışmıram.

Küsürəm bu talenin
Döngəsinə, tininə
Ayrılığın andına
Allahına, dininə

Güzgüdəki qızın o
Hiddətli baxışları
Gözü sıxır buludu
Yağdırır yağışları..

Bu ögey həyatımın
Ən doğmaca yadı sən.
Uzaqlardan uzaqsan
Uzaqların adı sən..

Səsin minarələrdən
Duyulan azan kimi
Ən müqəddəs səs indi
Ovucların duadır.
Saçların bir din idi

Qırmadım bu tilsimi
Qarğışa aha düşdüm
Tək sənə çatmaq üçün
Hərşeydən yan ötüşdüm.

Özgələrin doğması

Mən sənə bu şəhərdə
Sənintək uzaq olan
Qaçıb sənə sığınan.
Özünə qonaq olan

Sənsiz bu yer üzündə
Buz baxışlı heykələm
Yoxluğunla varlığım
Arasında əngələm

Sükutuna qərq olur
Heykəllərin yox dili
Kaş ki bu dörd divarın
Olaydı bircə dili....

Və tutub inadından
Saxlayardı yolundan
Olsa idi əgər bu
Qapının iki əli

Hər gün biraz ölməkmiş
Hər gün biraz unutmaq
Min özündən keçməkmiş
Birtək o'na qayıtmaq...
Ən ağır edam, sənin
Kipriyindən asılmaq

Tərkedilmiş diyaram
Unudulan hər daşı
Sovrularaq keçmişə
Əsir olan yaddaşı....

Mən göyləri ağladan
Bir sükutun naləsi
Ümidlərin yolunda
Yalnızlığın döngəsi.

Özü adam olmayan
Bir adamın kölgəsi
Özgələrin doğması
Doğmaların özgəsi...

Gecə düşüncəsi

"Tanrı niyə təkdir axı
bəs hardadır bizdən alıb
apardığı adamlar?''

On ikisi... gecə... saatsa üçdür
Meh əsir gecədən təklik yellənir
Şəhərsə gizlənib bir niqab altda
Gözüm bu qaranlıq evə zillənir.

Qocalır bu evin eyvanındakı
Kimsəsiz gülüşlər və gözləməklər
Sındırıb ayrılıq ayaqlarını,
Bir arzu vüsala sarı iməklər .

Elə sarılmısan ayaqlarıma
Əllərim əzabı əynimə geyir
Tanrının baxışı ömrümü didir
Zaman saçlarımın qarasın yeyir

Son sətrin qalıbdır tozlu rəflərdə
Köhnə pianoda son ümid rəqsi
Divardan asılıb öpüşlərin və
Ən acı günlərin xoş xatirəsi..

Əqrəblər zəhərin bugünə sancır
Bütün dünənlərdə sənli iz qalıb
Biləyi kəsilib ümidlərimin
Bütün çarələrim çarəsiz qalıb..

Ruhumun əlini-qolunu qapır
Ölmüş məhəbbətin canlı şahidi
Həsrətə sarılan darıxmaq imiş
Zamanın ən uzun ölçü vahidi...

Gecə ehtişamı

Zərif bir yel əsir. Gecə yarısı
Üşüyür kimsəsiz boş pəncərələr.
Bu da üçüncü şam əriyib, sönür
Ah o təmtəraqlı yalqız gecələr.

Ay da darıxaraq süzür baxışın
Otaqda min illik sükut səsləri
İndi unutmaqçün bir şeir - dua
Bir də ki çağırdım müqəddəsləri

Daha yolum düşüb küncə, bucağa
İslanır hər iki üzü balışın.
Dayana bilmirəm şamdan uzaqda,
Qürur əlindəki son yalvarışı

Acı səadətin həzzini dadıb
Geyirəm bu nimdaş xatirələri.
Səni unutmaqçün təkcə səni yox
Həm də ki unudam bu boz şəhəri.

Bir ümid görünür kiçik də olsa
Atılmış vüsalın qırıqlarında .
Sığışıb illər də bircə vidaya
Töküldü çatlamış dodaqlarından.

Mən daha səmada Tanrıya ögey
Səninsə ən doğma yadınam indi
Dəyişir ömrümün əqrəbləri də
Yolunda özgə bir qadınam indi...

Silah səsləri

Silah səsləriylə açılır səhər,
Hər güllə səsi bir ümid öldürür .
Tüstülər içində qeyb olur vicdan,
Səmadan qan yağır qəzəb püskürür!

Göylərə ucalır ahlar, nalələr.
Bombalar atılır, yağır güllələr.
Gözlərdən ovuca ümid süzülür,
Qanla sulanır hər güllər jalələr.

Ulduzlar tökülüb, səma qaralıb
Sızlayır baxdıqca zülümə tərəf
Əlində daşlarla silaha qarşı
Uşaqlar qaçışır ölümə tərəf

Şikəst iki körpə dava edir bax
Bir kiçik bir sınıq çomağa görə
Bir uşaq sevinib evə qaçırdı
Tapdığı bir tikə çörəyə görə

Məzar gərəkdirmi sirkələyərək
Yatmış vicdanları oyatmaq üçün?
görən külək gərək yoxsa əl gərək
Məzlumun göz yaşın qurutmaq üçün ?

(Uşağın dilindən )

-"Bir səma altında yaşayırıqsa
Bir günəş altında qızınırıqsa
Bir ovuc torpaqçün görəsən hər an
niyə bir-birilə savaşır insan?

Torpaqda qan ilə yoğruldu ruhum
Kar etdi çoxunu kar etdi ahım
Dünyada cəhənnəm yaşadım fəqət
Əbədi bir yurdda yaşayacağam
Etdiyin hər zülmü aldığın ahı
Cənnətdə Tanrıya danışacağam"

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31