Səhnəmizin parlaq siması

Azərbaycanın ilk bahar qızı kimi tanıdığımız, rollarını sevə sevə izlədiyimiz, filmlərinə baxmaqdan bezmədiyimiz respublikanın Xalq artisti Safurə İbrahimova dünyasını dəyişdi... Nə ağır kəlmələr oldu... Dilimiz belə söyləməyə məcbur qalsa da özümüz inanmaq istəmədik... Bir daha gözlərimiz önündə kino lenti kimi onun mehriban çöhrəsi canlandı...
Mən ən çox onun "Sevil"ini sevirdim... Desəm ki, bu tamaşaya hər dəfə baxanda onu yenidən kəşf edirdim, yalan olmaz. O C.Cabbarlının "Sevil" tamaşasında Sevili o qədər məsum, saf, daha sonraki səhnələrdə cəsarətli, öz ayaqları üstündə dik durmağı bacaran, hüquqlarının müdafiəsinə cəsarətlə qalxa bilən bir qadın kimi bizə sevdirməyi bacarmışdı.
Ümumiyyətlə Onun bütün tamaşalarındakı obrazları özünəməxsusluğu ilə seçilirdi. Məlahətli siması, əsl azərbaycan xanımına məxsus zərif gözəlliyi səhnəyə yaraşıq verirdi. Məhz belə qadınlar üçün onlar səhnə üçün doğulmuşlar deyirlər.
Aktrisa müxtəlif illərdə teatrda "Səyavuş", "Hamlet", "Məhv olmuş gündəliklər", "Anamın kitabı", "Alov" və s. tamaşalarda çıxış edərək, tamaşaçıya bu obrazları sevdirə bilmişdir.
Teatr qədər onun kino fəaliyyəti də zəngindir. "Arşın mal alan", Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Bizim Cəbiş müəllim" və s. filmləri əlbəttə ki, onu kino aktrisası kimi də geniş kütləyə yaxşı tanıtdı.
"Bizim Cəbiş müəllim"dəki obrazını xatırlayırsınızmı? Nə qədər gözəl, nə qədər milli koloritə köklənmiş bir xanımı canlandırmaq, onu ustalıqla sevdirmək, yaddaşlara həkk etmək kimi şərəfli işin öhdəsindən gəlmək asan olmasa da o bunu bacardı. Öz obrazını baş rol qədər ucaltmağa nail oldu. Nəticədə hər birimizin bu filmdə sevimlisinə çevrildi.
Hər bir qadının yaradıcılığı nə qədər zəngin və şöhrətli olsa belə, onun ailəyə, isti yuvaya ehtiyacı var... Deyirlər, səhnə çox şeyi verdiyi qədər almağa da qadirdir... O da bunlardan yan keçmədi... Sevdiyi insandan ayrıldı, övlad sevincini yaşaya bilmədi...
Səhnədən sonrakı həyatında o qədər də üzü gülmədi...
Bu gün isə aramızdakı yoxluğu ilə bizi məyus edir... İstər istəməz içimizdəki ağrını ap-aydın hiss edirik, bizi qəhər boğur... Axı o, aktrisa kimi də, qadın kimi də xoşbəxt ola bilərdi...
Məncə, yaradıcı insanlar heç zaman ölmür... Bu təsəlli deyil, bu həqiqətdir. Çünki, onlar öz həyatları boyu nəsə yaradıb, miras qoyurlar... Qoyurlar ki, biz faydalanaq, zənginləşək, mənəvi dünyamız çökməsin..
O da bizə öz obrazlarını miras qoyub, getdi... Getdi ki, əbədi bizimlə qalsın...
Təranə Feyzullayeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.