Ramiz Göyüşov - Əbədi ədəbi mövzu
30 il həsrət qalmışdıq Qarabağa. İçimizdə bir Qarabağ nisgili dilimizdə bir Qarabağ ağısı, qəlbimizdə bir Qarabağ dərdi yuva salmışdı. Bu otuz ildə Qarabağ adında minlərlə şeirlər, ağılar, bayatılar, oxşamalar,əsərlər yarandı.
Musiqilərimiz Qarabağ üstündə kökləndi. Cümləmizin mübtədası da, xəbəri də Qarabağ oldu. Arzularımızın ünvanı oldu Qarabağ. Toy-düyünlər,nişanlar,yubilleylər,görüşlər Qarabağ ünvanı ilə təxirə salındı. Nə niyyət tutduqsa onun bir ucunu Qarabağla bağladıq. Hamımız Qarabağlı olduq.
Nəhayət bu il noyabın 10-da bu həsrətin sonu bitdi. İndi Qarabağın vüsalına qovuşuruq. Cənab Ali Baş Komandan İlham Əliyevin ağlı, düşüncəsi, bacarığı, istedadı,qətiyyəti, cəsarəti və iradəsi, Müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində Qarabağın vüsalına qovuşuruq. Vüsal bizə çox baha başa gəldi. Bu yolda biz 2783 şəhid verdik,mindən çox əsgərimiz sağlamlığını itirdi. Nə qədər insan ömrü, insan taleyi yarımçıq qaldı, minlərlə arzular, niyyətlər qırıldı,minlərlə ananın gözü yaşlı,qızlarımız nişanlı, uşaqlarımız atasız qaldı. Yüzlərlə qazilərimiz sağlamlığını itirdi,şikəst oldu.
Minlərlə əsgərimiz o çətin,həyacanlı həm də şərəfli günlərin qorxusunun, həyəcanının və sevincinin təsiri altındadır.Azərbaycan əsgəri himnimizdə deyildiyi kimi: “Hüququndan keçən əsgər,hərə bir qəhrəman oldu.”Qəhrəman Azərbaycan əsgəri Vətənin bir çağırışı ilə “Can verməyə hazır,qan tökməyə qadir” olduqlarını misilsiz bir mərdliklə nümayiş etdirdilər.
Bu 44 gündə öbvladını itirən ata-ana da,həyat yoldaşını-nişanlısını itirən qız-gəlinlərimiz də,atalarını itirən balaca fidanlarımız da,bir sözlə əziz və doğmalarını itirən hər kəs “Vətən sağ olsun” dedi. Nəhayət ki,müqəddəs müharibə müqəddəs qələbə ilə yekunlaşdı.
İndi bizim borcumuz hər bir şəhidimizi, qazimizi, qəhrəmanlıq göstərən əsgərimizi, onların qəhrəmanlığını hər bir vətəndaşımıza,bütün dünyaya çatdırmaq, onların rəşadətini tərənnüm, etmək haqqında şeirlər, hekayələr, povestlər,romanlar, musiqilər yazmaq, əsərlər yaratmaq ,onları yaşatmaqdır.
Qarşıda bizi Qarabağa Böyük Qayıdış, böyük quruculuq işləri gözləyir.Müqəddəs müharibənin sonu Bizi Qarabağda Müqəddəs mübarizənin başlanğıcına səsləyir. Bu işlərdə də hər kəs rəşadət göstərməlidir.
Ədəbiyyatımız poeziyamız, mədəniyyətimiz tarixin bütün dönəmııərində dövrünün ağrı-acıları ilə yaşayıb, nəfəs alıb,zamanın çağrışlarına səs verib.Şairlərimiz,yazıçılarımız,bəstəkarlarımız,rəssamlarımız,sənət adamlarımız özlərinin ən qiymətli əsərrlərini qəhrəmanlarımıza həsr ediblər.Hesab edirəm ki, indi də belə olacaq.
Prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Əsgəri hər bir yazara, hər bir yaradıcı insana bitib-tükənməyən əbədi mövzu verib, geniş üfüqlər, yeni meydan açıb.
Düşünürəm ki, Qarabağ mövzusu Möhtəşəm Qələbəmiz, Şuşanın fəthi, Azərbaycan Əsgərinin misilsiz qəhrəmanlığı, Qarabağda aparılacaq böyük quruculuq işləri Azərbaycanın şairinə, yazıçısına, rəssamına, bəstəkarına, bir sözlə yaradıcı insanına bir coşqu, yeni ruh və enerji verəcəkdir.
İndi səngər və meydan yaradıcı insanlarımızındır.
Ramiz Göyüşov
Azərbaycan Yazıçılar Birliyinin üzvü