manera.az
manera.az

Xalq artisti Əjdər Həmidov vəfat edib

📅 25.11.2020 15:00

Xalq artisti Əjdər Həmidov vəfat edib
Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib.

Bu barədə Manera.az-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından məlumat verilib.

Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Noyabrın 24-ü xəstəxanada vəfat edib.

Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb.

Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanıb.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaradıb.

Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Əməkdar Artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.


Baxış sayı - 612 | Yüklənmə tarixi: 25.11.2020 15:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031