manera.az
manera.az

Sənsiz nə ünvanım, sənsiz nə adım - Ehtiram İlham

📅 21.04.2020 11:00

Sənsiz nə ünvanım, sənsiz nə adım - Ehtiram İlham
Manera.az Ehtiram İlhamın "Anama yazdıqlarım" silsiləsindən şeirlərini təqdim edir:

1.

Məni ən çox istəyənim,
Ən çox istədiyim Adam.
Gözümü açıb, dünyada
Ən ilkin gördüyüm Adam.

Evim, qalam, bürcüm, dağım,
Arxam-önüm, solum-sağım.
Mənim ən çox yaşatdığım-
Ən çox öldürdüyüm Adam.

Ruhunu üstümə sərib,
Nəyi varsa mənə verib.
Dərgahına səcdə gəlib,
Allahım dediyim Adam.

2.

Yol gəldin çiynində balalarının,
Yoluna, izinə qurbanam, Ana.
Bircə can kəlmənə verrəm canımı,
Hər kəlmə sözünə qurbanam, Ana.

Sən bizə qibləydin, sən bizə yöndün,
Yandın günəş kimi, ocaqtək söndün.
Göylərdən enmişdin, göylərə döndün,
Məlakə üzünə qurbanam, Ana.

Ayrı ha düşmədin əzizlərindən,
Gedib, gör kimlərə qovişmusan Sən.
Balıncın torpaqdı, yorğanın kəfən,
O yorğun gözünə qurbanam, Ana.

3.

Məni ovudarmı xatirələrin,
Səni xəyallarda anıram indi.
Nəfəsin qoymazdı dərd mənə bata,
Dərdimnən canımı yenirəm indi.

Sən vardın, dünyada hər şeyim vardı,
Ömrüm də, günüm də nə bəxtiyardı.
İndi haman dünya ruhuma dardı,
Özümü kimsəsiz sanıram indi.

Sənsiz nə ünvanım, sənsiz nə adım,
Halıma acıyır yaxınım, yadım.
Vaxtında başına dolanammadım -
Qəbrinin başına dönürəm indi.

4.

Bir ana yaşardı bir vaxt sən adda...
Nisgilin qaldımı görən həyatda?
Sızladı, göynədi qohum da, yad da,
Fəryad qopardılar ölümünə də.

Qapından girmədi nə haram, nə şər,
Nə küsüb incidi səndən bir bəşər.
Sağ ikən özünə həsəd çəkdilər,
Həsəd apardılar ölümünə də.

Nə qəfil yetişdi axır güzarın,
Son anda yenmədi yenə vüqarın.
Quş tək uçmasaydın, gül balaların
Əlac tapardılar ölümünə də.

5.

Üzümdə su yoxmuş, içimdə qəhər,
Qalmadı canımda nə güc, nə təpər.
Bu qansız dünyayla qaldım bərabər,
Yaşadım, ay Ana, səndən sonra da...

Yapışıb qolboyun dərdnən, amannan,
Qurtardım biryolluq dinnən, imannan.
Ağrıyan ürəknən, titrəyən cannan,
Yaşadım, ay Ana, səndən sonra da...

Elə dünənəcən Sən də vardınmı?
Oğlunla, qızınla bəxtiyardınmı?
Sən mənsiz bircə an yaşayardınmı? –
Yaşadım, ay Ana, səndən sonra da...

Sənsiz bu gündümü, bu həyatdımı?
Dözüb dayanıram, zarafatdımı?
Xəbərin oldumu… Ruhun şaddımı? –
Yaşadım, ay Ana, səndən sonra da...


Baxış sayı - 1 025 | Yüklənmə tarixi: 21.04.2020 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031