Rektor tələbələrlə onlayn görüş keçirdi
Bakı Ali Neft Məktəbinin Rektoru Elmar Qasımov Ali Məktəbin V kurs tələbələri ilə onlayn görüş keçirib. “Microsoft Teams” platforması üzərindən təşkil olunan görüşdə 100-dən çox tələbə iştirak edib.
Görüşün əsas məqsədi Ali Məktəbdə təlim-tədris prosesi və tələbələrin qarşısına çıxan çətinliklərin birgə həlli yollarını müzakirə etməkdən ibarət olub.
Görüş zamanı Rektor tələbələrin Final imtahanları, “Məzun Günü”, istehsalat təcrübəsi, karyera imkanları və digər vacib məsələlərə dair suallarını cavablandırıb.
Tələbələrlə distant dərslərin effektlivliyi də geniş müzakirə olunub.
Rektor Elmar Qasımov bildirib ki, ölkəmizdə ilk dəfə geniş formada tətbiq olunan distant təhsil Bakı Ali Neft Məktəbinin akademik heyəti və tələbələri üçün də uğurlu təcrübə olub. O qeyd edib ki, tətbiq edilən müasir kommunikasiya metodları fonunda qlobal səviyyədə geniş miqyas alan Koronavirus (COVID-19) pandemiyasının təhsil sektoruna mənfi təsirləri minimallaşdırılıb. Bunun nəticəsidir ki, Bakı Ali Neft Məktəbi də tədris prosesini vaxtında yekunlaşdırmağa və imtahanları onlayn qaydada uğurla təşkil etməyə nail olub.
Tələbələr də öz növbəsində onlayn tədris sisteminə vaxtında keçidin faydalı olduğunu diqqətə çatdırıblar.
Sonda tələbələrin hər birinin ayrı-ayrılıqda sualları cavablandırılıb. Qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq kafedra və şöbələrə tapşırıqlar verilib.