Karantin günlərində yaşam
Dünyada Covid-19 epidemiyasının ortaya çıxması ilə bu günə qədər adət etdiyimiz vərdişlərimiz dəyişdi; Hazırda insanlar davam edən bu yeni prosesə alışmağa çalışırlar. Üstəlik bu alışma prosesi yalnız bir ölkə üçün keçərli deyil. Bəlkə də ilk dəfə olaraq dünyanın müxtəlif coğrafiyalarında yaşayan bütün insanlar bu günlərdə eyni duyğuları hiss edir və bənzər şeyləri yaşamağa məcbur olublar.
Əksər insanlar evlərində bir əldə telefon, bir əldə televizorun idarəetmə pultu ümidlə xəbər dinləyir, videolara baxır, tvitləri oxuyur, aidiyati insanların açıqlamalarını və dövlətin virüsün yayılmasının qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlərini izləyirlər. İnsanlar fərdi olaraq sosial məsafəni saxlamaqla, zəruri olmayınca evdən çıxmamağa, izdihamlı mühitdən qaçmağa, şəxsi gigiyenaya diqqət yetirməklə həm özünü, həm də başqalarını viruslardan qorumağa çalışırlar.
Təbii ki, virusla mübarizə yalnız fərdi səviyyədə deyil. Eyni zamanda, dövlətlər epidemiyanın yayılmasının qarşısını almaq üçün, məsələn, təhsilin internet üzərindən davam etdirilməsinə qərar verir, insanları evdə olsalar belə, mümkün qədər məhsuldar olmağa çağırır, müəyyən yaş qrupları üçün komendant saatı tətbiq edir, ölkəxarici və ölkədaxili giriş və çıxışların məhdudlaşdırılması kimi tədbirlər ilə sosial səviyyədə mübarizə aparırlar.
Proses belə olduğundan hər keçən gün vəziyyət daha da çətinləşir; İşləyən valideynlər evdə işləmə prosesinə uyğunlaşmağa çalışır, uşağın məktəb həyatı evə sığışdırılmağa çalışılır, şagirdlərin məktəbli masalarını bu dəfə kompüter və ya televizor “əvəz edir”. Dildə “uygunlaşır” demək asandır, ancaq reallığa alışmaq çətin olur. Əvvəllər isti bir yuva misali olan ev, bu günlərdə ana, ata və uşağın günboyu birlikdə yeni alışqanlıqların nümayiş etdirildiyi darıxdırıcı və bəzən boğucu bir mühitə çevrilir.
Bəs həyatımızın belə mürəkkəbliyini normallaşdıraraq yeni prosesə uyğunlaşmaq üçün daha nələr edə bilərik? Bu yazıda karantin günlərində yaşamı asanlaşdıracaq dörd addımdan bəhs edəcəyəm.
1.Günü düzgün planlaşdırmaq
Bütün günü evdə olmaq zaman anlayışına da mənfi təsir göstərir; bəzən vaxt heç keçməyəndə bəzən də, zamanın necə keçdiyindən xəbərimiz olmur. Bu səbəblə həyatımıza qaldığımız yerdən davam etmək və məhsuldarlığımızı artırmaq üçün gündəlik edəcəyimiz işləri planlı şəkildə yazmaq faydalı olar. O günə aid görüləsi işlərə dair qeydlər aparmaq, bir cədvəl tutmaq günü planlaşdırmağı asanlaşdıracaq. Bu anda diqqət etməmiz gərəkən nüans cədvəli hazırlayarkən karantin günlərindən əvvəlki dövrdə gündəlik görülən işləri əsas götürməkdir. Əvvəlcədən edilənlər və vərdişləriniz yeni həyat üçün bir rəhbər misalındadır.
2. Evdəki vəzifələrə görə planları detallaşdırmaq
Evdəki bütün şəxslər günlərini vəzifələrinə görə planlaşdırdıqdan sonra hər kəs gündəlik planlarını başqaları ilə bölüşməlidir. Sonra bütün gün eyni evdən istifadə üçün fərdi məsuliyyətlər sadalanmalıdır.
Bu məlumatların təqdimatında dəyişən həyatın, yeni vərdişlərin məsuliyyətini bütün ailə üzvləri bilmiş olacaq. Bununla da ailə üçün ən uyğun olan vərdişlərdən ibarət gündəlik planlaşdırma hazırlamış olacaqsınız.
Cədvəlinizi tamamlayarkən istirahət etməyinizə imkan verən boş zamanlar da saxlamağı unutmayın. Çünki bu karantin müddətinin, yeni alışqanlıqların sizi bezdirməməsi üçün ailənizlə də xoş vaxt keçirməlisiniz.
3. Epidemiyadan əvvələ və sonraya bölünən həyatı birləşdirmək
Köhnə vərdişlərinizi yeni həyatınıza uyğun olaraq yenidən nəzərdən keçirin. Unutmayaq ki, insanın sosial varlıq olması, özünü tamamilə digər insanlardan təcrid etməyi çətinləşdirir. Məsələn, dostlarınızla görüşmək və qəhvə içmək vərdişini onlayn platformalarda bir araya gələrək, köhnə vərdişlərinizi müzakirə etmək, söhbətləşmək və s. faydalı olacaqdır.
4. Vücudu və özünü dinləmək
Sevdiyiniz insanlarla eyni evdə qalmağınız çox xoş olsa da, unutmaq olmaz ki, bu bir müddət sonra sıxıcı olur. Buna görə, hər kəs tək qalmağa da vaxt ayırmalıdır. Bəzən tək qalmaq özünüzü, enerjinizi bərpa etməyə imkan verəcək. Belə vaxtları da ailə üzvlərinizə bildirin. Beləcə, bədəninizi dinlədikdən, duyğularınızı təhlil etdikdən və yeni düşüncələrinizi kəşf etdikdən sonra gündəlik cədvəlinizi tamamlayın və hər gün bunu təkrar etməyə çalışın.
Manera.az