Aytmatovun məşhur əsəri səhnələşdirilir
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Manera.az xəbər verir ki, rejissor Anar Babalının quruluşunda gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi bu əsərin ideya müəllifi və bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.
Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər səsləndiriləcək.