manera.az
manera.az

"Nəsimi yaradıcılığında folklor izləri"

📅 29.12.2019 16:48

"Nəsimi yaradıcılığında folklor izləri"
Azərbaycanda Nəsimi ili münasibətilə çap olunan əsərlər arasında tədqiqatçı-yazar Aygün Cəfərovanın “Nəsimi yaradıcılığında folklor izləri” kitabı da özünəməxsus yer tutur.

Bu kitab “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB” və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin dəstəyi ilə “CBS-PP” nəşriyyatı tərəfindən çap olunub.

Əsərin elmi redaktoru filologiya elmlər doktoru, professor Rüstəm Kamaldır.

O, müəllifin özünəməxsus tədqiqat üslubunun olduğunu, Nəsimi şeirində folklor emosiyasını hiss edib ifadə edə bilmə imkanlarından söz açıb.

Filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlu, şair, Prezidentin fərdi təqaüdçüsü Əşrəf Veysəlli, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər də kitab haqqında dəyərli fikirlər söyləyiblər.

Nəsimi dilinin ədəbi dilimizin mühüm mərhələsi olduğu, onun xalq dili və bədii təfəkküründən ayrı düşünülməsinin mümkünsüzlüyü və şairin yaradıcılığının daha ətraflı öyrənilməsinə ehtiyac olduğu bildirilib.

Kitabın müəllifi Aygün Cəfərovanın qənaətincə, Nəsiminin Azərbaycan türkcəsində yaratdığı fikir-sənət inciləri, fəlsəfi və bədii görüşləri əsas yönəldici təsir gücünü İslam dini qaynaqlarından alsa da, şairə məxsus olan bir çox örnəklərdə İslama qədərki əsatiri görüşlərin və qədim türk təfəkkürünün izləri də yetərincədir.

Böyük mütəfəkkirin bədii irsindəki mifoloji inam, obraz və motivlər təkcə fərdi yaradıcılığın məhsulu deyil, həm də onun yaradıcı şəkildə bəhrələndiyi müəyyən folklor materialları, milli təfəkkürdə dərin əsatiri xatirə qismində yaşayan inamlardır.

Fərəh doğuran haldır ki, bu tədqiqat işində Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı nümunələri fonunda ətraflı araşdırılıb, folklorun lirik, epik, dramatik növünün ayrı-ayrı janrları ilə Nəsimi şeiri arasında uğurlu paralellər aparılıb. Müəllifin çoxsaylı gətirdiyi misallar söylənən fikirlərin əyaniliyini bir daha təsdiqləyir.

Bir daha belə bir əminlik hasil olur ki, Nəsimi yaradıcılığı həm də folklor irsimizin öyrənilməsi, XIII–XIV əsrlərdəki ədəbi dilin müəyyənləşdirilməsi baxımından dəyərlidir. Böyük şairin yaradıcılığında xalq şeiri üçün spesifik olan əlamətlərdən, dünya və kainatın yaradılışı ilə bağlı folklor nümunələrindən istifadə etməsi onun əsərlərini milli-mənəvi cəhətdən zənginləşdirib./xalqqazeti.com/

Əli NƏCƏFXANLI


Baxış sayı - 773 | Yüklənmə tarixi: 29.12.2019 16:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031