manera.az
manera.az

Mədəni adam yaltaqlıq etməz - Kamran Nəzirli yazır

Mədəni adam yaltaqlıq etməz - Kamran Nəzirli yazır
Yazıçının qeydləri

Amma mədəni Avropanın lap göbəyində çexiyalı heykəltəraş David Çernı dünyada ilk olaraq yaltaqlığa heykəl qoyubbu qeyri-adi heykəltəraşlıq nümunəsi Praqada müasir sənət Mərkəzində - Future qalereyasındadır. Mən “Yaltaqlığa Abidə” adlanan bu heykəli keçmiş həyatın qarışıq və ziddiyyətli ruhunu müəyyən mənada bərpa edərək qoruyub saxlamağa çalışan qalereyanın həyətində görmüşəm. Heykəli görmək üçün bilet almaq lazım deyil, sadəcə qalereyanın həyətinə girsən, şərqi avropalının yaratdığı nəhəng fiqurlara baxıb heyrətlənəcəksən.

Bəs 2003-cü ildə heykəltəraşın dünya tamaşaçısına təqdim etdiyi unikal abidənin əsas fəlsəfəsi və mənası nədən ibarətdir? Nə üçün mədəni avropalının yuxusuna qəflətən hər biri beş metr hündrlükdə olan iki çılpaq kişinin ağ fiqurlarından ibarət “abidə” girib və sonra... onu gerçəkləşdirib? Bir qədər müəmma doğuran suallara cavab verməyə çalışacağam. Hələ görək bu fiqurların əlləri niyə beton divarlara söykənib? Kişi fiqurlar 90 dərəcə yerə əyilib, çılpaq şəkildə dallarını dünyaya göstərir, bədənlərinin arxa nahiyyəsindəki xoşagəlməz dəliklərini ədəbsizcəsinə nümayiş etdirirlər. Heykəltəraş simasız dünyaya yaltaqlığın mahiyyətini və fəlsəfəsini bu cür təxribat xarakterli formada çatdırır, birbaşa demək istəyir ki, insanlar arasında münasibətlərdə yaltaqlıq bu cür görünür. Heykəllərin başı yoxdur, bu da, yumşaq desək, ona işarə edir ki, yaltaq və kölə xislətli adamların başı olmur – həm onlar, həm də onların təsir dairəsinə düşənlər abdal və ağıldan kəm adamlardır. Məgər mədəni və qoca Avropada belə şeylər olur?

Özümü əziyyətə salmadan deyim: suala ta qədimdən ataların hazır cavabı var - od olmasa tüstü çıxmaz. Maraqlıdır ki, kişi fiqurlarında təkcə “baş və
beyin” yox, həm də sifətlər görünmür. İlk baxışdan adama elə gəlir ki, məntiqlidir – baş yoxdursa, sifət də olmaz! Lakin burda heykəltəraş daha bir incə istehzalı hökm verir: yaltaq adamın siması olmur, o, sifətini də itirir, özünü bir şəxsiyyət kimi məhv edir!
Mədəni adam yaltaqlıq etməz - Kamran Nəzirli yazır
David Çernı bu əsəri ilə yaltaqlığın necə göründüyünü dünyaya söyləyib. Bilmirəm, estetik baxımdan buna sənət nümunəsi demək olarmı? Hər halda, belə bir unikal eybəcərlik insanın insanla münasibətlərində yalnız bir qəbahətin (təkcə bir qəbahətinmi?) “heykəlləşən” halının formasıdır. Bu hal nə qədər heyrət doğursa da, tamaşaçıda müharibə qurbanlarına, mənəvi və əxlaqi dəyərlərə, bəşəriyyətə estetik gözəlliklər və faydalı kəşflər bəxş etmiş insanlara, sevgiyə, ümidə, arzuya, etiqada, mərhəmətə və s. bu kimi fəzilətlərə qoyulmuş abidələrdən aldığımız zərif təəssüratlar oyatmır. Əksinə, ürək bulandırır, iyrənclik yaradır. Bu hələ cansız fiqurların doğurduğu ikrah duyğularıdır. Mən bir anlıq “Yaltaqlığa Abidə”ni qoyuram qırağa, gerçək həyatımıza, ətrafımıza baxıram. Məgər biz hər gün onları – yaltaq və yarınan adamların və onların təsiri altında məmnunluqla xumarlanan idarə, müəssisə, təşkilat və şirkət rəhbərlərinin canlı simasını görmürükmü?

Bu gün dünyada hər sahədə sürətli dəyişmələr gedir, o cümlədən, bizim vaxtilə “yaxşı” və “pis” sandığımız mənəvi-əxlaqi dəyərlərin rəngi, məzmunu və forması da dəyişir. Tarixən hansısa məqsədə çatmaq üçün yaltaqlıq etmək, boyun əymək, özünü alçaltmaq və s. bu kimi xüsusiyyətlər qəbahət sayılıb, insanı miskin və kölə halına vadar edən ictimai mühit və şərait qınanıb. Alimlər, filosoflar, yazıçılar, sərkərdələr, dövlət xadimləri, ümumiyyətlə, dinlər, müqəddəs Kitablar, irqlərin, cinslərin, millətlərin, dövlətlərin və xalqların üzdə olan simaları insana yaraşmayan, zərərverici və ikrah doğuran qəbahətlərə pis baxıblar. Bunlar haqqında nə qədər desən məsəllər, rəvayətlər, nağıllar, dastanlar, müdrik kəlam və ifadələr var.

Nəzəri-elmi araşdırmalar, tövsiyyə və məsləhət xarakterli, ədəbi-bədii, tarixi əsərlər, kitablar, filmlər, rəsmlər, sənət nümunələri yetərincədir. Amma bütün bunların sanki faydası olmur, yenə görürsən ki, insan münasibətləri arasında xoşagəlməz və mənfur hallar baş verir, o cümlədən yaltaqlıq halları da. Nə üçün? Məgər mədəni davranışa qətiyyən yaraşmayan yaltaqlıq və yarınma insanın qanındadır? Bəlkə insan genetik, ya da anadangəlmə elə qəbahətlərlə doğulur? Bəri başdan deyim ki, elm də, din də buna qətiyyətlə “yox!” deyir. Həyat və gerçək təcrübələr isə başqa şeylərdən danışır.
Mədəni adam yaltaqlıq etməz - Kamran Nəzirli yazır
Yaltaqlıq hər şeydən əvvəl etik davranış məsələsidir. İnsanlar arasındakı rəftar və etik davranış tarixi xarakterlidir, nəticə etibarı ilə cəmiyyətin maddi həyat şəraitinin məhsuludur. Məlum məsələdir ki, hər bir dövrdə müəyyən mərhələdə cəmiyyətlər öz fərdlərinə bəlli əxlaq normaları, əxlaq prinsipləri, davranış qaydaları diktə edir. İnsanlar bu və ya digər şəkildə normalara əməl etməyə borcludurlar, həm də axı buna məsuliyyət daşıyırlar. Etik normalara düzgün və ya qeyri-düzgün əməl etməkdən çox şey asılıdır. Əlbəttə, insanın davranışında yaltaqlıq kimi qeyri-əxlaqi xüsusiyyətin yaranmasının obyektiv və subyektiv səbəbləri çoxdur. Səbəbsiz heç nə baş vermir. Hər halda, mənim fikrimcə, yaltaqlıq fitri deyil, insan duyğularından kənarda, bəlkə də mühitdə yaranan məhsuldur. Yaltaqlığa təkcə təzahür kimi deyil, həm də mahiyyət kimi baxmaq lazımdır, yəni o, obyektivliklə subyektivliyin qarşılıqlı dialektik vəhdəti kimi başa düşülməlidir. Bütün başqa qəbahətlər kimi yaltaqlıq da sonradan yaranır, inkişaf edir və nəhayət, xarakterə xas olur.

Qərbin, Şərqin, o cümlədən Avroasiya məkanında yerləşən Azərbaycanın bədii-etik fikrində insanın davranışı ilə bağlı etik məsələlər kifayət qədər qabardılıb. Hələ ustad Nizami Gəncəvi qeyd edirdi ki, insanın bütün qəbahətləri və rəzalətləri öz mənbəyini orta həddin pozulmasından götürür, yəni, onlar ifratla bağlıdır; böyük şairimiz Aristotelin “qızıl orta hədd” fikrini “İqbalnamə”də açıq-aşkar dəstəkləyir, ona yeni məzmun verir, həddini bilməyi, həddi aşmamağı tövsiyə edirdi:

Ölçü-biçi bilsən hər işində sən,
Böyük hesabları düz həll edərsən...


Elm və Ədəbiyyat yaltaqlığı, yarınmağı birmənalı olaraq ifşa edir, bunu insanın ən iyrənc xüsusiyyəti sayır. Rus yazıçısı Anton Çexovun “Kök və arıq” adlı qısa hekayəsi var - rus cəmiyyətində baş verən bu sosial bəlanın mənzərəsini ustalıqla verib: süjet çox sadədir - vağzalda vaxtilə məktəbdə bir yerdə oxumuş və illərlə bir-birini görməyən iki nəfər rastlaşır. Onlardan biri kökdür, restorandan təzəcə çıxıb, dodaqlarının yağı və suyu hələ qurumayıb, yağlı xörək iyi verir; ikinci personaj isə arıqdır, qatardan təzəcə düşüb, əlləri yüklüdür, çamadan daşıyır. Ondan da qəhvə xıltı qoxusu gəlir. Elə ilk sətirlərin bədii detalları – qoxular iki əks qütblü obrazın sosial statusu barədə təsəvvür yaradır. Əlbəttə, qəhvə xıltının iyi kasıb adamdan gələr... Dostlar qəfil görüşdən heyrətlənir, xoşhallanırlar. Çox mehriban görüşür, ilk anlar biri - birinə xoş və həyəcanlı sözlər deyirlər:“Porfiriya! Əzizim!”, “Mişa! Ah, mənim uşaqlıq dostum!”. Hətta üç dəfə öpüşürlər...

Adama elə gəlir ki, gözlənilməz görüşdən sonra xatirələrin ucu-bucağı görünməyəcək, köhnə dostlar başlayacaqlar ötən günləri həzin-həzin xatırlamağa... Lakin görüşdən alınan nəşənin ömrü çox qısa olur. Kök adam deyir ki, o, məxfi idarədə işləyən müşavir vəzifəsinə qədər qalxıb. Arıq adamın rəngi dərhal ağarır, donub qalır, az sonra üzündə yaltaq bir gülüş əmələ gəlir. Sanki gözlərindən və üzündən qığılcımlar səpələnir, əzilib-büzülməyə başlayır, o qədər alçalır ki, çamadanları da qırışlanır, arvadının onsuz da uzun olan çənəsi lap uzanır, arxadan gələn oğlu da əsgər kimi farağat durur... Bir rus ailəsinin qəfildən belə qəribə duruma düşməsi və dəyişməsi çox sadə izah edilir: məktəb dostları arasında sosial statusa görə çox böyük fərq var- kök adam yuxarı təbəqəyə, arıq adam isə adi, alt təbəqəyə mənsubdur. Arıq adam dərhal qarşısındakına ağa kimi baxır, onu kübar bilir, nitqi də dərhal dəyişir, alçalır, kəkələyir: “Zat aliləri, icazə verin diqqətinizə çatdırım ki...Möhtərəm cənab...” Beləliklə, arıq adam daha çox ictimai mövqeyə, sosial statusa dəyər verir, özündən yuxarıda duran məmurun qabağında alçalır... Yazıçı demək istəyir ki, bu, qul psixologiyasıdır – qul hər cür alçaqlığa hazırdır...

Dində və Təcrübədə bu məsələlərə bir qədər fərqli yanaşmalar da var. Misal üçün, İslamda bəzi hədislər deyir ki, yaltaqlıq nəzakətin ən ifrat formasıdır, İslam dini bunu haram sayır. Lakin paradokslar da var - yaltaqlığa və köləcəsinə səcdəyə zəruri hallarda icazə verilir. Məsələn, insan etiqadını və həyatını qorumaq, mülkiyyətini, şərəf və ləyaqətini müdafiə etmək zərurəti yarandıqda bu qəbahətdən istifadə edə bilər. İslamda həm də zalımdan müdafiə olunmaq zərurəti yarandıqda köləcəsinə səcdəyə icazə verilir. Başqa dinlər kimi, İslam da ifrata qarşı çıxır. Hədislərin əksəriyyətində “yaltaqlıq və köləcəsinə səcdə müsəlmana yaraşmaz” , “nüfuzlu adamın qarşısında maddi nemətlər əldə etmək naminə alçalan adamı Allah bağışlamaz”, “Var-dövlət qazanmaq naminə köləcəsinə səcdə edən adam öz inam və etiqadını itirər” və s. hökmləriylə yanaşı, “həqiqətə görə “alçalmaq” təkəbbürdən daha yaxşıdır” tövsiyəsinə də yer ayrılıb.

Bloknotumda xarici xəbər agentliklərinin lentində oxuduğum bir məlumat barədə qeyd var: Çin alimləri bu qənaətə gəliblər ki, yaltaqlar cəmiyyətə və dövlətə ziyan vururlar, pis işləyirlər, onların faydalı iş əmsalları sıfıra bərabərdir, çünki yarnmıq və yaltaqlıq etmək insandan həddən artıq enerji və güc tələb edir, belədə ürək qüvvədən düşür. Tədqiqatçılar bir şirkətdə 75 əməkdaşın davranışını təhlil edərkən maraqlı nətəcələr əldə ediblər. “Tətbiqi Psixologiya” jurnalına müsahibə verən aparıcı mütəxəssis Antoni Klots menecment kafedrasının müdiridir, dosentdir; o, qeyd edib ki, yaltaqlıq nəticəsində əmələ gələn sinir pozğunluğu dərhal insanın əhval-ruhiyyəsinə təsir edir, bəzən insanı o qədər əldən salır ki, o işdən çıxıb getməyə məcbur olur. Yaltaq adam işdə bütün günü rəhbərliyə necə yarınmaq üsulları barədə düşünür, daim fikirləşir ki, hansı tərifli sözdən istifadə etsin ki, rəhbərin xoşuna gəlsin. Beləliklə, işin sonunda boşalır, süstləşir, əzgin və yorğun olur. Ruhun gücünü yaltaqlıq qədər azaldan ikinci bir vasitə yoxdur. Bu zaman məhsuldarlıq azalır, mənəviyyat korşalır, adam iş yoldaşları ilə də daim konflikt yaradır.
Mədəni adam yaltaqlıq etməz - Kamran Nəzirli yazır
Mənim toxunduğum həssas mövzuya müxtəlif yöndən yanaşmalar və şərhlər ola bilər. Hər halda, düşünürəm ki, biz elə bir qarışıq zamanda yaşayırıq ki, xoş rəftar, xoş söz, tərif, nəzakət, yaltaqlıq, əyilmək, qürur, təkəbbür, təhqir və tənqid və s. kimi anlayışların sərhədlərini müəyyən etmək, hətta bu barədə dəqiq reseptlər vermək belə çətindir. Biz yalnız ümumbəşəri və klassik əxlaq normaları çərçivəsində mövzunun daha düzgün başa düşülməsi istiqamətində fikir və düşüncələrimizi bölüşməyə çalışırıq. Konkret olaraq yaltaqlıq barədə başqa fikirlər də mövcuddur; dəyişkən və sürüşkən dünyada bizim qəbahət sandığımız anlayışa müsbət tərəfdən yanaşmalar da var. Cared Səndberq adlı amerikalı bir müəllif yazır ki, yaltaqlıq çətin sağalan xəstəlik olsa da, karyera qurmağa imkan yaradır.

Məqalə müəllifi nəql edir ki, “Detroyt Times” qəzetinitn reportyoru Erik Starkmən günlərin bir günü redaksiyada yaltaqları müəyyən etmək fikrinə düşür, sadəcə redaksiya əməkdaşlarını daha diqqətlə müşahidə etməyə qərar verir. Həmin dövrdə qəzetin şefi Robert Caysl kimi nüfuzlu adam idi; Robert həm də peşəkar jurnalist olub. Şef həmişə çiyinbağıyla gəzirmiş, əynində boğazınadək düymələnmiş kip köynək geyər, eynək taxarmış; tez-tez eynəyini sürüşdürüb gah alnına qoyar, gah da bağla sinəsindən salladarmış. Bir müddət sonra ofisdə şefdən bir qədər aşağı ranqda olan redaktorlar da onun kimi geyinməyə və eynək taxmağa, eyni hərəkətlər etməyə başlayırlar. Starkmənə, onun kimi düşünən iş yoldaşlarına belə davranış dəhşətli görünür və deyir ki, bu yaltaqlara bircə dəfə baxmaqla adamın lap əti tökülür: “Onlar necə də vicdansız idilər! Geyimləri cəhənnəmə, bu adamlar güzgüdə heç olmasa özlərinə baxırlarmı?..”

Yaltaqlığın dərin daxili mahiyyətini həm də vəzifə, var-dövlət, güc və həyat firavanlığına can atan zümrənin istəklərində axtarmaq lazımdır. Bəşər tarixinin ötüb keçən dövrlərinə nəzər salsaq, görərik ki, insan təbiətində bu istəklərə həvəs heç vaxt sönməyib, əksinə, getdikcə çoxalır, çoxaldıqca da insan daha çox simasızlaşır, nəticədə hər yeni nəsildə özünü daha iyrənc formalarda büruzə verir. “Atalar və oğullar” kimi qədim problemə səbəblər bu istəklərin yanında toya getməlidir, halbuki atalarını bəyənməyən oğullar elə onların bizə miras qoyduqları yaxşı və pis davranış qaydalarıyla gedirlər. Özü də necə!

Bizim toplum arasında “erməniyə dayı deyərəm, işim keçsin” kimi və ya buna oxşar bəzi əxlaqsız deyimlər hələ də yaşamaqdadır. Belə nümunələri həyat təzinə və düşüncəsinə həkk edənlər hər yerdə - evdə, işdə, istirahətdə, bazar-dükanda, restoranda...bir sözlə, cəmiyyətdə müasir korporativ mədəniyyət üçün çoxsaylı problemlər yaradırlar. Nəticədə kollektivlərdə, ictimiyyət arasında psixoloji durum pozulur, peşəkar, bacarıqlı və daha zəhmətsevər insanların çalışdığı sistem sürətlə dağlmağa başlayır. Axı bu təsirin altına düşənlər də özünütənqidə qarşı hisslərini itirirlər. Rayonlara, müəssisə və təşkilatlara başçılıq edənlər tabeliklərində olan bəzi yaltaq əməkdaşların tilsimindən qurtula bilmir, hətta ağıllarına belə gətirmirlər ki, yarınanlar ondan sui-istifadə edirlər, sonda yaltaq tiplər maneəsiz-filansız vəzifə pillələri ilə yuxarı dırmaşırlar. Belə bir ümumi fikir var ki, yaltaq adam ən yaxşı halda sadəcə iyrənc məxluqdur, ən pis halda isə bütün şirkət, idarə və ya müəssisə üçün fəlakət və iflas deməkdir.

Yenə Səndberqin məqaləsinə qayıdıram, çünki burada mübahisə və təqdir doğuran nüanslar çoxdur: məqalədə daha sonra Katzenbach Partners idarəetmə üzrə məsləhət şirkətinin təsiscisi Mark Feyqenin həyat təcrübəsindən söhbət açılır. Marka görə, çox vaxt mühasibatlıqda qalmaqallar yaltaqlar ucbatından baş verir. Onlar gələcək nöqsanların baş verməməsi üçün vaxtında xəbərdarlıq etməyə həvəsli deyillər, hansısa anda təhlükənin olacağı barədə xəbərdarlıq etmək istəmirlər. Problem həm də bundadır ki, yaltaqlıq və yarınma karyera yüksəlişində hərəkətverici və çevik vasitə rolunu oynayır.

Daha bir məşhur şirkətin - Stascom Technologies təşkilatının baş direktoru Bass etiraf edir ki, cavanlıqda o da öz rəhbərinə yaltaqlıq edib, hətta onu kölgə kimi izləyib, onun tapşırıqlarını yerinə yetirmək üçün hətta bazar günləri də işə çıxıb. Bundan başqa o, öz rəhbərini yağlı sözlərlə tərifləməkdən də çəkinməyib, onun geyindiyi kimi geyinib, hərəkətlərini təkrar edib. “Sevimli rəhbəri siyasətə qoşulandan” və “hansısa idman növü ilə məşğul olandan” sonra o da eynilə rəhbərini təkrarlayıb. İndi Bass özü rəhbərdir, etiraf edir ki, onun ətrafında yaltaqlara da yer var, lakin ağıllı yaltaqlara.

Doğrudur, Bass kobud və ifrat yarınmanı sevmir, lakin əməkdaş ona deyəndə ki, gecə-gündüz işləyir, bunu xoşalyır.

Göründüyü kimi, yaltaqlıq barədə təzadlı fikirlər də mövcuddur. Məqalədə Stenli Herst adlı rəhbər kadrların seçilməsi üzrə özəl agentliyin başçısından da nümunə verilir. Herst deyir ki, onun bir əməkdaşı varmış, birbaşa tabe olduğu müdirinə yaltaqlanmaqdan çəkinmirmiş. Hətta ona tərifli sözləri açıq-aşkar hamının yanında deyirmiş, onu çox sevdiyini dilə gətirirmiş. “Növbə mənə çatanda bunu dərhal hiss elədim və bundan ümumi işimiz zərər gördü”. Buna baxmayaraq Herstin şirkətində yaltaq adam o biri əməkdaşların başının üstündən tullanıb qabağa keçir, karyerasını yüksəldir, onun üçün xüsusi şərait yaradılır, ona yaxşı bonuslar, mükafatlar, imtiyazlar verilir...Beləliklə, kollektivdə ona qarşı həqarət yaranır.

Təəssüf doğurucu məqam budur ki, Herst özü də yaltağın toruna düşür, halbuki gözəl anlayır ki, kollektivdə mənəvi-psixoloji durum dözülməzdir; bir müddət sonra Herst başlayır iyrənməyə, səhvini anlayır, görür ki, yaltaqlığa və ifrat tərifə cəmiyyət tüpürür, insanlar hətta onun özünə də pis baxırlar. Bəli, yaltaq havada, ya da elə zəif və xırda varlıqların özünü qorumaq üçün qaydasız mübarizələr meydanında süzən mığmığa kimidir, intəhası, o kortəbii hərəkətlər eləmir, çünki şüuru var, bütün gücünü və ağlını da qənimət naminə hiyləgərliklə işə salır, obyektindən istədiyini qopartmayınca, onun başına pərvanə kimi dolanır. Metafora olsa da, bu acı həqiqətdir və elə həmin “pərvanəlik” prosesi insan münasibətləri arasında elə möhkəm qayda-qanun yaradıb ki, onsuz heç bir iş həll olunmur; kədərli hal odur ki, nə yaltağın, nə də buna rəvac verənlərin heç birinin əxlaqi hissləri buna etiraz etmir.

Elmi dünyagörüşə görə insanla heyvan instinktləri arasında genetik bağlılıq var, lakin birincinin bütün mənəvi aləmi, yaxşı və pis cəhətlər barədə təsəvvür və anlayışları sosialdır, ailədə, məktəbdə, ictimai əmək və fəaliyyətdə doğulur. Yaxşı və pis cəhətlər yalnız insana məxsusdur, onun əxlaqı və tərbiyəsi ilə bağlıdır, birgəyaşayışda təzahür edir, qiymətləndirilir. Bizim yaşadığımız ictimai-tarixi şərait, mövcud tərbiyə, ədəb-ərkan üsulları (bura həm də adət-ənənə kimi xüsusi dəyərləri də əlavə etmək olar!) həm pis, həm də yaxşı cəhətlərimizin yaranmasına rəvac verir. Yaltaqlıq da beləcə, həm mühitin, həm də tərbiyənin məhsuludur. Müasir internet texnologiyasının, kibernetik sistemlərin, sosial şəbəkələrin, mətbuat və televiziyanın da əxlaqi həyatımıza təsirləri böyükdür. Və düşünürəm ki, bu məsələdə ən mühüm rolu insanın, vətəndaşın və cəmiyyətin özü oynayır. İnsan gərək özünü görə bilsin, öz səhvini və nadanlığını düzəltmək əvəzinə höcətlik etməsin...

Əlbəttə, elə bir adam yoxdur ki, tərifi sevməsin. Axı kim ona deyilən xoş sözdən inciyər? Belə çıxmasın ki, mən xoş və səmimi sözün əleyhinəyəm. Əksinə, indiki durumda insanlara səmimi xoş sözlər demək daha çox lazımdır. Gərək həddi aşmayasan! O cəmiyyət rahat və daha rifahlı olur ki, orda şəfqət hissi, nəzakət, vicdan əzabı, xeyirxahlıq kimi anlayışların mahiyyəti onun üzvləri – fərdləri tərəfindən düzgün başa düşülür. O cəmiyyət və dövlət rahat, təhlükəsiz harmoniya ilə irəli gedir ki, orda hər bir fərd, vətəndaş ləyaqətin, ədəb-ərkanın, humanizmin və müdrikliyin nədən ibarət olduğunu dərk eləsin, bunları öz həyat kredosuna yönəldə bilsin. Məncə, sağlam düşüncə və davranışın fəlsəfəsi də elə budur.

Məqaləmin əvvəlində Çexiyadakı unikal hadisədən - “Yaltaqlığa abidə”dən söz açdım; çılpaq fiqurlarla bağlı bir müəmmanın da üstündən pərdəni yarıya kimi çəkmək istəyirəm – müəllifin yaratdığı “abidə” konkret iki çexiyalı şəxsə həsr olunub; biri aktiv tərəfdir, yəni yaltaq, o biri isə passiv - yaltaqlığa rəvac verən şəxs. Əlbəttə, belə eksponat ümumbəşəri mədəniyyət abidəsi deyil və güman edirəm ki, olmayacaq da. Lakin ciddi çağırışdır, yaltaqlıqla mübarizə üsullarından, mədəni millətin və xalqın təmiz və müdrik simasını xırda ləkələrdən təmizləmək üçün ictimai qınaq vasitələrindən biridir. Xoşagəlməz davranış və hərəkətlərin doğura biləcəyi fəsadlardan qurtulmaq üçün daha hansı təsirli yollar ola bilər ki?!

Bakı, avqust, 2019-cu il.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930