İki dahinin dostluğu | Hüseyn Cavid - Üzeyir Hacıbəyli dostluğu

Manera.az "Cavidi xatırlarkən" kitabında Mişkinaz Cavidin "Hüseyn Cavid və Üzeyir Hacıbəyov dostluğu" yazısını təqdim edir:
Cavid böyük sənətkarımız Üzeyir Hacıbəyovla, çoxdan, lap gəncliyindən tanış idi. Yadımdadır, Cavid deyərdi ki, mən də, Üzeyir də Tiflisdə olarkən hər ikimiz “Şeyx Sənan” üzərində işləyirdik. O, “Şeyx Sənan” operası, mən isə “Şeyx Sənan” faciəsi üzərində çalışırdıq. Bir gün növbəti görüşlərimizdən birində o dedi ki, Cavid, “Şeyx Sənan” operasını qurtarmışam, gəl librettosunu oxuyum, qulaq as, gör bəyənirsənmi? Mən ona dedim ki, Üzeyir bəy, sən allah incimə, mən sənin bu istəyinə əməl edə bilməyəcəyəm. Özün bilirsən ki, mən də “Şeyx Sənan” faciəsi üzərində çalışıram. Əgər sənin librettona qulaq assam, qorxuram xəta edib təsir altına düşəm. Yaxşısı budur ki, hələ qoy mən onun intizarında qalım. Sonra böyük həvəs və məmnuniyyətlə sənin librettona qulaq asaram.
Cavid yeri düşdükcə Üzeyir bəy haqqında söhbətlər edərdi. Bakıda Üzeyir bəylə Cavid arasında dostluq daha da möhkəmləndi. Üzeyir bəyin bacanağı Pənah bəy Qasımovla biz Kommunist küçəsindəki 8 №-li evin üçüncü mərtəbəsində (indiki Azərbaycan SSR Ali Sovetinin binası) qonşu idik. Üzeyir bəy, eləcə də Müslüm bəy Maqomayev tez-tez Pənah bəygilə gəlir və hər dəfə ya onlara getməzdən əvvəl, ya da çıxandan sonra bizə gəlib söhbət edərdilər. Hətta bəzən Üzeyirlə Müslüm Pənahgilə getməzdən əvvəl bizə gələrkən söhbətləri elə şirin olardı ki, Pənahı da çağırar və daha ora getməzdilər. Pənah böygil həmin binadan köçəndən sonra da dostluğumuz, get-gəl davam edirdi.
Yadımdadır... 1936-cı ilin sentyabr ayının 27-də Pənah bəyin kiçik qızı Nigarın ad günü idi. Yenə də dostlar ora toplaşdılar. Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi: “Cavid əfəndi, ozün bilirsən “Koroğlu” üzərində işləyirəm. Yaman vuruşdayam. Bu yaxınlarda qurtarıram. İnşallah, “Koroğlu”nu qurtarandan sonra ürəyimdə tutmuşam ki, sənin “Şeyx Sənan”ına opera yazım. Cavid dedi: – Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. Nə vaxt istəsən “Şeyx Sənan”a libretto yazaram. Sonra Üzeyir bəy yarıkədərli bir halda dedi ki, özün bilirsən də mənim “Şeyx Sənan” operamın librettosu o qədər də xoşuma gəlmir. Sənin “Şeyx Sənan”ın mənim ürəyimcədir. Allah sənə də, mənə də cansağlığı versin. Yaxşı bir əsər yazarıq. Bu zaman söhbətə maraqla qulaq asan Müslüm bəy üzünü Üzeyir bəyə tutub dedi: – Üzeyir, özün haqqında danışırsan. Bizləri tamamilə unudursan, heç ürəyimdə tutduqlarımı demirsən. Sən ki, ürəyimdəkilərdən xəbərdarsan.
Üzeyir bəy səsinə zarafatyana bir ahəng verdi: – Müslüm, mən heç kəsin sirrini açan oğlanlardan deyiləm. İndi istəyirsən sənin sirrini açıb deyim ki, çoxdandır “İblis” operasını yazmaq istəyir. Hətta bir-iki dəfə oturub götür-qoy etmişik, sonra deyəcəksən ki, Üzeyir mənim yaradıcılıq sirrimi açır. Deyirsən, qardaş, özün de. Bu Cavid, bu da sən. Üzeyir bəy güldü. Gülüş uzun sürmədi... Müslüm bəy: – Üzeyir, nə vardı sən dedin. Cavid əfəndi, mən istəyirəm lap bu günlər “İblis” haqqında sizinlə söhbət edək. Sonralar onlar – Cavidlə Müslüm bəy “İblis” haqqında ciddi söhbətlər etmişlər. Müslüm bəy operanı yazmağa hazırlaşırdı. Bu söhbətlərdən biri indi də mənim yadımdadır.
1937-ci il aprelin 30-da “Koroğlu” operasının ilk tamaşası idi. Üzeyir bəy bizi də dəvət etmişdi. “Koroğlu” tamaşaçılar tərəfindən çox gözəl qarşılandı. Cavid tamaşa qurtarar-qurtarmaz: – Bu gün əsl xalq bayramı, əsl sənət bayramıdır, – dedi. Mən Cavidlə bərabər Üzeyir bəyi təbrik etmək üçün səhnə arxasına keçdim. Onlar çox səmimi görüşdülər və Cavid mənə söylədiyi sözləri Üzeyir bəyə də dedi. Üzeyir bəy ayrılarkən Cavidin əlini sıxıb çox mehribanlıqla dedi: – İndi “Şeyx Sənan” operasına başlaya bilərik. Müslüm də sözə qarışdı: – Cavid əfəndi, “İblis” yaddan çıxmasın, sözümüz sözdür. Cavidlə Üzeyir bəyin, Müslüm bəyin dostluğu adi bir dostluq deyildi. Bu, sənətkarın sənətkarla dostluğu idi. Onların hər üçü sənət naminə, sənət eşqinə, Azərbaycan mədəniyyətinin inkişafı naminə dostluq edirdilər. Ona görə də bu dostluq çox möhkəm və sarsılmaz idi.
MANERA.AZ