manera.az
manera.az

Vüsal Bağırlı: “Mütaliə rəqabəti”

📅 04.04.2019 16:06

Vüsal Bağırlı: “Mütaliə rəqabəti”
İkimiz də proza nümunələrini, hekayə, novella və romanları sevə-sevə oxuyuruq, yəni mütaliə azarkeşiyik. “Bu qədər oxumaq olar?!” düşüncəsiylə çoxları mütaliə həvəskarına gülür, başları xarab olub deyirlər, lakin bizi bu həvəsdən döndərmək mümkün deyil.

Dostum Ələsgərlə hündür mərtəbəli şüşə binada, iş mərkəzində çalışır, lakin fərqli mərtəbələrdə otururuq. Səhər işə tələsərkən də, işdən evə gələrkən də yollarımız kəsişir. Bu sanki öz-özünə baş verir. Bir də görürsən, metroya qədər, piyada yerişlə 15-20 dəqiqəlik yolu ədəbiyyata dair söhbətlərlə bir göz qırpımı qədər qısaltmışıq. Ədəbiyyata, prozaya, nəsrə olan sonsuz həvəs bizi maqnit kimi bir-birinə çəkir, cəzb edir.

Mütaliə üçün müxtəlif üsullardan, müasir texniki vasitələrdən istifadə edirik. Bəzən bunun üçün internetə baş vururuq. Çünki, bu məkanda ədəbi əsərlərin seçim imkanı geniş, tərcümələr isə keyfiyyətli olur. Dostum əsərləri əsasən türk dilində yükləyir. Mən isə rusca oxuyuram. Oxuma tərzimiz də fərqlənir. Gözlərimi yormamaqdan ötrü mən yazını adi A4 formatlı kağızdan, o, isə birbaşa “reader”dən oxuyur.

Onun mütaliə tempi çox yüksəkdir. Ələsgər ay ərzində 3-4 romanı asanlıqla bitirdiyi halda, mən birini zorla sona çatıdırıam. Mənim sürəti artırmaqla, ona çatmaqla bağlı əbəs cəhdlərim, “rəqibimin” mütaliə bacarığına və oxu vərdişinə məğlub həsəd hissindən o tərəfə keçmir.
Əksər əsərlər barədə fikirlərimiz üst-üstdə düşsə də, bəzən aramızda ziddiyyətlər, təbii mübahisələr, ədəbi diskussiyalar yaranır.

Biz kitab kolleksiyası toplayırıq və bu yarışda da mütaliə dostuma göz-görəti uduzuram. Onun ev kitabxanasında təxminən minədək cildliklər, müxtəlif yazıçıların A-dan Z-ya qədər seçilmiş əsərlər toplusu var. Mənim ixtiyarımda olan kitabların sayı bunlarla müqayisədə təxminən iki dəfə azdır. Lakin, həvəsdən düşmürəm, əksinə, yarışma, rəqabət istəyi yeni kitablar almağa, kolleksiyanı zənginləşdirməyə vadar edir.

Birlikdə tez-tez kitab almağa gedirik. Elə ki, o müqəddəs məkana, yəni kitab mağazasına daxil oluruq, bizi oradan çıxarmaq qeyri-mümkündür. Bəzən onca dəqiqə üçün gəldiyimiz kitab mağazasında, özümüzü və zamanı unudur, saatlarla vaxt keçiririk. Bir kitab almalıyıqsa üç, beş kitab almalıyıqsa yeddisini götürürük.

Aşırı mütaliə, bədii ədəbiyyat həvəskarları bəzən satıcılar tərəfindən aşkar şübhəylə, səbəbsiz qıcıqla qarşılanırlar. Onlar kitabları, yalnız mütaliə naminə, kolleksiya naminə almağımıza inanmırlar. Onlar bizi özləri kimi, bir kitab alverçisi, bazar dəllalı olaraq görür, “yəqin burdan alıb, başqa yerdə satır” düşüncəsiylə dəyərləndirirlər.
Bir dəfə dostumdan, hal-hazırda nəyi mütaliə etməsi ilə maraqlandım. Üzümə baxıb gülümsündü və kitabın adını göstərdi: “Mənim adım Zorbadır”.

Ad mənə qəribə gəldi və yubanmadan “googl”da axtarışa başladım. Axtarış məni əsərin müəllifinə, Nikos Kazandzakis adlı yunan yazıçısıya aparıb çıxardı. O, Avropada kifayət qədər tanınmış ədib, iyirminci əsrin görkəmli yazıçılarından hesab olunsa da, nədənsə onun haqqında çox az məlumatlı idim.

Bu ərəfədə bəzi tərəddüdlər, şübhələr, daxili narahatlıqlar mənə əziyyət verirdi. Əsəri, bu gözəl dostluq hekayətini oxuduqdan sonra orada bir çox həyat suallarına cavab tapdım, mənəvi əminlik əldə etdim. Məsələn, Romanın bir yerində makedoniyalı Zorba deyir:

“Dünyada çox patriotlar var. Mən isə qətiyyən vətənpərvər deyiləm. Bir çoxları cənnətin olduğuna inanır və öz eşşəklərini onun zəngin otlaqlarında bəsləməyə çalışırlar. Mənim eşşəyim yoxdur və mən azadam, nə cənnətə, nə də cəhənnəmə inanıram. Ağam, mən savadsızam, nitqim bərbaddır, ancaq sən məni rahatca başa düşürsən. Bir çoxları şöhrətpərəstdir, bəziləri xudbin, Zorba isə belə şeylər barədə fikirləşmir. Mən yaxşılığa sevinmirəm, uğursuzluğa da əsla üzülmürəm. Əgər bilsəydim ki, yunanlar Konstantinopolu zəbt edib, bu məlumat mənə türklərin Afinanı ələ keçirməsindən çox təsir etməzdi.

Mənimçün fərq etməz, arvadım var ya yoxdur, doğruçulam ya əclafam, paşayam ya da hambal, hamısı eyni şeydir. Fərq yalnız mənim ölü ya da sağ olmağımdadır. Şeytanamı uyacam, ya Allahamı sitayiş edəcəm, istənilən halda gəbərəcəm, iylənmiş cəsədə çeviriləcəm. İnsanların havasını korlayacam və onlar da məni dörd futluq çalaya basdırıb gedəcəklər”.

Əsərin digər yerində isə müəllif romanın qəhrəmanı Zorbaya xitabən deyir:

“Yer kürəsində böyük dağlar mövcuddur – mən davam etdim – orada ucadan-uca, hündür, ünyetməz yüksəkliklərdə monastır-məbədlər var. Həmin yerlərdə sarı geyimli zahid-monaxlar yaşayır. Onlar ayaqlarını qatlayıb, gözlərini yumurlar. Onlar həftələrlə, aylarla yalnız bir ideya haqqında düşünüb dərin yuxuya gedirlər. Yalnız bir ideya, eşidirsən?! Onlar bizim kimi qadınlar və kömür yatağı, kitab və iş-güc haqqında düşünmürlər, onlar diqqətlərini yalnız o böyük ideyaya yönəldib möcüzələr yaradırlar. Möcüzələr, tilsimlər, sehrlər məhz belə yaranır.

Zorba sən heç görmüsənmi adi zərrəbinin köməyi ilə günəş şüalarını bir nöqtəyə necə toplamaq olur? Bu zaman həmin yerdə od-alov, atəş əmələ gəlir. Bu proses İnsanın beynində də gedə bilər. Möcüzələri biz özümüz yaratmalıyıq, zehnimizi, diqqətimizi bir nöqtəyə, vahid amala, ali məqsədə yönəltməklə. Sən bunu anlayırsanmı?”

Növbəti gün dostuma, amerikalı yazıçı Uilyam Stayronun “Sofinin seçimi” romanından, onun müharibə illərində Auşvits cəhənnəmindən sağ-salamat qurtularaq Nyu-Yorka gələn və həmin ölüm düşərgəsində etdiyi dəhşətli seçimə görə ömrünün sonunadək əzaba çəkən qəhrəmanından, polşalı qadın Sofinin faciəli taleyindən bəhs etdim.

Gələcəkdə oxuması üçün, lap yaxınlarda bitridiyim digər iki əsəri, Lyosanın “Palomino Moleronu kim oldürüb” və Dmitri Qriqoroviçin “Kənd” povestlərini də Ələsgərə nişan verdim.

O, isə gülümsündü və mənə oxuduğu ən yaxşı əsərlərin top-siyahısını göstərdi. Oxucular üçün də maraqlı olacağını güman edib, siyahıdakı bəzi adları təqdim edirəm: Eji Kosinski “Rənglənmiş quş”, Mo Yan “Qızıl darı tarlaları”, Conni Uillis “Qiyamət kitabı”, Donna Tartt “Qızılı çınqıl quşu”, Sadık Hidayət “Kor bayquş”, Frenk Makkort “Ancelanın külləri”, Entoni Barces “Avtomatik portağal” və Con Fante “Tozdan soruş”, Ayn Rand “Həyatın qaynağı”, Kolett “Dişi pişik” Tom Beyker “Donuzları təkmələyən uşaq”.

Beləliklə, hamınızı bu maraqlı əsərləri oxumağa səsləyirəm.

Yastığınız kitab olsun.

Vüsal Bağırlı



Baxış sayı - 1 356 | Yüklənmə tarixi: 04.04.2019 16:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031