2018-ci il üzrə Servantes mükafatı öz sahibini tapdı

İspandilli ədəbiyyatın Nobel mükafatı sayılan Servantes mükafatına bu il uruqvaylı şair İda Vitale layiq görülüb.
95 yaşlı xanım şair Uruqvay ədəbiyyatında məşhur “45-lər nəsli”nin (Mario Benedetti və Xuan Karlos Onetti də bu hərəkatın məşhur üzvlərindəndirlər) yaşayan sonuncu nümayəndəsidir. Uruqvayda hərbi diktaturanın hakimiyyəti zamanı, 1974-cü ildə Meksikaya sürgünə göndərilib, daha sonra isə ABŞ-ın Texas ştatına yerləşib. Meksikada Oktavio Pasla tanışlıqdan sonra dönəmin önəmli ədəbiyyat jurnalı olan “Vuelta” jurnalın yaradıcı heyətinə daxil olub. İndiyə qədər ispandilli ədəbiyyatın digər məşhur mükafatlarına da layiq görülüb.
Məşhur kitabları: “Bu xatirənin işığı”, “Byobu əlifbası”, “Mümkünsüzə cəhd edin”.
Miqel de Servantes mükafatı 1975-ci ildə İspaniyanın Mədəniyyət Nazirliyi tərəfindən təsis olunub. İspandilli ədəbiyyatın ən böyük mükafatı hesab olunur. Hazırda 125 min avro məbləğində olan mükafatın əvvəlki sahiblərindən Oktavio Pas və Mario Varqas Lyosa daha sonra Nobel mükafatlarına layiq görülüblər. İspan yazıçısı Kamilio Xose Sela isə öncə Nobel, daha sonra Servantes mükafatını alıb. Builki mükafat 2019-cu ilin aprelində sahibinə təqdim olunacaq.
MANERA.AZ