Oxucu sevgisi qazanmaq istəyirsinizsə.. - Umberto Ekodan yazı qaydaları

Mən, "necə daha yaxşı yazmaq olar” sualının cavabı kimi çoxsaylı meyar müəyyənləşdirmişəm. Onların bir neçəsini mənimsəməyə və versiyalar şəklində təqdim etməyə çalışdım, düşünürəm ki, onlar yazıçılar, xüsusilə də, yaradıcı yazarlıq dərsləri alan, yazmağa yeni başlayanlar üçün çox yararlı olacaq.
1. Alliterasiyalardan uzaq durun. Bəlkə də, onlar şüursuzlara şüur verəcək qida kimi dəyərlidir, amma yenə də uzaq durun.
2. Arzu və şərt şəklindəki cümlələrdən nə tam imtina edin, nə də addımbaşı yararlanın. Məsləhət görərdim ki, yalnız ehtiyac olduqda istifadə edilsin.
3. Klişelərdən qaçın, onlar ölünün hənirtisinə qızınmaq kimidir.
4. Özünüzü ifadə edirsinizsə, ən sadə və ənənəvi üsullardan yararlanın.
5. Akronimlərdən (baş hərfləri söz kimi oxunan abreviatura növü – red.), abreviaturalardan istifadə etməyin.
6. Mötərizə içərisində verilən istənilən məlumat, aydınlaşdırıcı cümlə əsərin axınına mane olur. Bu, hər zaman fikrinizdə olsun.
7. Oxucunu narahat edəcək gedişlərə diqqət edin. Rocer Zelazninin (amerikalı yazıçı – red.) yaradıcılığında bu hal tez-tez müşahidə olunur.
8. Dırnaq işarələrinə məhdudiyyət qoyun. Sitatlar, çıxarışlar mətndə heç də yaxşı görünmür.
9. Bu sitatı beyninizə həkk edin. Emerson (Ralf Uoldo Emerson – XIX əsrdə yaşamış amerikan şairi, filosof – red.) nəzakətlə deyərdi: "Sitatlardan zəhləm gedir. Mənə yalnız öz bildiklərini danış”.
10. Xarici sözlər düşündüyünüz qədər maraqlı təsir bağışlamır.
11. Bənzətmələr birbaşa şəkildə ifadə edə bilməyəcəyin məna üçün tor atmaq kimidir, sanki nəyisə tutmağa, yaxalamağa çalışırsınız.
12. Təkrarçı olmayın. Eyni şeyi iki dəfə təkrarlamaqda heç bir məntiqi açıqlama ola bilməz. İstənilən təkrir əhəmiyyətsizdir. Buraya eyni zamanda izahına çox da ehtiyac qalmayan bir şeyi geniş izah etmək də daxildir.
13. Yalnız qeyri-etik, uyğunsuz davranışlar sərgiləyən insanlar söyüşdən istifadə edir. Siz bu adamları sevmirsinizsə, deməli, oxucunuz da sevməyəcək.
14. Hansı yollar olur, olsun, özünəməxsus olmağı təmin etməyə çalışın, yazdıqlarınız da bunu hiss elətdirsin.
15. Hiperbola təsirli ədəbi gedişlərin ən qeyri-adisi və ən güclüsüdür.
16. Bir sözlü cümlələr yazmayın. Qətiyyən buna yol verməyin.
17. Həddindən çox cəsur metaforalarla bağlı ehtiyatlı olun, onlar tərəzinin gözünə düşən tük qədər əhəmiyyətlidir.
18. Yalnız uyğun yerlərdə vergüldən istifadə edin.
19. Durğu işarələrinin yerini dəqiqləşdirin, bəzən bunu müəyyənləşdirmək çətin də olsa, məsələn, harada qoşa nöqtə, harada nöqtəli vergül qoyacağınızı bilməlisiniz.
20. Əgər situasiyaya uyğun ifadəni tapa bilmirsinizsə, əsla çarəni dialektlərdə axtarmayın. Sıradan çıxmağa doğru gedən ümumişlək sözlərdən, dialektlərdən kənar durun. Venesiyalıların yaxşı bir ifadəsi var: "Peso el tacòn del buso”. Yəni, yamaqdansa, yırtıq yaxşıdır.
21. Baxın, görün mətninizin ritorik suallara həqiqətən ehtiyacı varmı?
22. Konkret olun. Fikirlərinizi mümkün olduğu qədər az sözdən yararlanmaqla ifadə etməyə çalışın. Uzun cümlələrdən, xüsusilə də, ağlınıza təsadüfən gəlmiş ifadələr hesabına uzanmış cümlələrdən qaçın, belə ifadələrlə zəngin mətn gündəlik mütaliə rejimi olan sadə oxucunu narahat edir, fikirlərini dolaşdırır. Bu müasir media dominantlığı altında yaşayan dünyanın ən böyük faciələrindəndir. Heç olmasa siz yazarlar bu informasiya çirkliliyindən uzaq duraq.
23. Emosional və emfatik davranmayın! Siz yazarsınız, nida işarələri və hiss-həyəcan bildirən ifadələrdən istifadə edərkən, diqqətli olun!
24. Xarici adların yazılışına xüsusi fikir verin, belə şeylərdə diqqətli olun, bu sizin nüfuzunuza da təsir göstərir, məsələn, Beaudelaire, Roosewelt, Niezsche kimi adları yazarkən lazım olarsa, dəfələrlə dəqiqləşdirmə aparın.
25. Müəllifləri və canlandırdığınız qəhrəmanları parafrazalardan istifadə etmədən adlandırın, çəkin. Kiminsə mayın beşində anadan olduğunu parafraza etməyə ehtiyac yoxdur.
26. Əgər məqsədiniz oxucu rəğbəti, sevgisi qazanmaqdırsa, yazdığınız nə olur, olsun, işə yarış, intriqa, cavabdan uzaq məqsədlərlə, yaxşı niyyətlə başlayın.
27. Başqalarının yazdıqlarını nə qədər gec bəyənirsinizsə, öz yazdıqlarınıza qarşı daha tələbkar olun.
28. Yəqin ki, paralipsislərin (bədii əsərdə lazımlı bir səhnəni və ya səbəbi ümumiləşdirmək, üzərindən keçmək və ya görməzdən gəlmək – red.) nə qədər iyrənc göründüyünü və boşluqların özünü dərhal gözə soxduğunu deməyə ehtiyac yoxdur.
29. Əgər mətn tamamlanmayıbsa, yeni paraqrafa keçməyin. Buna ehtiyac yoxdur.
30. Nəhəng və əzəmətli olan şeylər qüvvətləndirici ifadələrlə bəzəməyin. Biz onsuz da onun görkəmli olduğuna inanırıq.
31. Effekti artırmaq üçün səbəblərin üstündən keçməyin, yanlış yerdə boşluq qoysanız, bu sizi növbəti yanlış manevrlərə yönləndirəcək.
32. Məntiqi olaraq əvvəl qeyd etdiyiniz faktlarla bağlı şübhə doğuracaq cümlələr yazmayın, nədən, necə istifadə etdiyinizdən əmin olun. Hər bir cümlə əvvəlki hissələrin məntiqi nəticəsi olmalıdır. Yoxsa sonda əvvəlkiləri nəticəyə uğunlaşdırmalı olacaqsınız.
33. Sözü çox çürüdən olmayın amma bu demək deyil ki, hər şeyi lazım olduğundan qısa ifadə etməyə çalışmalısınız.
34. Fikrin tamamlandığı cümlələr qurun. Oxucu bu cümlədəki mənanı anlamaq üçün növbəti cümləyə ehtiyac duymamalıdır.../artkaspi.az/
MANERA.AZ