Universitetlərarası saziş imzalanıb| MANERA.AZ
Türkiyə Avrasya universitetinin rektoru Aşkın Asanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində qonaq olub. Görüş zamanı BSU-nun yaranma tarixi və fəaliyyəti barədə söhbət açan rektor, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində mövcud olan mərkəzlər, fakültə və ixtisaslar, bu istiqamətdə kadr hazırlığı haqqında qonaqları məlumatlandırıb.
BSU-nun mətbuat xidmətindən manera.az-a verilən məlumata görə, görüşdə bildirilib ki, BSU-da slavyanşunaslıq, tərcümə, ölkəşunaslıq, beynəlxalq münasibətlər, türkoloqiya və türkiyəşunaslıq və başqa sahələr üzrə mütəxəssis hazırlanır. Eyni zamanda universitetdə Türkiyə araşdırmaları mərkəzinin fəaliyət göstərdiyi, haqqında qonaqlara ətraflı məlumat verilib. Universitetin xarici ölkələrin bir çox təhsil müəssisələri ilə əməkdaşlığını da qonaqların diqqətinə catdırıb.
Görüşün nəticəsi olaraq Türkiyənin Avrasya univeriteti və Bakı Slavyan Universiteti arasında əməkdaşlıq barədə saziş imzalanıb. Müqavilənin hər iki tərəf üçün gələcəkdə əhəmiyyətli olacağı vurğulanıb.
Qeyd edək ki, imzalanmış müqavilədə birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin – konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, müştərək elmi məcmuələrinin hazırlanması və nəşri, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.