manera.az
manera.az

İSLAM BÜTPƏRƏSTLİYİ

İSLAM BÜTPƏRƏSTLİYİ


İslamın ilk dövründə qəbir ziyarəti yasaqlanmışdı.Çünki insanlar hər şeydə olduğu kimi burada da aşırı gedib qəbirləri bütləşdirir, hay-həşirlə ağılar deyirdilər.Bəzən elə insanlar olurdu ki, diridən çox ölü ilə maraqlanırdı. Daha sonrakı illərdə yasaq ləğv olunaraq qəbir ziyarətinə icazə verildi.Bu icazədə məqsəd ölümü xatırlamaq, hər kəsin gec-tez bu qədərə məhkum olduğunu unutmamaqdır. Ölümü unutmayaraq dünyaya beşəlli sarılmamaq, dünyaya mənim deyib, özünü əbədi sanaraq Allah yolundan çıxmamaqdı.
Bu gün bizdə hər zaman olduğu kimi pir, türbə, ziyarətgah gəzmək dəbdədir. Bir övliyanın, bir ruhani şəxsiyyətin qəbrini, türbəsini əsasını bilərək, şüurlu şəkildə ziyarət etmək, onu xatırlayıb, dualar etmək, rəhmət diləyib mənəvi ruhaniyyatından feyz almaq gözəl bir işdir.Ancaq çoxluq, bir işi müşkülə düşəndə, bir umacağı, yaxud nəziri olanda gedir pirlərə.Pirə gedir orada yatan, öz zamanının tanınmışı olan adamdan dilək diləyir, yalvarıb yaxarır, qəbri qucaqlayıb göz yaşı tökür, amandı mənə kömək elə filan işim düzəlsin, filan xəstəlikdən sağalım və s.deyirlər. Ya da bir ağacı müqəddəs sayaraq altında dualar edir, ağaca nəzir qoyur, ən çox da ağacın budaqlarından əski parçaları asırlar.Baxırsan, ağacın başı yolka kimi rəngbərəng əski cırıqları ilə bəzədilib.Niyə deyə soruşursan, cavab verir ki, diləyim hasil olsun deyə ağacın budağına əski bağlayıram. Düşünürəm, bir cavab tapa bilmrəm ki, ağacın budağına bağlanan əski cırıqları ilə insanın diləyinin hasil olmasının nə əlaqəsi var? Bilmirəm.Heç bir sağlam mənbədə belə bir şey yoxdur. Yaxud gedirsən bir ziyarətgaha, baxırsan hətta həyətdə olan bir qəbrin baş daşını birisi qucaqlayıb zülüm-zülüm ağlayır.Amandı, kömək elə, məsələn, uşağım məktəbə girsin, birisi qəbirdə yatan müqəddəsin qəbir daşını duz kimi yalayır, “qurban olum, mənə bu xəstəlikdən şəfa ver, filan qədər nəzir verəcəm, filan işimi düzəlt bu qədər nəzir verəcəm”, kimi sözlərlə sanki o qəbirdə yatanla alver edirlər. Axı, o yatan övliyanın nə ehtiyacı var sənin nəzirinə. Ziyarət sırasında hamı bir nəfər kimi əlini qəbrə, yaxud ətrafındakı çərçivəyə sürtərək daşları durmadan öpür, üzünü sürtür.Bunun özü elə xəstəlik qaynağıdır.Daşı öpənlərin arasında keçici xəstəliyi olanları, hər cür xəstəsi var. Yaxınlaşıb desən ki, ziyarət belə olmur, sən səhv edirsən, adamı kafirsən deyib daş-qalaq edərlər.O qədər inanırlar ki, Allah Təalaya inanmağın tərkib hissəsi kimi anlayırlar türbələrə, pirlərə inanmağı. Əslində, bu da bir növ pütpərəstlikdir. İllər əvvəl ölmüş bir insan sağalıb kimsəyə yardım edə bilməz. Yardım etmək, şəfa vermək, dua və diləkləri qəbul etmək, sadəcə, Allaha məxsus bir işdir.Bunu da Allah öz Kitabında təsdiqləmişdir: “Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!”( Yunus,18).
Başqa yöndən baxsaq, bir fakt kimi övliyaların xüsusiyyəti olan kəraməti danmaq olmaz. Ancaq kəramət, adi bütpərəstlik adətləri ilə qarışdırılmamalıdır. Pir ziyarətlərində övliyalardan kəramət gözləmək yanlış fikir olmaqla yanaşı övliyalığı və kəraməti anlamamaqdır. Övliyaların öldükdən sonra da davam edən mənəvi hallarının olması o demək deyil ki, qəbirdən qalxıb yardım etməlidir.
Böyük bir şəxsiyyətin kitabını oxuduğu zaman insan necə ondan mənəvi qida alır, onun mənəviyyatı necə oxucunun qəlbinə köçürsə, övliyaların qəbir ziyarəti də eləcə insana mənəvi yüksəklik duyğuları bəxş edir. İnsanın inamı, imanı qədər mənəvi və ruhani duyğular, hislər dolur qəlbimizə. Bu da bir növ böyük bir şəxsiyyətin hüzuruna gedib mənəvi inkişaf ummaq, ondan həyat və yaşayışını örnək almaqdır.
Biz böyükləri, dəyərli insanları unutmuruq. Ancaq onları bütləşdirmirik də.

Ayişə Nəbi
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031