manera.az
manera.az

Adam it kimi darıxır - Bahadur Qobustanın şeirləri

📅 01.08.2018 16:58

Adam it kimi darıxır - Bahadur Qobustanın şeirləri

Manera.az Bahadur Qobustanın şeirlərini təqdim edir:

Getmək

Ağrılar yeyir canı
Sənsizlik ölüm deyil...
Sənsiz yaşamaq olar?..
Hələ ki məlum deyil.

Hələ yaralar təzə
Bəlkə də sağalcaq...
Yox, evin adamları
Mənsiz necə qalacaq?..

Beynimdə min fikir var
Getmək, uzağa getmək
Bu dərədən qurtulub
O uca dağa getmək.

Yol da çox uzaq deyil
Odur haa, bir qarışdı
O bir qarışı getmək
Yüz illik qayıdışdı.

Bəli, yüz il qayıtmaq
Atıb getmək hər şeyi
Dana bilmək tanrını
Söyə bilmək taleyi...

Yalnızlıq, kirayə ev
Bir də bir neçə kitab
Nə qədər oxusan da
Tapa bilməzsən cavab

Siqaret tüstülətmək
İçmək səhərə qədər...
İşə bax, dağ başında
Səndən yaxşı yaşayır
Bütün dərədəkilər...

İt kimi darıxmaq

Bilirsən ki, gəlməyəcək
Başından tüstülər çıxır.
Ağlamaq da olmur deyə
Adam it kimi darıxır.

Gözlərində o getdiyi -
yolların şəklin çəkirsən.
Üzünü divara tutub
Hamıdan gizlin çəkirsən.

Qayğılar da bir tərəfdən
Tutur başın yarısını.
Haqqı ilə çəkmək olmur
onsuzluğun ağrısını.

Hərdən səni sevdirir
Qəfil gələn ayaq səsi.
Çevrilib, baxıb görürsən
Nə özü var, nə kölgəsi…

Sən nə yaxşı adamsan

Nə gözəl gülümsəyirsən,
Üzündə sevgi dayanır.
Adam öləndən sonrakı
Həyata da inanır.

Nə gözəl baxırsan sən,
Baxışın işıq dolu,
Gözlərindən çəkilir
Qəlbimə samanyolu.

Nə gözəl danışırsan,
Səsin ən gözəl səda.
Sanki dənizdən qopub,
Sahilə qaçır ada.

Sən nə şirinsən belə,
Əllərin nə gözəldir?..
Tanrı belə əllərdən
Min ildən bir düzəldir.

Sən nə yaxşı adamsan,
bağışlaya bilirsən.
Özündən zəifləri də
Alqışlaya bilirsən.

Necə düşmənsən axı
Vurduqların əlacdı…
Verdiyin dərd ürəyimi
Bəhərləyən ağacdı.

Daha heç nə demirəm,
Qorxuram ki, göz dəyə.
Dayan, tutum əlindən
Sən qal öz məqamında,
Mən çıxım, gedim göyə…

Saçını yolsun ağaclar

Saçını yolsun ağaclar,
Dünyanın payızı gəlib.
Çözülməyən ehtiyaclar,
Pozulmayan yazı gəlib.

Buludlar ağlasa, nə var?
Adamlar ağlayır elə…
Utancından ölüb bahar
Hər yana qar yağır elə.

Adamlar... yazıq adamlar!
Sizi kimi öldürüb belə,
Nəfsin qurduğu edamlar
Başınızı kəsir hələ?

Allahmı belə istəyib,
Allahmı deyib vuruşun?..
Kimsə şər atıb Allaha
Gedin özündən soruşun.

Deyin, öldürək, ya sevək?
Danışının onunla biraz.
Ölümlə sevgi haqqında
Ondan yaxşı bilən olmaz

Gözünüzü açın biraz!
Bağlamayın çıxışları,
Qapamyın girişləri,
Küsdürməyin yağışları.

Bağışlayın günahları,
Göyün sizdən xoşu gələr.
Sevə bilsəz insanları,
Allah sizə qonşu gələr.

Ağlama

Ağlama, düşmənlər gülər
Yada xoş gələr, ağlama
Dünya üşüyər, titrəyər
Yenə qış gələr, ağlama

Sil gözünü bəsdir qurtar
Gül ki, gülsün bu ruzigar
Allahın acığı tutar
Göydən daş gələr ağlama

Sonu yoxdur bu savaşın
Burax yolun dərdli başın
Çatılıb o hilal qaşın
Gözdən yaş gələr ağlama

Taleydən mən də çox küsdüm
Qızıl teştə al qan qusdum
Heeeey səninləyəm eee dostum
Birə beş gələr, ağlama

Ağlama qurbanın olum
Ağlama bəsdir, ağlama
Dünya əbəsdir, ağlama...

Suriyalı uşağın Allah'a məktubu

Görürsən, ay Allah, uçdu evimiz,
Mənim ki, yox idi oyuncaqlarım...
Anamın saçları var idi bircə,
Onu da apardın torpağa sarı.

Atam çoxdan ölüb, mən doğulmamış,
Deyib ki, adımı qoysunlar Əli.
Anam o uçqunlar altında öldü,
Qapı arasında qaldı bir əli.

Təkcə bir istəyim var səndən indi,
İşinə qarışmaq kimi çıxmasın.
Mənim də gözümü yum birdəfəlik,
Gözlərim bu iyrənc yerə baxmasın.

Bax, qarnım da acdı, soyuqdu həm də.
Nə olar, məni də apar cənnətə.
Deyilənə görə, yetim uşaqlar -
Ölsə, anasını tapar cənnətdə.

Bu, yalan da olsa, inanım gərək,
Başqa nə qaldı ki, ümiddən özgə?..
Ölüb dirilmək də bir işgəncədir,
Razıyam, anamı taparam bəlkə...

Bu dünya, insanlar gözümdən düşüb,
Gözü kor adamlar dağıtdı yeri.
Hamı "haqq" uğrunda vuruşdu, amma
Heç kim barışmadı haqdan ötəri.

Anamın saçıydı oyuncaqlarım.
Anamın əliydi əlcəyim, Allah!
Uzanan əllərin hamsını "kəsdin"
Yaxandan nə təhər əl çəkim, Allah!

Anam demişdi ki, günahdı üsyan
Daha ona görə susuram indi.
Mənim danışmağım günahdı, Allah
Danış, sənə qulaq asıram indi...

Qaralar bizi dərdilər

Qaralar bizi dərdilər,
Ağ yuyub qara sərdilər
Bizə bir tikə verdilər
Bizim milyon tikəmizdən

Bağladı qapı-bacalar
Çözülmədi tapmacalar
Qırıldı bap-balacalar
Zərbə gəldi yekəmizdən

Hərə bir tikə götürdü
Qalnın yekə götürdü
Vətən də ləkə götürdü
Vicdandakı ləkəmizdən

Böyümədi adamlar

Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi…
Yenə də insan oğlu
Tikana qarğış etdi,
Gülə alqışlar dedi.

Beləcə keçdi ömür…
İnsanın atdığı daş
Dəyişdi yavaş-yavaş
Daha da ağır oldu
Böyümədi adamlar
Bitmədi göz yaşları
Yenə quru yer üstə
Elə o yerdən ötrü
Düşdü insan başları.

Beləcə bir-birinə
Zənci dedi adamlar
Rus, ingilis, türk dedi
Sığındığı kölgəyə
Güclü dedi admlar.
Biri özünə uca
O biri böyük dedi.
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.

Beləcə kölgə oldu
Dünyanın hər bir yanı.
O dedi günəş hanı
Bu dedi ay necoldu
Yenə sevgi qazandı
Yenə dünyadan ötrü ölənlər gülünc oldu
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.

Və ən axrıcı dəfə
Yığşdılar adamlar
Məzar üstə əl açıb
Göylərə boylandılar
Allah düşdü yadına
Hər günahkar adamın
Sonra torpaqladılar üstünü yavaş yavaş
Qədirbilməz qonşular
Laqeyid qohum-qardaş
başladılar övgüyə
Biri dedi ay idi
Bir dedi günəş idi
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.

O qız desəydi

Görüb onu bircə kərə
Vurulmuşdum birdən-birə…
Bütün aləm ağlasaydı,
Sözünü salmazdım yerə
Gülərdim, o qız desəydi.

Çox sevirdim mələyimi,
Puç elədi diləyimi…
Tikə böldüm deməsə də…
İki yerə ürəyimi
Bölərdim, o qız desəydi.

Heç kəsə inanmaz idim,
Mən ürəkli qanmaz idim…
Cəhənnəmdə yurd salsaydı,
Yanına yubanmaz idim
Gələrdim, o qız desəydi.

İndi ondan təmənna yox,
O qızla bağlı dünya yox..
Sadəcə bir təsəlli tək
Məni sevərdimi ya yox
Bilərdim, o qız desəydi.

Bulud var şimşək çaxmayıb,
O su bu arxa axmayıb…
Allahın yazığı gəlib
Şükür, dilindən çıxmayıb
Ölərdim, o qız desəydi.

Gedirəm deyirsən

Gedirsən, bir addım uzaqlaşdıqca,
Köksümü yerindən qoparırsan sən,
Təmanna ummadın məndən sadəcə,
Vuran ürəyimi aparırsan sən.

Baxışın qəlbimdə dönüb dənizə,
Ürək bu dənizdə qəm adlı ada,
Istərəm qovuşaq bir-birimizə,
Sən atlı olmusan, mənsə piyada.

Bəlkə alnımıza belə yazılıb,
Bəlkə qismətimiz bu imiş bizim,
Düşüb dərinlikdə yolunu azıb,
Sevgimiz quruyan su imiş bizim.

Gedirəm deyirsən dilində ancaq,
Gözlərin başqa cür söz deyir mənə,
Yanır orda ümüd adlı bir çıraq,
Hələ gözlə deyir, döz deyir mənə.

Mənimçün nə qədər olmasa asan,
Hələ bu sevgidən alıram qida,
Indi iki yolun ayrıcındasan,
Gəlsən xoş gəlmisən, getsən əlvida.


Baxış sayı - 2 224 | Yüklənmə tarixi: 01.08.2018 16:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031