Çöpü də ikiyə bölmərəm daha.. - Söhrab Tahir
Manera.az Xalq şairi Söhrab Tahirin şeirlərini təqdim edir:
Çöpü də ikiyə bölmərəm daha
Dərdi dərd olmuşdu elində mənə,
Ağladım bir naşı güləndə mənə,
Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt,heç zaman ölmərəm daha.
Azad qardaşım var onunla xoşam,
Mən gərək sahili sahilə qoşam,
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.
Dənizlər dəryalar mənə dayazdır,
Ən dərin bir çay var o da Arazdır,
Mənə görüş verin Azadlıq azdır,
Görüşsəm ayrılmaq bilmərəm daha.
Mənim səadətim hardasa bitdi,
O hasad gəlmişdi, hasad da getdi,
Mənə nə etdisə səadət etdi,
Badbaxt səadətə gülmərəm daha.
Nə yaxşı sən varsan
Arzu küçəsində, istək bağında,
Sevgi nəğməsindən bir ev hörmüşəm.
Dönük ayrılığın, xoşbəxt çağımda,
Mərmər sarayını burda görmüşəm.
Heç kəs qınamasın bu sevgimizi,
Böhtanlar salmasın bu eşqi dilə.
Tale birləşdirə biləsydi bizi,
Sən elə olmazdın, mən isə belə.
Qorxamadan yanımca addımla, yeri,
De görüm, ilk eşqin itin hayanda?
Qismət də hökmünü əksinə verir,
İnsan qismətini yaşamayanda.
Gəl deyək, hər sözün deyək, düzünü,
Bilirəm, kiməsə qan uddurursan.
Nə yaxşı, unudub sən də özünü,
Mənə təkliyimi unutdurursan.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ