manera.az
manera.az

Mir Cəlalın “seçilmiş hekayələri” Türkiyədə nəşr olundu

📅 08.02.2018 17:19

 Mir Cəlalın “seçilmiş hekayələri” Türkiyədə nəşr olundu

XX əsr Azırbaycan nəsrinin görkəmli nümayəndəsi, yazıçı, ədəbiyyatşünas və pedaqoq Mir Cəlalın “Kəmtərovlar ailəsi” adlı seçilmiş hekayələr kitabı Türkiyədə nəşr edilib. Yazıçının anadan olmasının 110 illiyi ilə əlaqədar hazırlanan kitabın tərcüməçisi tanınmış türk yazarı, Azərbaycan ədəbiyyatının son illərdəki ən yorulmaz tərcüməçisi və təbliğatçısı İmdat Avşardır. Türkiyə nəşrinin tərtibçisi və qısa giriş yazısının müəllifi Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan təmsilçisi Səlim Babullaoğludur.

Türk Ədəbiyyatı Vəqfinin sədri Sərhəd Kabaklının kitab üçün yazdığı “təqdimat”da deyilir: “Mir Cəlal heç şübhəsiz Azərbaycan nəsrinin bünövrəsində dayanan insanlardan biridir. Sovet dövrü Azərbaycan ədəbiyyatına öz möhürünü vuran Mir Cəlal Azərbaycanın, həm elm, həm də sənət dili ilə uğurla danışaraq ciddi əsərlər ortaya qoymuş görkəmli ədəbi simalarındandır. Yazıçının 110 illik yubileyinə ərməğan olaraq nəşr edilən kitabın türk oxucusuna çatdırılması bizim üçün də qürurvericidir”

Yazıçının 1987-ci ildə nəşr edilən (“Azərnəşr”) ikicildliyi əsasında tərib edilmiş “Kəmtərovlar ailəsi”nin Türkiyə nəşrinə Mir Cəlalın “Bostan oğrusu”, “İclas qurusu”, “Həkim Cinayətov”, “Müalicə”, “Təzə toyun nəzakət qaydaları”, “Plovdan sonra”, “Kəmtərovlar ailəsi” və b. 18 hekayəsi daxil edilib. 200 səhifəlik qalın üz qabığı və nəfis tərtibatla, “Türk Ədəbiyyatı Vəqfi Yayınları”nın “Türk dünyası ədəbiyyatı” seriyasında nəşr edilən kitaba Yaqub İsmayılovun Mir Cəlalın yaradıcılığından bəhs edən və Azərbaycan nəşri üçün yazdığı geniş həcmli araşdırma yazısı da daxil edilib.

Bizə özəl açıqlamasında Səlim Babullaoğlu kitabın tərcüməçisi İmdat Avşarın işinin olduqca uğurlu olduğunu dilə gətirib: “ Çox uğurlu tərcümədir. Hekayələrin atmsoferi, yazıçının dilinin axıçılığı və lakonik ibrətamizliyi saxlanıb. Bu çox yaxşıdır. Ümumiyyətlə, İmdat Avşar ədəbiyyatımızı Türkiyə türkçəsində tanıtdıran, son illərin ən məhsuldar və peşəkar tərcüməçisidir. O çevirdiyi hər bir mətni dərindən duya bilir, bu olduqca vacibdir. İnanıram ki, onun digər tərcümələri kimi bu kitab da öz oxucusunu asanlıqla və tezliklə tapacaq. Mən İmdat bəyə gördüyü bütün işlərə görə təşəkkür edirəm...”


Baxış sayı - 1 465 | Yüklənmə tarixi: 08.02.2018 17:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031