Giya Paçxataşvili "Tut ağacı" kitabını təqdim edib

MİLLİYYƏTCƏ GÜRCÜ OLAN AZƏRBAYCAN ŞAİRİNİN "TUT AĞACI" KİTABININ TƏQDİMATINDA GİYA PAÇXATAŞVİLİ ADINA MULTİKULTURALİZM MÜKAFATININ TƏSİS OLUNMASI TƏŞƏBBÜSÜ İRƏLİ SÜRÜLÜB
Yanvarın 29-da Atatürk Mərkəzində şair-tərcüməçi Giya Paçxataşvilinin "Tut ağacı" kitabının "İmza günü" keçirildi. Milliyyətcə gürcü olan Azərbaycan şairinin əsasən mərhum həyat yoldaşı Lamara xanıma həsr etdiyi şeirlərdən ibarət kitabı "Vektor" Beynəlxalqü Nəşrlər Evi çap edib. Təqdimat mərasiminin baş tutduğu gün həmçinin müəllifin ad günü ilə əlamətdar olub.
Çıxış edənlərdən ədəbiyyat şünas alimlər Nizami Cəfərov, Nizami Tağısoy, Qiymət Məhərrəmli, rəssam Rais Rəsulzadə (Məmməd Əmin Rəsulzadənin nəvəsi), bədii qiraətçi Eldost Bayram, şair İbrahim İlyaslı və başqaları Giyanın yaradıcılığı, Azərbaycan ədəbiyyatında rolu barədə yüksək fikirlər söyləyib, şairin az öncə "Vektor" Beynəlxalq Elmlər Akademiyasının Şahmar Ələkbərzadə adına Ədəbiyyat mükafatına layiq görüldüyünü xatırladıblar. Şairin dostu jurnalist Pünhan Şükür xalqlar dostluğuna xidmət edən ədəbiyyat adamları üçün"Giya Paçxataşvili adına multikulturalizm mükafatı"nın təsis olunması təşəbbüsü irəli sürüb.