Musiqisevərlər “Yeddi gözəl”lə görüşüblər
Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində böyük Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılıb.
XII əsr böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin poemasının motivləri əsasında yazılmış bu səhnə əsəri Azərbaycan balet sənətinin incilərindən sayılır və hər təqdimatında geniş tamaşaçı auditoriyası toplayır.
Tamaşa Rusiya Dövlət Akademik Böyük Teatrının və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnələrində də böyük müvəffəqiyyətlə oynanılıb.
Baletin nümayişindən sonra çoxsaylı Rusiya və Belarus KİV-ləri və teatr tənqidçiləri Q.Qarayev musiqisinin ecazkarlığından və tamaşanın quruluşunun yüksək bədii keyfiyyətlərindən heyranlıqla yazıblar.
Tamaşada əsas partiyaları Azərbaycanın Əməkdar Artisti Nigar İbrahimova (Gözəllər gözəli), Anar Mikayılov (Bəhram şah), Samirə Məmmədova (Hind gözəli), Elmira Süleymanova (Slavyan gözəli), Failya Bolqarova (Xarəzm gözəli), Leyla Nərimanidze (Çin gözəli), Cəmilə Kərimova (Bİzans gözəli), Ayan Eyvazova (Məğrib gözəli) ifa ediblər.
Tamaşaya Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov dirijorluq edib.