manera.az
manera.az

"Sağ qalan varmı?!"- Emin Pirinin şeirləri

"Sağ qalan varmı?!"- Emin Pirinin şeirləri


Şair Emin Pirinin şeirlər kitabı işıq üzü görüb. “Sağ qalan varmı?!” adlı kitabın redaktoru tənqidçi Əsəd Cahangirdi.
Kitabda əsasən müharibə, sevgi və sosial yönümlü şeirlər toplanıb. Kitab “Ədiblər yayımları” çərçivəsində çap olunub. Bu, eyni zamanda layihənin ilk kitabıdır.
Emin Pirinin kitabdan bir neçə şeirini təqdim edirik:


Eşq ayələri

Baxışların məni istədiyi
operaya çevirən drijor,
əlim sinəmdə
himn oxumaq kimidi
Səni səsləmək.
Hər sevirəm kəlmən
“Oxu”,
“Eşqin adıyla oxu” kimi
səslənər qulağımda.
Hər gecə dodaqlarıma qoyduğun
sevgi vəhylərinin
Mən sorğu-sualsız Nəbisi.
Susayarsan gecəyarı
Durub şəklinə baxarsan.
Kəbə divarıtək
Üzümü sürtərəm-yanağın
mənim tövbə yerim.
Sevmək
Samovara atılan odun parçasıtək
Ürəyimin son çırpıntıları.
Səadət hər səhər
sevdiyinin gözlərində doğulmaqdı.
Mən “Big Bang” dan doğulmuş
işığına ac qalaktika,
qollarım planet
Sən Günəşə dolanır.
Sən olmayanda
əllərimi unuduram,
ayaqlarım məndən xəbərsiz
həyətinizdə ayaq izlərini sığallayır.
Adam ürəkdən yox
Çiyinlərdən və dizlərdən sevir
Bütün varlığınla başını qoymağa.
ən çox sevdiyin sözə çevrilər
körpə şıltaqlığıyla dediyi
dəli kəlməsi.
Baxışların qəlbimdə imza yeri,
Səni sevmək möbiüs lentidir-
Səndən sənə qaçıram.
Daha saatlar da geri çəkilmir
bir saat artıq qalasan.
Indi daha çox anlayırsan
Şekspirin obrazlarını.
Başını çıxarıb pəncərədən
qışqırmaq istəyirsən:
Oxuma torağay, oxuma.
inanma
ağzından çıxan kəlmələrə,-
Qadının dili ağzında yox,
gözlərindədi.
Tellərində maqnit qasırğası,
Barmaqlarım istiqamətini itirmiş
Kompas əqrəbidir indi.
Sənsiz yayın ortasında
dişlərim kilsə zəngi.
İki min il sonra
Sənsizliyin çarmıxında
yerə enən İsayam…

Boşanmış qadın

Unudar bütün bəstələri
dünyanın ən dahi dirijoru-
körpə barmaqları.

Snayper kimi atar sözlərini
ac pişik kişilər
sürüdən ayrı düşmüş ceyrandı indi,
axşam yeməyidir gözlərində.

Səhərədək yanar otağının işığı
Dolandırmaqçün tifili
Ya toxuyar nəsə,
ya da kompüterdə bir yazı.
Qonşu arvadlar yeni “evrika” izində:
Görəsən, niyə yanır işığı?
Hansımızın gecəsini oğurlayıb?!

Beləcə,
pıçıltı düşər aralarına,
hamı ərini qoruyar
ondan.
ətrin axtarar onun
hərə öz ərinin pencəyində.
bəlkə...

Itin də tamah salmadığı Kazım kişi
yaman dəbə düşüb arvadının gözündə.

Söyər gah bəxtini,
gah da ki nəyi...
Qadınlar
kişi qabırğasından yaranıbmış...
Taleyimə, hansı kişinin çürük qabırğası düşüb?

Arının şirəsi çıxmış çiçəkdən
qopması kimi
qopar dodaqlarından
ümidi itmiş kəlmələr.
Xəzana çevrilən
keçmiş öpüşlər
gözlərinin yağmuru altında
çürüyər yanaqlarında.

daha tez qocalar
nişan barmağı
o birlərindən.
Daha tez qırış salar.
Gizlədər o barmağı həmişə
unutdurar onu
Vaxt gələr, özü də unudar...


Bu ağ atlı şahzadələr də
bataqlıqdan,
qara atını
ağa boyayıb çıxar qarşısına.
Arzuları bir tərəfli kapitulyasiya.

Fikirdən ayıldır
Körpəsinin kövrək səsi:
Ana, bu bazar ata məni görməyə gələcək?

Sıxılarlar bir-birinə
Qadın
Körpəsi

A...yı oyuncağı...

H2O

Payız...
Xəzan pıçıldayır
ağacın qulaqlarına:
“Gözlə məni yazacan”.
Sən də gözlə məni,
bir başqa qadından doyanacan...

Barmaqlarım tellərində yellənər,
yelləncəkdə yellənən
dəcəl uşaqlar kimi.
Sinəndəki cüt göyərçin
qonar dodaqlarıma
ağzımda dən varmış kimi.

Hələ,
məktəb illəri...
kimya dərsində
quruyardı boğazım
baxışlarım tutanda
çəhrayı dodaqlarını.
Əllərindən
bir ovuc su istəyən
ürəyimi oxuyardın.
Və...
Lövhəyə iri hərflərlə yazardın:
H2O...

Bu gecə yuxum gəlmədi...
Yuxum gəlmir,
barı sən gəl...
Amma barmağında bəxtin saralır,
İndi ki payız deyil.

Ölçüləri kiçildilmiş xəritədə
şəhərlərimiz əllərindən
daha yaxındı mənə.
Dayan...
Baxım görüm döyən kimdi
ürəyim yaman döyünür.
Xoş gəlir
bu gələn
sənsizliyə oxşayır...
Sənə demişdim də...
Sənsizlik
“Sən” “Siz” olanda başlayır...

Nə qədər, neçəsən?!

Səni sevməyin yanında
Yaşamaq heç nədi, heç nə!
Gərək səni sevəm,
Sevəm
Ürəyi şüşə qabda yox
Elə səndə olan divəm.

Adın da mürəkkəbdi,
adın dilimə dəyməz.
Özün demişdin axı,
Adam bəxtindən qaçıb
Gülləyə gələnə dəyməz.

Qırmızı şərab kimi
Ölümcül dodaqların,
içkiyə tövbəliyəm
mən yazıq yenə.

əynində dodaqlarımın
qarışqa yerişləri,
yer altında metro kimi
dərd altından barmaqlarımın
“stansiya” gedişləri...
hesablaya bildinmi,
bu gediş-gəlişləri?!

Sərhədləri itirilmiş
Məmləkətin küncündəyəm.
Daha bu kağız ölkədə
Kiməm ki, kimdən inciyəm.

Sağımda sən,
Solumda sən.
De, nə qədərsən,
Neçəsən?!
Bəlkə o qədər sənlərdən
Birin mənimçün keçəsən?

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031