Aprelin 2-si dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Anderson anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. 50 ildir ki, dünyada qeyd olunan bu günün məqsədi uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Beynəlxalq Uşaq Kitabı Gününün iştirakçıları 3 təqdimata bir arada qatılmış olacaqlar.
Belə ki, həmin günü tanınmış yazar Sevinc Elsevərin uşaqlar üçün yazdığı “Donu qırmızı” romanı təqdim ediləcək. “Xan” nəşriyyatında işıq üzü görən kitabda müəllifin “Nuhun gəmisində kosmosa səyahət”, “Donu qırmızı” romanlarıyla yanaşı, “Lokomotiv və vaqonları” adlı pyesi də çap olunub. Kitabın üz qabığında və içində yer alan rəsmlərin müəllifi gənc rəssam Gülbəs Ayvazdır.
İkinci təqdimat uşaq yazarlar Nilufər və Nərmin Əzimzadələrin “Ağıllı kukla” kitabının olacaq. Lap körpəlikdən kitaba maraq göstərən Əzimzadə bacıları bir çox uşaq yazıçısının əsərləri ilə tanışdırlar. Ədəbiyyata olan sevgi və maraqları onlara qələmlə dostluğu öyrədib. Kitabda Nilufərlə Nərminin qələmə aldığı “Ağıllı kukla” adında uzun hekayə, hekayələr və şeirlər toplanıb. Ümid edirik ki, məktəbli qızların ilk qələm təcrübəsi balaca oxucularda da maraq oyadacaq.
Üçüncü təqdimat isə “Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan “Yemlik” uşaq toplusunun növbəti sayıdır. Artıq "Yemlik" jurnalının üçüncü sayı oxucularla görüşə gəlir. Jurnalın bu sayında da hər zaman olduğu kimi tanınmış yazarlarla birlikdə uşaq yazarlarının əsərləri çap olunub. Eyni zamanda, dünya ədəbiyyatından tərcümə edilən əsərlərin tərcüməsini də uşaqlar edib. “Yemlik” uşaq toplusunun bir özəlliyi də ondan ibarətdir ki, burada otuza yaxın valideyn himayəsindən məhrum olan uşaqların əsərləri yer alıb.
MANERA.AZ
Baxış sayı - 2 295 |
Yüklənmə tarixi: 29.03.2017 13:16