"Gözləmədiyim anda televiziyaya dəvət olundum"- Söhbət
Manera.az yeni “TeleMan” layihəsini təqdim edir. Bu layihədə televiziyada vəzifəsi olan, televiziya işinin içindəki insanlarla televiziya və maraqlı olan bir çox məsələlər barədə danışırıq. Həmsöhbətimiz ARB 24 xəbər kanalının redaktoru və aparıcısı Mehman Piriyevdir.
- Televiziyada çalışmaq uşaqlıq istəyi idi?
- Uşaqlıqdan aktyor olmaq istəmişəm. Bu arzum gerçəkləşdi. ADMİU-nun teatr və kino aktyorluğunu bitirdim. Bir neçə teatrda aktyor olaraq çalışdım. Müxtəlif filmlərdə və serialda rollar ifa etdim. Daha sonra televiziyaya dəvət aldım. Bununla da televiziya fəaliyyətim başladı.
- Televiziya ilə tanışlığınız nə vaxt, necə başladı?
- Teatrda məşq zamanı gözləmədiyim anda zəng etdilər və televiziyaya dəvət olundum.
- Televiziyada peşəkarlaşmaq üçün xüsusi kriteriyalar mövcuddurmu?
- Əgər söhbət sırf aparıcı və redaktor olmaqdan gedirsə, düşünürəm ki, bunun üçün xüsusi kriteriyalar olmalıdı. Ələlxüsus savadlı olmalısan, gözəl görünüş və yaxşı danışıq qabiliyəti vacibdir.
- Sizcə, televiziyada uğur qazanmağın konkret meyarları varmı?
- Daim öz üzərində çalışmaqla yanaşı peşəkarlardan öyrənmək lazımdı. Bu sarıdan özümü xoşbəxt hesab edə bilərəm, daim peşəkarların yanında olmağa çalışmışam. Hazırda həm redaktor, həm də aparıcı kimi fəaliyyət göstərdiyim ARB 24 televiziyasında da belə peşəkar insanlar var. Onlardan öyrənərək bizdən sonra televiziyamıza gələn gənclərə də kömək oluruq.
- Teleaparıcıların kitab oxuması labüddürmü?
- Teleaparıcıların kitab oxuması çox vacibdi. Ümumilikdə hansı sahədə çalışmamızdan asılı olmayaraq hər kəs mütaliə etməlidi.
- Hansı kitabları oxuyursuz?
- Daha çox tarixi əsərlərə və dedektiv janrda yazılan kitablara üstünlük verirəm, amma bəzən istisnalar da olur.
- İntellekt üçün mütaliə vacibdir yoxsa həyat təcrübəsi?
- İntellekt üçün hər ikisi vacıbdi. Mütaliə öz yerində, amma bəzən deyirlər ki, həyat özü bir məktəbdi.
- Elmdə baş verən yenilikləri izləyirsiz?
- Elmdə baş verən yeniliklərə biganə qalmaq olmaz. Ümumilikdə bütün sahələrdə yenilikləri izləmək yaxşıdı.
- Musiqi, rəssamlıq, heykəltəraşlıq?
- Daha çox musiqini sevirəm. Marağımı çəkən rəsm əsərlərinə, heykəltaraşlıq nümunələrinə də biganə qalmıram.
- Uğura gedən yolda önəmli olan nədir?
- Uğura gedən yolda ən önəmli olanlar səbr, özünə inam, zəhmət, ruhdan düşməyərək daim məqsədinə doğru addımlamaqdır.
- Fizikanı sevirdiz?
- Açığını deyim ki, fizikanı o dərəcədə sevməmişəm, hələ orta məktəb illərindən.(Gülür) Daha çox ədəbiyyat, tarix fənnlərinə meyilli olmuşam
- Fəlsəfə ilə aranız necədir?
- Fəlsəfə ilə aram əladı. Bəzən dostlarımla bu mövzuda söhbətlərimiz olur, belə söhbətləri çox sevirəm, çünki hər dəfə nəyisə öyrənirəm.
Tural İsmayılov
MANERA.AZ