Düşmənlə öz dilində danışmaq MANERA.AZ

Zaur Cəfərov
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi
Son bir neçə ildə, ötən ilin aprel ayının əvvəllərində, fevral ayının 24-dən 25-nə keçən gecə düşmən tərəfin mövqelərimizə soxulmağa cəhd göstərməsi, nəticə etibarilə Azərbaycan ordusunun da itkilər verməsi onlara bir daha etibar etməməli olduğumuzun bariz nümunəsi oldu. Tarix boyu onlar həmişə bu cür mənfur əməllərini təkrar ediblər. Azərbaycana vurduqları zərbələr isə “qəhrəmanlıq”larının deyil, xainliklərinin nəticəsi olub. Xalqımız isə həmişə onlara həm özünəməxsus keyfiyyətlərlə, həm də islami prinsiplərlə yanaşıb və, həmişə humanistlik göstərib. Təbii ki. hədlərini aşdıqda layiqli cavabları verib, həmin cavabların təsiri onlara hələ uzunmüddət ağır təsir göstərib.
Yenə qeyd edildiyi kimi, düşmənlə sadəcə və sadəcə öz başa düşdüyü dildə danışmaq lazımdır. Azərbaycan torpaqlarının artıq 25 ildir ki, düşmən tapdağı altında olması, dünyanın bu ədalətsizliyə laqeyd qalması onu deməyə əsas verir ki. özümüzün özümüzdən, türkün türkdən, müsəlmanın da müsəlmandan başqa dostu, qardaşı yoxdur. Ayrıseçkilik salmaq istəməzdim, lakin görünən və görünəndən çıxarılacaq nəticə budur. Düşmənlə biz təkcə hərbi yox, həm də informasiya müharibəsi aparırıq. Hərbi münaqişədə öndə olmaqla kifayətlənmək olmaz. Ən kəsərli, güclü silah söz olduğundan, bundan ölkəmizin mübarizəsi üçün maksimum dərəcədə faydalanmaq lazımdır. İnformasiya müharibəsində ən böyük məsuliyyət sözsüz ki, jurnalistlərin üzərinə düşür. Düşmən tərəf öz KİV-lərində Azərbaycan haqqında olar-olmaz, yalan dolu məlumatlar yayır. Xüsusən də, cəbhədə vəziyyətin gərginləşdiyi məqamda dezinformasiya xarakterli məlumatların yayımlanması, onlara istinad və həmin məumatların ölkə ərazisində yayılması gərəksiz panikaya səbəb ola bilər. Azərbaycan KİV-lərinin əksəriyyətinin ən böyük bəlası isə belə hallarda Müdafiə Nazirliyi mövcud vəziyyətlə bəyanat yaymamış, reytinq xətrinə doğruluğu şübhə doğuran məlumatları yaymaqdır. Bu da öz növbəsində bir növ düşmən tərəfin xeyrinə çalışmaqdır.
Düşmənə daha tutarlı cavab verməyin digər bir yolu da onları öz silahları ilə sarsıdıcı zərbələr vurmaqdır. Bəlkə də çoxları bunu pis başa düşə bilər, amma söhbət onların dillərini mükəmməl bilməkdir. Nifrət xətrinə, onlara dair heç bir məlumatı öyrənmək istəməmək tamamilə yanlış fikirdir. Uzun müddət onlarla qonşu olduğumuza görə onların böyük bir qismi Azərbaycan dilini və Azərbaycanla bağlı çox şey bilirlər. Bunun nəticəsidir ki, Azərbaycan mədəniyyətinə dair xeyli nümunələri öz adlarına çıxmağa çalışırlar. Üstəlik, fevralın sonlarındakı törətdikləri təxribatdan sonra “Facebook” sosial şəbəkəsində Azərbaycan dilində hərbi səhifə yaratmaları, həmin səhifəni öz məqsədllərinə uyğun şəkildə istifadə etmələri bunun əyani sübutur. Əlbəttə, ölkəmizdə də erməni dili və onların tarixi haqqında kifayət qədər məlumata sahib olanlar var. Buna görədə onlardan mümkün olduğu qədər yararlanmaq lazımdır. Ali məktəblərdə xarici dil kimi erməni dilinin də tədris olunmasında nəsə bir şey axtarmaq lazım deyil. Bunu mümkün qədər genişləndirmək lazımdır. Xüsusilə də tarix və jurnalistika ixtisasının tədrisində erməni dilinin tədris olunması daha doğru olardı. Vətənin keşiyində təkcə səngərdə əlinə silah almaqla deyil, qələm almaqla da durmaq olar. Yetər ki, necə durmaq lazım olduğunu biləsən.
Unutmayaq, həmişə ayıq-sayıq olmalıyıq. Ələlxüsus da, cəbhə xəttində vəziyyətin sakit olduğu bir zamanda. Çünki bu sükut fırtınaöncəsi səssizliyin başlanğıcı ola bilər. Söz yoxdur ki, Azərbaycan ordusu düşməni bir dəfəyə yer üzündən silmək gücünə malikdir. Sadəcə, mövcud siyasi vəziyyət bizə ehtiyatlı olmağa vadar edir. Amma, haqq-ədalətin öz yerini tapacağı gün çox da uzaqda deyil. O gün əsgər anaları, ataları öz övladları ilə daha çox qürur duyacaqlar. Çünki, o əsgərlər, illərlə sakinlərinin yolunu gözləyən torpaqların intizarına son qoyacaq və, üçrəngli Azərbaycan bayrağını orada dalğalandırcaqlar. Məhz o gün o torpaqlardan gündə beş dəfə Azan səsi eşidiləcək. O gün “Sarı gəlin”, “Qarabağ şikəstəsi” , muğamlarımız orada oxunacaq. Və o gün düşmən məğlubiyyətinin acısını çox acı şəkildə hiss edəcək. Bu bir xəyal deyil, zamanında gerçəkləşəcək bir həqiqətdir.