Manera.az teleaparıcı, yazar Yeganə Cansailin essesini təqdim edir.İki gün öncə Şəkidə idim. Bakıya yağmağa simiclik edən qar Şəkini ürəyaçıqlığı ilə elə qoynuna almışdı ki, iki göz istəyirdi bu nağılı tamaşaya... Təbiətin qar hadisəsi yaşından asılı olmayaraq insana bəyaz, saf hisslər yaşadır. Ölçüsündən, formasından tutmuş səssizliyinə qədər möcüzədir bu hadisə... yəqin elə təsadüfi deyil ki, qar Nobel ödüllü yazıçı Orxan Pamukun da yaradıcılığında zirvəni tutub. Amma bu gün niyyətim sizə onun əsərindən danışmaq deyil.
Siz heç qar səssizliyini dinləmisinizmi? İlahi, bu səssizlikdə nə qədər sirr var... yeridikcə gülümsəyirəm. Addımlarım məni xəyalən yazıçı İsmayıl Şıxlının “Dəli Kür”romanındakı bir səhnəyə aparır. Şamxal kənddən ayrılıb gedəndən sonra sevdiyi qız hər gün onunla görüşdüyü yerə gəlir. Şamxalın qarda iz salan addımlarıyla təsəlli tapır. Dəhşətə baxın, bir qadın sevdiyi insanın ayaq izləriylə necə xoşbəxtdir və həm də necə bədbəxtdir. Bəlkə də oxucu olaraq üstündən ötüb keçəcəyimiz səhnədir. Amma bu kiçik səhnədə necə böyük hisslər yaşayır, nəfəs alır, danışır.
Hamının həyatından bir gedəni var. Əvvəl elə o qız kimi izlərini qorumağa çalışırsan, əriyəcəyindən qorxursan. Hər gün günəş doğmasın deyə yalvarırsan. Sonra bir gün hər şey elə o qar kimi əriyib yaddaşına qarışır. Qar səssizliyinə bürünürsən sonra. Ətrafında baş verən bütün hadisələr əhəmiyyətini itirir. Qar yağır ömrünə...səssiz, soyuq. Bilirsən ki, keçəcək, günəşin doğuşu qədərdir ömrü. Bilmirəm, bəlkə mən çox sentimentalam...
Qar yağır... kübarlığa bax. Zibilliyin üstünü elə örtüb ki, elə bil billur meydandasan. Amma meydanın o biri üzündən çılpaq reallıqlar boylanır. Bir azdan, bəlkə də indi kimsə evində suların donmasından şikayətlənəcək. Kiminsə maşını sürüşür, kimsə üşüyür, kimsə də qarı söyür.
Gündəlik qayğılarımız bizi o qədər zəbt edib ki, anı yaşamağın həzzini unutmuşuq. Hər gün qadın zorakılığı, insan qətlləri, terrorlar, siyasətin oyunları...bu xəbərlər o qədər adiləşib ki, sadəcə başlıqları oxumaqla kifayətlənirik artıq. Sonuncu dəfə qarın yağmasına nə vaxt sevinmisiz? Sualıma müsbət cavabı elə ancaq uşaqlardan eşitmək olar.
Mən dindar deyiləm, amma dinsiz də deyiləm, əminəm ki, göydən üzərimizə yağan bu möcüzənin ilahi hikməti var. Bu səssizlikdə Tanrının sükutu gizlənib. Dinlə, onu anlayacaqsan...
MANERA.AZ
Baxış sayı - 2 060 |
Yüklənmə tarixi: 28.01.2017 12:42