manera.az
manera.az

Sabir Rüstəmxanlının açıq qapısı | MANERA.AZ

Sabir Rüstəmxanlının  açıq qapısı    | MANERA.AZ
MANERA.AZ Nurəddin ƏDİLOĞLUnun yazısını təqdim edir:

SABİR BULAĞI yaxud XALQIN ŞAİRİ, HAQQIN NASİRİ
Sabir Rüstəmxanlının 70 illiyinə essevari fraqmentlər

...Çoxdan tanısam da, dəfələrlə görüşüb duz- cörək kəssək belə xalqın şairi, haqqın nasiri, Türkün görkəmli oğlu Sabir Rüstəmxanlı haqqında ilk dəfədir ki, əlimə qələm alıb yazıram. Bu gecikmiş yazıya görə, özü olmasa da, onu dəfələrlə sayılıb-SEÇİLƏN ölkə ziyalıları arasından millət vəkili SEÇƏNLƏR və türk dünyasına səs salan əsərlərinə görə sevənlər məni bəlkə də qınayacaq. Amma burası da var ki, çox vaxt qələm əhli özünə doğma bildiyi şəxsiyyətlər haqqında yazmaqda çətinlik çəkir. Yaddaşımın saxlancında Sabir bəylə bağlı o qədər faraqmentlər var ki, hansından başlayım, özüm də bilmirəm...

Birinci fraqment: Tale elə gətirdi ki, 80-ci illərin sonu Sabir bəyin Masallıda müstəntiq işləyən qardaşı Əlövsət bəylə bir müddət qapıbir qonşu olduq. Bakıdan Yardımlıya gedəndə Sabir bəy həmişə yolüstü Əlövsətgilə baş çəkərdi. Milli ruhun oyanmasına təkan verən “Ömür kitabı”nın oxucular tərəfindən böyük maraqla oxunduğu vaxtlar idi. Bir dəfə necə oldusa, Əlövsətgil evdə olmadı. Sabir bəyi evə dəvət edib: “Mən də sizin qardaşınız, buyurun bizə”- dedim. O, gülümsünərək “çox sağ olun, yolçu yolunda gərək” dedi və dönüb getmək istədi. Bu zaman qapı ağzında üç yaşlı oğlum İsmayılın əlində ağ, qalın cildli “Ömür kitabı”nı görəndə ayaq saxladı. Və döş çibindən çıxardığı qələmlə avtoqraf yazıb mənə öz ömür kitabımı yazmağı dilədi.

İkinci fraqment və ya görüşümüz Almaniyadan yaşayan və əslən Cənubi Azərbaycandan olan dostu İbrahim Əhrari ilə birlikdə Yardımlıya səfərimiz oldu. Bu, mənim həm də Sabir bəyin öz dünyasına sözün əsl mənasında, ilk ekskursiyam idi: Masallının qaynar İstisuyundan yuxarı - dağlıq əraziləri keçəndən sonra sakit təbiət qoynuna çəkilib, daşların-qayaların qoynundan süzülüb gələn dupduru çayın hövzəsində dəbdəbədən uzaq xudmani süfrə açmağımız, təndir çörəyi, üzlü-gözlü motal pendiri, yüksək keyfiyyətli “Drezden” arağı və Sabir bəyin şirin söhbətləri... Gördüklərim -eşitdiklərim sanki öncədən hazırlanmış ssenaridə yazılmışdı .

Sonra Sabir bəy yaxınlıqdakı yoxuşu cəld və çevik addımlarla qalxaraq bizə qacaman palıdın dibində çağlayan bulağı göstərdi... İlahi, elə bil mən ondan yox, o, məndən on iki yaş gənc idi... O zaman Xəlil Rza Ulutürk “Sabir Rüstəmxanlı şəlaləsi” adlı şeirini yazmışdı. Mən də tövşüyə-tövşüyə, nəfəsimi güc-bəla ilə dərib adsız bulağa “Sabir bulağı” dedim və əyilib çeşməsindən su da içdim. Amma o dağlara çıxmağın yorğunluğu uzun müddət canımdan çıxmadı...

Mən Sabir bəyin sayəsində onun doğma kəndi Hamarkənddən adını eşidib üzünü görmədiyim başı qarlı Savalanın ilk dəfə uzaqdan seyr etdim. Və Xəqani Şirvaninin ulu Savalanı vəsf etdiyi bu misraları xatırladım:

Səadət qibləsi Savalan dağı,
Şərəfdə Kəbətək qazanıb şöhrət.
Kəbə yaşıl geyər, ağ bürünər o,
Çünki, ehram tutan geyər ağ xələt...

Üçüncü fraqment: Bir müddətdə sonra Yardımlıda tikdirdiyi yarımçıq evində olduq. Yenə dəbdəbədən uzaq süfrə açıldı, qarpız, pendir, deyəsən bu dəfə boyat bozartma da vardı... İkinci mərtəbənin hələ çərçivəsi salınmayan pəncərələrindən Yardımlının möhtəşəm mənzərələri görünürdü. Dördükünc, eyni ölçülü-biçili o pəncərələrdən elə bil daş çərçivəyə salınmış canlı taplolar “asılmışdı”. Sabir bəy sağlıq söyləyəndə dedi ki, rəhmətlik Səttar Bəhlulzadə sağ indi sağ olsaydı , burada oturub əziyyət çəkmədən bu mənzərələri kətana köçürərdi...

Dördüncü fraqment: 1990-cı il, Faiqin toy günü... Xudu kişinin öz əli saldığı bağda Yardımlı rayon partiya komitəsinin birinci katibi Fəzail Tağıyev başda olmaqla bir neçə yüksək vəzifəli şəxslər, Əlövsət bəyin Masallıda hüquq –mühafizə orqanlarında çalışan həmkarları ilə gözəl təamlar düzülmüş toy masasının ətrafında oturub Sabir bəyi dinləyirik. Mənimlə üzbəüz əyləşən “Salam dar ağacı” kitabının müəllifi şair Rüstəm Behrudini ilk dəfə yaxından görürdüm və nədənsə o an içimdən “Salam, çörək ağacı” adlı bir esse yazmaq keçdi. Sabir bəy o zaman bir il olardı ki, Azərbaycanda ilk müstəqil, demokratik ruhlu "Azərbaycan" qəzetini təsis etmişdi və onun baş redaktoru idi. İki il idi ki, milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən biri kimi tanınırdi. Faiqin toy günü bəlkə də heç kim ağlına belə gətirmirdi ki, vur-tut bir neçə aydan sonra Sabir bəy Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri, 1991-ci ildə Mətbuat və İnformasiya naziri olacaq...

...O toy gecəsi Hamarkəndən Yardımlıya, ordan da dağlara qıvrıla-dıvrıla dolanan yolla Masallıya dönəndə Xəzər adlı ümmüna can atan Vıləş çayına düşən dolğun və parlaq Ayın əksinə baxa-baxa Sabir bəy haqqında düşünürdüm . Axı o da bu coşqun dağ çayına oxşayırdı: Hamarkənddən - ata ocağından götürdüyü nuru ürəyində tonqala çevirib Azərbaycan adlı ümmana, böyük Türk dünyasına işıq daşıyırdı.


O zaman 44-45 yaşlarında Sabir bəyin ən üstün cəhətlərii nədə idi? Nəfsinə müxalifətçilik etməkdə, haqqa yar olmaqda, qılıncla qələmin birliyini yaratmaq amalı ilə yaşamağında... Əgər söhbət demokratik dövlət quruculuğundan gedirdisə, demək, vəzifədən istefa vermək, hər hansı mükafatdan imtina etmək adamdan cəsarət və yüksək mədəniyyət tələb edir.

Məncə 92-də MM –in sədrliyinə namizədliyini geri götürməsi, 95-də nazir postundan istefa verməsi, 96-da Prezidentinin fərmanıyla təltif olunduğu "Şöhrət" ordenini almaqdan imtina etməsi Sabir Rüstəmxanlının ilk nöbədə mənsub olduğu türk xalqına, Azərbaycan dövlətçiliyinə hörmət və ehtiramından qaynaqlanırdı. O, nazir olanda qapısı Azərbaycanın bütün bölgələrindən olan yazarların üzünə açıq oldu. Gəlin görək, indi hər hansı nazirin, komitə sədrinin, icra başçısının, heç şöbə müdrlərinin qəbuluna düşmək olurmu?!

Haşiyə: ...Rəhmətlik Nüsrət Kəsəmənlinin Sabir bəyə ötən əsrin 70-ci illərində həsr elədiyi bir şeiri var: “Mənim bu şəhərdə kimim var axı, hər qapı döyməyə əlim gəlməyir...” Doğmalarının qapısının zəngini çalmağa qalxmayan o əllər Sabir bəyin qapısını ərklə döyə bilir. Niyə? Sabir bəyin ki, o zaman heç bir titulu, fəxri adı ki, yox idi! Çünki ürək genişliyi Sabir bəyə atadan-babadan, Rüstəmxandan miras qalmışdı, layiq olduğu titulları da, fəxri adları da, oxucu sevgisini də ona QƏLƏM Xaqan qazandırdı ...

Əsas fraqmentlərdən biri: Bu məqamda mən Sabir bəyin və onun qardaşlarının xarakterində əsas rol oynayan Xudu kişi haqqında bir –iki kəlmə yazmaq istəyirəm. Xudu kişi ilə Əlövsətgildə çox həmsöhbət olmuşdum. Dünyagörmüş, zəhmətkeş kişi idi. Bir dəfə Masallıdan Yardımlıya getmək üçün bir taksiyə yaxınlaşır. Adətən, İsgəndərli köpüsündən aşağısında dayanan taksilər dörd nəfə sərnişin götürməmiş yola düşməzdilər. Özbəy adlı bir taksi sürücüsü Xudu kişini şəxsən tanıyır və qabaqda oturacağda oturan çavan oğlana deyir ki, sən keç arxada otur, bu kişi Sabir Rüstəmxanlının atasıdır, bir oğlu Əlövsət də Masallıda müstəntiq işləyir, qoy o, qabağda rahat otursun!

Xudu kişi sürücüyə də, cavan oğlana da üzünü tutub deyir ki: - Ay bala, siz Sabirə, Əlövsətə görə yox, ağsaqqal olduğuma görə mənə hörmət edin!..

Bəli, çox gözəl ibrət dərsidir. Yəni hər ağsaqqalın ola bilər ki, Sabir Rüstəmxanlı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu kimi oğulları olmasın, amma bu o demək deyil ki, sən o ağsaqqala hörmət etməyəsən!..

Bir dəfə də Əlövsətlə stadionda futbol oynayanda yüngülcə mübahisə etmişdik və ondan küsmüşdüm. Xudu kişi növbəti dəfə onlara baş çəkməyə gələndə necə oldusa, incik olmağımdan duyuq düşdü və Əlövsətə dedi: - Bala, sənin Yardımlıda böyük qardaşın Sadatdı, Sumqayıtda Mədətdi, Bakıda Sabirdi, Masallıda da Nurəddin...

Xudu kişidən bütün övladlarına - Sabir bəy başda olmaqla Sadata, Mədətə, Əlövsətə, Şahbaza, Faiqə, Dilavərə, Cəlala hazırcavablıqla bərabər, gözütoxluq, mərdlik, mətinlik kimi xüsusiyyətlər, dözümlülük, zəhmətsevrlik və haqq-ədalət uğrunda mübarizlik əzmi keçmişdi. Onu da qeyd edim ki, Sabir bəy atası Xudu kişinin son günlərini, psixoloji dəqiqliklə “Atamın Ruhu” romanında çox maraqlı və yaddaqalan ştrixlərlə qələmə almışdır.

90-cı illərin ortalarında baş redaktoru olduğum “Masallı” qəzetində respublikanın tanınmış ziyalılarına, xalq şairi və yazıçılarına ünvanlanan müraciətim böyük əks-səda doğurdu. Həmin müraciətə ilk münasibəti bildirən Sabir bəy oldu: “ ... Özünü ziyalı adlandıran şəxs respublikada bu gün baş verən proseslərdən kənarda qala bilməz! Bəzən deyirlər ki, yazıçı və şairlərin borcu ancaq yazmaq, yaradıcılıqla məşğul olmaqddır. Amma şair və yazıçı mücərrəd bir auditoriyaya müraciət etmir, hər bir əsərin konkret ünvanı var. Bu ünvanın adı Azərbaycan xalqıdır! Sevinirəm ki, bu müraciəti mənim millət vəkili seçilmiş olduğum bölgənin ziyalıları ediblər. Doğrudan da Masallı ziyalılar rayonudur...”

Sabir bəy təkcə sözdə bu fikri demirdi, həm də dəfələrlə istər Bakıda, istər Masallıda ziyalılarla görüşürdü... O, bu gün də bir ağsaqqal qələm sahibi olaraq indiki çağda ziyalıların enerjilərini millətin inkişafına deyil, məhkəmələrə sərf etməsini yolverilməz hesab edir... Və çalışır ki, bir-birindən incik düşən ziyalıları barışdırsın!

Sabir bəyin bir gözəl kəlamı da var: “Dünyada yalnız xalqın sevgisinə bel bağlamaq olar! Ən etibarlı abidə də, ən toxunulmaz arxiv də xalqın yaddaşıdır!”

Hərçənd Napoleon Bonapart kimi sərkərdə “Yaratmaq məsələsində zor gücsüzdür” desə də, son zamanlar ZORUN bir çox yaradıcı adamlardan, vətənpərvər insanlardan güclü olduğuna az şahid olmamışıq. Mən “Qarabağa aparan yol” qəzetində redaktor müavini olanda bir müddət parlament müxbiri kimi MM-in iclaslarında iştirak etmişəm... Yadımdadır, bir dəfə cari məsələlər müzakirə olunanda deputatladan biri tanınmış tele-jurnalistin anasının ünvanına nalayiq sözlər dedi, əslində jurnalistən çox Azərbaycan qadını təhqir olundu. Yalnız Sabir bəy özündə cəsarət tapıb öz çıxışında həmin deputata etiraz elədi.

Yaxud Türkiyənin “Kanal 24” telekanalında Şah İsmayıl Xətai təqhqir olunanda yenə Sabir bəy və həyat yoldaşı, “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı öz etiraz səslərini ucaltdılar. Sabir bəy parlamentdə Azərbaycandan həmin kanala himayədarlıqda adı hallanan qurumdan məsələyə aydınlıq gətirməsini xahiş etsə də, demək olar ki, onun təklifinə laqeyd yanaşdılar. Görəsən niyə? Məgər millət vəkilləri Xətai Yurdunun - Şah İsmayıl Səfəvidən dili, Ali divan məclisi, ərazisinin yeddidə bir hissəsi miras qalan Azərbaycanda ən yüksək maaş aldıqlarının fərqində deyildilərmi?! Üstəlik deputalar arasından da Şah İsmayılın ünvanına təqnqidi fikirlər səsləndirənlər oldu və böyük qardaş dediyimiz Türkiyədə Şah İsmayılı aşağılayan kitablar nəşr olundu, “Möhtəşəm yüz il” serialında həm özü, həm oğlu Təhmasib şah yenə təhqir olundu...

Sabir Rüstəmxanlı çox haqlı olaraq bir şeirndə deyir: “bir çiçəyin mehrinə sıxılıb ağlamayan məni anlamaz əsla!” Sabir bəy ölüvaylığın, cəhalətin, cahilliyin, sərkərdə mundiri geymiş köləliyin əleyhinədir:

Yandır, şəhid qanı, bu daşı yandır!
Bu daşa çevrilən qardaşı yandır!
Ya tamam yox elə, ya da oyandır,
Bu uzun cəhalət uyğusu bitsin...

Dünən olduğu kimi bu gün də Sabir Rüstəmxanlının daxilində sönməyən Zərdüşt odu var. Sabir Rüstəmxanlının əlində Xətainin qılıncı kimi kəsərli qələmi var. Onun amalı “Əbədi sevda” və Ata yadigarı olan ruhla “Tonqal başında” Vətəndaş həmrəyliyinə xidmət etməkdir! Çünki Türk xalqının nicat yolu - Zəka qüvvələrinin birliyindədir, zəka qüvvələrinin vəhtəti isə Qılıncla Qələmin həmrəyliyindədir...

Son söz yerinə təbrik: Sabir bəy, dağ adamları binayi - qədimdən Allaha yaxın olublar. Bu gün düz otuz il öncə Sizinlə dağlara çıxıb – “Sabir bulağı”ndan su içdiyim günü xatırlayanda, ürəyimdə bu arzu keçdi: Qoy o uca dağlar- “Rüstəmxanlı şəlaləsi”, “Sabir bulağı” 70 illik yubileyinizə hədiyyə kimi ruhunuzu daha da cavanlaşdırsın!

Nurəddin ƏDİLOĞLU,
yazıçı-publisist.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930