manera.az
manera.az

İnternet nədir? - Psixoloq fikri | MANERA.AZ

📅 28.04.2016 11:57

İnternet nədir? - Psixoloq  fikri  | MANERA.AZ

Elm və texnikanın inkişafı və sivilizasiyanın bəlli bir fazaya gəlib çatması ilə paralel olaraq, həyatımızın hər sahəsinin mobilləşməsi və kompaktlaşması, başqa sözlə, hər şeyin, daha da rahatlaşması reallığı mövcuddur ki bu, eyni zamanda günümüzdə internet resursları fenomenini yaratmışdır. Belə ki hazırda internet və xüsusilə sosial şəbəkələr reallığı, insanların həyatının önəmli bir parçasına çevrilmiş və fərdlərarası ünsiyyət və kontakt baxımından mühüm bir vasitə və amil durumuna gəlmişdir.

Bu baxımdan bir məsələni qeyd etmək lazımdır ki, internet, mahiyyət etibarilə real həyatın özü olmasa da, onun yansıması və inikasından başqa bir şey deyil. Dolayısıyla da real yaşamda baş verən olay və tendensiyaların, eynilə internet və sosial şəbəkələr platformasında da olması labüddür.

Beləliklə, həyatın qaçılmaz dilemması olan xeyir və şər və ya yaxşı və pis ikilisi reallığı, öz inikasını, bütün çılpaqlığı və yönləri ilə, eynilə real həyatda olduğu kimi sanal həyatda da tapacaqdır. Gündəlik həyatın digər fazaları ilə müqayisədə, burda daha mobil və çoxyönlü şərait olduğu üçün, internet, müsbət və faydalı iş və məqsədlər üçün olduğu qədər, mənfi və ziyanlı təmayüllər üçün də münbit zəmin təşkil edir. Prinsipcə insanın, cəmiyyətdən və real həyatdan qopuq bir məkanı olan internet, bu mahiyyəti etibarilə, yəni insanın, cəmiyyətdən, fiziki olaraq kənar olması durumu şəraitində, fərdin, özünü daha rahat və hətta bəzən məsuliyyətsiz hesab etməsi nəticəsində, xüsusən mənfi təmayüllü və cinayətə müəyyən meyilli olan insanların nəzərində, öz niyyətləri üçün daha önəmli və əlverişli şəraiti yaradır. Bu baxımdan da eynilə, internetdə bir rahatlama, cavabdehsizlik və təhlükəsizlik anlayışı ilə davranan digər bir qisim şəxslər də, daha müdafiəsiz və “zəif qorunma” şəraitində, asanlıqla, yuxarıda qeyd olunan təmayülə sahib-cinayətə meyilli insanların tələsinə və hiyləsinə aldana bilirlər. Başqa cür desək, real həyatdan fərqli olaraq internet məşğuliyyəti, fərdin, təkbaşına və yalnız olduğu bir durum olduğu üçün, özünü daha rahat hiss etdiyi bir şəraitdə, o, real həyatda göstərə biləcəyi diqqət və özəni orda göstərmir, dolayısıyla da real həyatın qaçılmaz gerçəklikləri olan mənfi tendensiya, saxtakarlıq və pisliklərə, internet məkanında asanlıqla düçar ola bilir.

Bu nöqteyi-nəzərdən, bəzi insanlarımıza tövsiyyəmiz bu ola bilər ki, interneti, hansısa qeyri real, mifik bir şey və ya yer kürəsindən fərqli bir məkan hesab etməmək gərəkir. İnternet, elə gerçək həyatda olduğu kimi, insanların və cəmiyyətin olduğu yerdir, dolayısıyla da real həyatla eyni anlamı ifadə edir. Gerçək həyatda diqqətli olduğumuz kimi, eynilə internetdə də eyni diqqət və məsuliyyət gərəkir. Digər bir şəkildə demək gərəkirsə, özlüyündə təbii ki internet və sosial şəbəkələr, cinsindən, yaşından, sosial durumundan asılı olmayaraq hər kəs üçün faydalı və önəmli bir vasitədir, lakin real dünyanın özündə olduğu kimi, onun önəmli bir fazasını təşkil edən internetdə də yetərincə diqqətli və məsuliyyətli olmaq və pis, ziyanlı və mənfi seçim və davranışlardan uzaq olmaq lazımdır.

Bir sözlə, internet, eynilə həyatdakı digər imkan və vasitələr kimi, sırf individual məsələdir; ağıllı və müsbət niyyətli insanlar üçün, faydalı və problemsiz, bəsirətsiz və ya mənfi niyyətli insanlar üçün isə ziyanlı və problemlidir. Tərcih-şəxsin vicdanına, dünyagörüşünə və ağlına görədir.

MANERA.AZt



Baxış sayı - 2 703 | Yüklənmə tarixi: 28.04.2016 11:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031