Ağdamda Kitab Bayramı keçirildi - FOTOLAR
Mayın 5-i Ağdam rayonu Quzanlı qəsəbəsində Kitab Bayramı keçirilib.
“Azərbaycan Naşirlər və Poliqrafçılar” İctimai Birliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə “Hədəf” Nəşrləri, “Təhsil”, “Parlaq imzalar”, “Yayım Assosasiyası” və s. kimi müxtəlif nəşriyyatlar iştirak edib.
Tədbirdə öncə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, kitab bayramının əhəmiyyətindən bəhs edib. Daha sonra “Azərbaycan Naşirlər və Poliqrafçılar” İctimai Birliyinin sədri Bəhruz Axundov çıxışında Ağdam rayonunda Kitab Bayramının keçirilməsini müsbət hal olaraq qiymətləndirib. Tədbirdə millət vəkili Aqil Abbas, “Hədəf” şirkətlər qrupunun baş direktoru, yazıçı Şəmil Sadiq, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Ənvər Əhməd, tənqidçi Cahangir Məmmədli, dramaturq Əli Əmirli, yazıçı Mustafa Çəmənli də iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən sonra bədii hissə başlayıb. Mədəniyyət işçilərinin təqdim etdikləri müxtəlif nömrələr Kitab Bayramının rəngarəngliyini daha da artırıb. Daha sonra oxucular stendlərlə yaxından tanış olublar.
Qeyd edək ki, “Hədəf” Nəşrləri pulsuz olaraq beş yüzdən artıq kitab təqdim edib. Kitab aksiyası iştirakçıların böyük marağına səbəb olub.
Kitab Bayramı tanınmış müəlliflərin imza mərasimi ilə yekunlaşıb.
Manera.az