manera.az
manera.az

Ədəbi proses və sənətkar şəxsiyyəti MANERA.AZ

📅 21.11.2016 14:30

 Ədəbi proses və sənətkar şəxsiyyəti  MANERA.AZ
Rafiq Yusifoğlu,
şair, filologiya elmləri doktoru, professor



Sənətkarın həyata baxışının, dünyagörüşünün bədii inikasda son dərəcə vacib amil olması.Yazıçı fantaziyası.Ilham və onun yaradıcılıq prosesində müstəsna rolu. Məzmun və formanın vəhdəti ədəbi uğurların rəhni kimi. Mövzu seçmək ustalığı.


Ədəbiyyat təbiətin, rəngarəng insani münasibətlərin, bir-birinə bənzəməyən qəhərmanların daxili dünyasındakı həyəcan və iztirabların, arzu və düşüncələrin bədii əksidir. Bütün bu hadisələrin çoxluğu içərisindən ürəyincə olanı seçib ayırmaq, onu nə şəkildə əks etdirmək, qiymət vermək, dəyərləndirmək sənətkarın təkcə üslubundan, yaradıcılıq metodundan deyil, eyni zamanda onun dünyagörüşündən çox asılıdır.

''Dünyagörüşü insanı əhatə edən mühit haqqında baxış, anlayış və təsəvvür sistemidir. Əslində dünyagörüşü məfhumu insanların xarici aləmə münasibətindəki bütün xüsusiyyətləri özün­də cəmləşdirir, təkcə fəlsəfi məna kəsb edən materialist və idealist baxışlardan başqa etik, estetik baxışları da əhatə edir.'' – ''Fəlsəfə lüğəti''ndən bu cümlələri sitat gətirən görkəmli ədəbiyyatşünas, şair Qasım Qasımzadə həmin fikri davam etdirərək yazırdı: ''Dünyagörüşünə daxil olan bu sonuncu ünsürlər (etik, estetik) ayrı-ayrı xalqların keçdiyi müxtəlif tarixi yollların əsrlər boyu onların ruhi aləmində qoyduğu müxtəlif izlərdən ibarət olur ki, bu da hər bir millət üçün özünəməxsus əxlaqi keyfiyyətlərə, özünəməxsus estetik ideala çevrilir.'' (Qasım Qasımzadə. Ədəbiyyatda millilik və beynəlmiləllik. Bakı, 1982, səh. 29).

Bütün bədii əsərlərdə təkcə əks etdirilən dövrün hadisələri yox, həm də yazıçının həyata baxışı, təsvir etdiyi hadisələrə münasibəti, dünyagörüşü bu və ya digər dərəcədə öz əksini tapmış olur. Yazıçı bütün hadisələrə münasibətdə öz xalqının əxlaqi prinsiplərini rəhbər tutur, milli əxlaqın, psixologiyanın, mentalitetin təmsilçisinə çevrilir.

Məşhur Amerika yazıçısı Xose Marti ölümündən üç il qabaq, 1893-cü ildə yazırdı ki, insan eyni zamanda həm yaşadığı zəmanənin, dövrün, həm də öz xalqının övladı olmalıdır. (Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 28).

Özü də insanın birinci növbədə xalqının övladı olmasını xüsusi vurğulayan yazıçı qənaətində çox haqlı idi. Çünki xalqının, zəmanəsinin övladı olmayan sənətkar həyat hadisələrini lazımi səviyyədə qymətləndirmək, ən xarakterik saydıqlarını xalqının əxlaqi görüşləri baxımından əks etdirmək, oxucuya məsləhət vermək, onu öz ardınca aparmaq qüdrətində deyil.

Xalq şairi Nəbi Xəzri xalq yazıçısı Ilyas Əfəndiyev haqqında xatirələrində bədii yaradıcılıqda sənətkar şəxsiyyətinin mühüm rol oynadığını xüsusi vurğulayaraq yazır: ''Şəxsiyyət yazıçı varlığının mayasıdır. Şəxsiyyət həyatın keşməkeşlərindən keçərək güclü, qüdrətli olur. Şəxsiyyət anadangəlmə deyil. Hərçənd bunun irsi keyfiyyətləri də vacibdir. Çinar toxumundan çinar, söyüd toxumundan söyüd, palıd toxumundan palıd bitdiyi kimi. Lakin çinara çinar olmaq üçün nə qədər qayğı, təbii fəlakətlərə – küləklərə, tufanlara dözüm lazımdır. Sağlam pöhrələr qol-budaq atır, böyüyür, şaxələnir. Şəxsiyyət də belədir.

Yazıçı o zaman iradəli, mətin surətlər, xarakterlər yaradır ki, özü bir xarakter kimi, şəxsiyyət kimi tam formalaşmış olsun. Xarakterlər yazıçının ürəyinin əks-sədası, yazıçı mənəviyyatının in’ikasıdır. Çünki sənətkar hər yaratdığı surətdə yenidən doğulur, dünyaya gəlir, yaşayır, nəsillərə də yaşamağı öyrədir.'' (''Azərbaycan'' jurnalı, 1997, № 11-12, səh. 144).

Yazıçının birinci vəzifəsi yazıb yaratmaqdır. Sitat gətirdiyimiz məqalədə Ilyas Əfəndiyevin yazıçı vəzifəsi haqqında sözləri də maraqlıdır: ''Vəzifə mənim nəyimə lazımdır. Mənim vəzifəm yazı masamın arxasında başlayır.'' (Yenə orda, səh. 145).

Düşündüyü kimi yazmağı, yazdığı kimi olmağı iste’dadın əsas şərti sayan Nəbi Xəzri ''Əziz, mehriban dostum'' adlı məqaləsində yazır: ''Bəzən deyirlər ki, filankəsin bəxti həmişə ayaq üstədir. Unudurlar ki, istedad özü elə bəxt deməkdir. Bu bəxt də hər adama qisəmət olmur. Istedad zamanın əzablı, əziyyətli, enişli, yoxuşlu yollarından keçərək bəxtə çevrilir.'' (''Azərbaycan'' jurnalı, 1997, № 11-12, səh. 142).

Burada istər-istəməz məşhur rus şairi A. Blokun bir məşhur sözünü xatırlamalı oldum: ''U poeta net karyerı, u poeta yest sudba.'' (Şairin karyerası yoxdu, şairin taleyi var).

Bütün həyatını, ömrünü bədii yaradıcılığa həsr edən, yazıçı vəzifəsinin məsuliyyətini dərindən dərk edən yaradıcı şəxsiyyətlər həmişə bədii yaradıcılıqda böyük uğurlar qazanmış, xalqın sevimlisinə çevrilmişlər. Bir Amerika dövlət xadiminin dediyi kimi: ''Prezidentin hakimiyyəti beş ildir, qələm isə daim hakimiyyətdədər.''

Yaradıcılıq prosesi öz mənbəyini elə xarakterik hadisələrdən götürür ki, yazıçı onu hadisələr bolluğu içərisindən seçir, ayırır, fərqləndirir. Bu işdə yaradıcı adamın köməyinə gələn ilk növbədə onun dünyagörüşüdür. Tanınmış nəzəriyyəçi alim L.V.Timofeyev çox doğru qənatə gəlir ki, bədii yaradıcılığın başlanğıc momenti, yazıçının ürəyincə olan mövzunu seçməsi onun dünyagörüşü ilə ayrılmaz şəkildə bağlıdır. (Bax: Timofeev L. I., Osnovı teorii literaturı, Moskva, 1976, s. 75).

Bu haqda L.V. Şepilovanın fikirləri də maraqlıdır və məsələ­nin mahiyyətini daha dərindən anlamağa kömək edir. O yazır ki, ya­zı­çının bütün yaradıcılığı onun şəxsiyyəti ilə, dünyagö­rü­şü­nün özü­nəməxsusluğu, həyat təcrübəsi və nəhayət, onun bədii isteda­dının xarakteri ilə ayrılmaz surətdə bağlıdır. (L.V.Şepilova. Vvedenie v literaturovedenie. Moskva, 1956, s. 292).

Yazıçı ayrı-ayrı insanların bədii obrazını yaradan zaman istər-istəməz arzuladığı cizgiləri onların üstündə cəmləyir. Sənətkar şəxsiyyəti təkcə həyat hadisələrinin təsvirində yox, obraz yaradıcılığında da mühüm rol oynayır.

Qabriel Qarsia Markesin fikrincə, personaj konkret insanın obrazı deyil, onda müxtəlif adamların xarakterindən götürülmüş ayrı-ayrı cizgilər cəmlənir. Mənfi obrazda yazıçının pis, müsbət obrazda isə yaxşı cəhətləri öz əksini tapmış olur. Personajların hamısında yazıçının ürəyi, hissləri bu və ya digər dərəcədə iştirak edir. (Bax: Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 275).

Yaradıcılıq prosesində sənətkarın istedadı, onun dünya­görü­şü, həyata baxışı, süjet və kompozisiya qurmaq ustalığı, qəhrəman­ların xarakterini açmaq bacarığı, poetik üslubunun mühüm əhəmiyyət kəsb etməsini bir daha xatırlatmaq istəyirik. Onu da xatırladırıq ki, istedadı formalaşdıran, onu müəyyən axara salan isə sənətkarın yaşadığı ictimai, eləcə də ədəbi mühitdir. Əgər lazımi yaradıcılıq atmosferası olmasa, istedadlı insan öz qabiliyyətindən xəbərsiz ömrünü başa vurar, ədəbi proses üçün, cəmiyyət üçün heç bir yararlı iş görə bilməz. Ona görə təsadüfi deyil ki, hər dövr öz sənətkarını yetişdirir. Başqa sözlə desək, hər bir istedadlı sənətkar öz dövrünün övladına, tarixi şəxsiyyətinə çevrilir.

Əgər istedadlı qələm sahibi özündən əvvəl yaranan sənət əsərlərini oxuyub öyrənməsə, onlardan yaradıcı şəkildə bəhrələnməyi bacarmasa, sənətin sirlərinə yiyələnməsə, onun orijinal bir əsər yazacağına adamın inanmağı gəlmir. Çünki əsl novatorluq əslində ənənəyə söykənir, göydəndüşmə deyildir. Adi işləri görməyi, adi divar hörməyi bacarmayan adamın birdən-birə, heç bir təcrübəsi olmadan möhtəşəm saraylar ucalda bilməsi absurd­dur, təsəvvürə gəlmir.

Rəsul Rza ədəbiyyat tariximizdə sərbəst şeirin ustadı kimi tanınır. Ancaq bir qədər dərindən fikir verdikdə aydınca görünür ki, onun poetik üslublu əsərlərində hecanın, əruzun ruhu var. Rəsul Rza məhz heca şeirində özünü təsdiqdən sonra sərbəst şeirin gözəl nümunələrini yaradıb.

Ictimai hadisələri müşahidə etmək, ən xarakterik anları duyub seçmək bacarığı, yaradıcılıq fantaziyası, yığcam, obrazlı yaza bilmək ustalığı iste’dadın mühüm komponentlərindəndir.

Həyat hadisələrlə, insanların rəngarəng qarşılıqlı əlaqəsi, onların bənzərsiz arzu və düşüncələri ilə zəngindir. Arı çiçəkdən bal çəkməyi bacardığı kimi, istedadlı qələm sahibi də həyat həqiqətlərinin ən tipik olanlarını əsərdə bədii həqiqət səviyyəsinə yüksəldə, öz estetik görüş və düşüncələrini, ədəbi məramını oxucularla bölüşə bilir. Müəllif həyat həqiqətlərini obrazlı, sistemli bədii həqiqət səviyyəsinə yüksəldən qələm sahibi kimi ədəbi prosesin iştirakçısıdır.

Sovet dövründə ədəbi prosesin ümumi istiqaməti bütün yazıçıların yaradıcılığına əhəmiyyətli dərəcədə təsir etmişdi. Hər bir sənətkar üslubu e’tibarilə nə qədər fərdi olsa da, onun yaradıcılığı ədəbi prosesin tərkib hissəsi kimi yenə də sosial mahiyyət daşıyırdı. Vahid yaradıcılıq metodu – sosialist realizmi yazıçıların bir-birinə daha yaxınlaşmasına, onların yaradıcılığında eyni ümumi istiqamətlərin bərqərar olmasına, formalaşmasına zəmin yaradırdı. Digər tərəfdən ədəbiyyatı ''ümumproletar işinin təkər­ciyi, vintciyi hesab edən siyasi quruluş və onun rəhbərləri sənətkarları vahid platformada birləşdirir, yazıçıların hamısı üçün ədəbi manifest hazırlayırdı. Hər bir istedadlı qələm sahibinin orijinal fərdi üslubu isə öz növbəsində ədəbi prosesin zənginləşməsinə səbəb olurdu. Bir-birinə bənzəməyən bu fərdi üslublar vahid manifest əsasında yazılan əsərlərin həyatiliyini, canlılığını, orijinallığını şərtləndirir, trafaretlərdən qismən də olsa yaxa qurtarmağa kömək edirdi. Ümumi ədəbi proses yazıçının yaradıcılıq yoluna təsir etdiyi kimi, fərdi üslublar da ədəbi prosesə öz sovqatını verir, onu zənginləşdirirdi. Elə buna görə də hər bir ədəbi əsərin təhlili, rəngarəng sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi son nəticədə ədəbi prosesin ümumi mənzərəsini yaratmağa kömək edir.

Ədəbi prosesdə qəhrəman problemi həmişə mühüm, əhəmiyyətli yer tutmuşdur. Qəhrəman, onun fəaliyyəti, mübarizəsi, işi, məhəbbəti bədii əsərin strukturunda, süjet və kompozisiyada, konflikt və onun həllində son dərəcə mühüm yer tutur. Ona görə ki, ədəbi qəhrəman müəllif idealının estetik daşıyıcısıdır.

Bədii əsərin strukturunda mühüm, aparıcı yer tutan qəhrəmanlardan biri də elə müəllifin özüdür. Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əliağa Kürçaylı və başqa sənətkarların poemalarında müəllif obrazı çox görkəmli yer tutur. Digər qəhrəmanların taleyinə onların tə’siri açıq-aydın hiss edilir.

Konkret müəllif obrazı olmayan əsərlərdə belə, o, müsbət, ideal qəhrəman libasına bürünərək fəaliyyət göstərir, haqsızlığa, ədalətsizliyə, cəmiyyətdəki hər cür yaramazlığa qarşı mübarizə aparır, müəllif idealının daşıyıcısına, təmsilçisinə çevrilir.

Əsərin ümumi strukturunun, süjet və kompozisiyasının yaradılmasında, obrazların xarakterinin açılmasında sənətkar təxəyyülü, fantaziyası mühüm əhəmiyyət kəsb edir. Eyni həyat hadisələrindən istifadə edən müxtəlif üsluba, ədəbi təcrübəyə, bədii təxəyyülə malik sənətkarların əsərlərinin bədii forma, üslub, digər sənətkarlıq xüsusiyyətləri etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməsinin səbəbini də məhz elə burada axtarmaq lazımdır.

Məsələn, Sabirin həyatı haqqında nə qədər poema yazılıb. Həmin əsərlərin mövzusu, bədii obyekti, qəhrəmanı eyni olsa da, həmin hadisəni, qəhrəmanın taleyini ayrı-ayrı üsluba, bədii imkana, sənətkar fantaziyasına malik qələm sahibləri bir-birindən fərqli boyalarla əks etdiriblər ki, bu da yaradıcılıq prosesinin qanunauyğun yekunudur.

Çernışevski çox doğru qeyd edirdi ki, poetik istedadın ən əsas göstəricisi yaradıcılıq fantaziyasıdır. Sənətkar fantaziyası mə’lum tarixi həqiqətin, faktın bədii boyalarla daha sirayətedici, inandırıcı təsvirinə kömək edir, hadisələrin emosionallığını, həyatiliyini artırır, qəhrəmanın bədii obrazını elə ümumiləşdirməyə zəmin yaradır ki, bütöv bir tarixi dövrün, epoxanın bədii libasa bürünmüş ziddiyyətli, rəngarəng lövhələri, həmin dövrdə yaşa­yan insanların xarakterinin ən mühüm cəhətləri göz önündə canlanır.

Fantaziyasız sənətkar bədii yaradıcılıqda müəyyən tarixi faktları, hadisələri qeyd etməkdən uzağa gedə bilməz. Buna görə də tarixi fakt özlüyündə nə qədər maraqlı, ibrətamiz olsa belə, bədii libas geyə bilməyəndə çox adi, primitiv xarakter daşıyır, oxucu marağına səbəb olmur. Məsələn, müharibə mövzusunda nə qədər əsər yazılıb. Lakin bu əsərlərin heç biri Süleyman Rüstəmin adi həyat həqiqətləri əsasında yaradılmış ''Ana və poçtalyon'' əsərini əvəz edə bilmir. Müəllif özü bu əsəri poema adlandırmasa da, əslində ''Ana və poçtalyon'' bitkin, dinamik süjetə, xarakterlərə malik poe­madır.

Bu sözləri Əhməd Cəmilin müharibə mövzusunda yazılmış ''Can nənə, bir nağıl de'', ''Əmrahın anası'' əsərlərinə də aid edə bilərik.

Süjetli lirikanın bariz nümunələri hesab edilən bu əsərlər poe­ma adlandırılan bəzi əsərlərdən daha çox poema janrının tələblərinə cavab verir. Onlarda həyat hadisələri də var, mükəmməl insan xarakterləri də.

Sənətkar fantaziyası hədisələri ətə-qana gətirən, onu canlandıran çox mühüm yaradıcılıq vasitəsidir, şair, yazıçı istedadının göstəricisidir.

Yaradıcı adamların hər birinin fərdi yaradıcılıq üslubuna, ayrı-ayrı dünyagörüşünə, estetik prinsiplərə malik olmaları şəksizdir. Məsələn elə yazıçılar var ki, həyat həqiqətini fantaziyadan qat-qat dəyərli hesab edirlər. Dostayevski, Markes belə sənətkarlardandır. Ancaq sənətkar nə qədər realist olsa belə, onun təsvir ediyi həyat hadisələrinin özündə belə sənətkar fantaziyasının elementləri olur. Çünki özünəməxsus yaradıcılıq üslubu olan hər bir sənətkar subyektiv fikirli canlı insandır.

Digər tərəfdən fantaziya insanı həyatdan uzaqlaşdırmır, əksinə, həyatı daha dərindən anlamağa sövq edir. Məsələn, Jül Vernin fantastik mülahizələri, hipotezləri sonralar elm tərəfindən təsdiq olunmuşdur. Necə deyərlər, yazıçı təxəyyülü alim düşün­cəsini çox zaman qabaqlamışdır.

Vaxtilə Jül Vernin əsərlərində haqqında söhbət açılan aviasiya, aya uçuş, sualtı qayıqlar, səsli kino, radio, televiziya, elektrik mühərrikləri, kosmik uçuşlar indi günümüzün reallıqlarıdır.

Sialkovski etiraf edirdi ki, onun ürəyinə kosmik uçuşların mümkünlüyü haqqında ilk inam toxumunu Jül Vern səpmişdir.

Dünyanın digər görkəmli alimləri də onun adını minnətdarlıqla çəkmişlər. Belələrinə misal olaraq Mendeleyevi, Jukovskini misal göstərə bilərik.

Məşhur Çili azıçısı Volodya Teytelboymdan soruşanda ki, Sizin əsərlərinizdə həqiqət daha çoxdur, yoxsa fantaziya? - o belə cavab verir ki, əsərdə həqiqət anadır, fantaziya isə onun qızı. (Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 347).

Yazıçının obrazlı şəkilə ifadə etdiyi bu fikirdə böyük həqiqət vardır. Həyat həqiqəti ilə yazıçı fantaziyasının dialektikası əks etdirilən sosial mühitin daha canlı, xarakterik, ümumiləşmiş lövhələrini yaratmağa imkan verir.

Ədəbi prosesdə yaradıcı şəxsiyyətin təxəyyülü, fantaziyası mühüm rol oynayır. Dünyanın ən məşhur rəssamlarından biri olan F.Qoyya fantaziyanı yüksək qiymətələndirsə də, belə hesab edirdi ki, ağıldan məhrum xəyal yalnız eybəcərlik yarada bilər; ağılla xəyal birləşəndə isə möcüzələr yaranır.

''Ilham yalnız seçmə adamlar üçün işıq saçan şimşəkdir'' (A.Dekursel). Ilhamı olmayan sənətkarın fantaziyası da ola bilməz. Bir var hər hansı bir həyat hadisələrini adi sözlərlə, tarixi faktlarla, ardıcıllıqla, dəqiqliklə verəsən, bir də var ilhamla faktlara poetik bir don biçəsən.

Ilham tarixi, eləcə də hər hansı bir həyat hadisəsini şair nəfəsi ilə qızdırmağa, tarixin buzlarını əritməyə kömək edir. Mikayıl Müşfiq təsadüfi deməyib ki, şairə ilhamdan maya gərəkdir. Bu mənada ilham istedadın ən əsas göstəricisi, yaradıcılıq prosesinin təkanverici qüvvəsi, bütün gözəl əsərlərin mayası, cövhəridir. Ilham bədii əsərin cismində ''can'', damarlarında ''qan'' kimi bir şeydir. Onsuz hər hansı tarixi hadisə, tarixi şəxsiyyətin obrazı qurudur, cansızdır.

Ilham yaradıcılıq ehtirası, yaradıcılıq şövqüdür. Bir var bir işi öz ürəyinin səsi ilə görəsən, bir də var məcburiyyət qarşısında. Ilham yaradıcılığın cövri-cəfasına məhəbbətlə, vurğunluqla sinə gərmək vasitəsidir. K.Lessinq çox doğru qənətə gəlir ki, dünyada heç bir böyük iş ehtiras olmadan görülə bilməz. Yaradıcılıq ehtirası, görəcəyi işə sənətkarın münasibəti, həvəsi ədəbi prosesdə mühüm əhəmiyyət kəsb edir. Həyatda olduğu kimi ədəbiyyatda, sənətdə də hər bir ədəbi uğur sənətkar cəhdinin nəticəsidir. Doğrudur, bütün cəhdlər həmişə uğurla nəticələnmir, ancaq mürgüləyə-mürgüləyə, əsnəyə-əsnəyəilhamın gələcəyianı gözləməklə heç nəyə nail olmaq mümkün deyildir. Dünya şöhrətli yazıçı U.Folkner yazır: ''Məndən soruşurlar ki, nəyə görə mən yazıçılar arasında birinci yerə Tomas Vulfu qoyuram. Ona görə ki, aramızda ən böyük cəhdi o edib və ən böyük məğlubiyyətlərə də o uğrayıb. Dünyada ən böyük şey cəhddir – səndən əvvəlki insanların yarada bilmədiklərini yaratmaq cəhdi''.

Hər hansı bir musiqi alətini kökləməmiş gözəl mahnı, muğam, simfoniya çalmaq mümkün olmadığı kimi, ilhamsız da gözəl bir sənət incisi yaratmaq mümkün deyil. Ilham sənətkarın ürəyini hadisələrin ritminə uyğun kökləyən ecazkar bir vasitədir, Allah vergisidir. Dünyagörüşü isə həyat təcrübəsi əsasında yaranır. Istedad fərdidir, dünyagörüşü isə sosial mühitin bəhrəsidir. Istedad dünyaya, həyat hadisələrinə, insanların arzu və düşüncələrinə, onların ömür yoluna, sevinc və kədərinə, tarixi faciəsinə – hər şeyə tükənməz bir şövq və enerji ilə baxmaq imkanı verir.

Ilham səfərbəredici qüvvəyə malikdir. O, sənətkarı hər hansı tarixi hadisəni əks etdirmək, qəhrəmanların hiss və həyəcanlarını yenidən yaşamaq əzabına qatlaşmaq üçün səfərbər edir. Dünyagörüşü isə ilhamı cilalayır, onun axarını lazımi məcraya yönəldir. Istedadla, ilhamla dünyagö­rüşünün, həyat təcrübəsinin vəhdəti böyük ədəbi uğurların rəhnidir. Yalnız yaradıcılıq axtarışlarının əzabına qatlaşan istedadlı qələm sahibləri böyük ədəbi uğurlar qazana bilirlər. Bu mənada istedadın tən yarısını zəhmətdə görənlər yanılmırlar.

Xalq yazıçısı Süleyman Rəhimov öz əsərləri üstündə dönə-dönə işləyən, yorulmaq bilməyən bir qələm sahibi idi. Süleyman Rüstəmin onun haqqında zarafatla dediyi bir sözdə böyük həqiqət gizlənir: ''Nəinki Süleyman Rəhimovun özünə, kim onun əsərlərini oxuyub qurtara bilibsə, ona da Sosialist Əməyi Qəhrəmanı adı düşür.''

Süleyman Rəhimovun yazıçı zəhəməti haqqında fikirləri böyük maraq doğurur. Onun fikrincə, zəhəmət bütün ədəbi uğurların rəhnidir: ''Yazıçı olan kəs gərək bir gün də olsa, qələmini qırağa qoymasın, işləyəndə də qələmlə işləsin, dincələndə də qələmlə dincəlsin, istirahətə gedəndə də qələmlə getsin…

Istedada, zəkaya sahib yazıçı əmək silahına – qələminə sarılmaqla yazıçı olur.

Yazıçılıq mütəmadi zəhmətdir, yorulmaq, usanmaq bilməyən əməkdir! Yazıçının birinci bədxahı, düşməni tənbəllikdir.''(''Azərbaycan'' jurnalı, 1968, № 11, səh. 63).

Xalq şairi Məmməd Araz yazır:



Bu sənət aləmi fəhləlik istər,
Gəl verib əl-ələ fəhləlik edək.


Dünyanın ən görkəmli, tanınmış yazıçılarından biri olan Qabriel Qarsia Markes müsahibələrinin əksəriyyətində yazıçı əməyinin eşşək əzabı olduğunu xüsusi vurğulayır. Çox doğru qənaətə gəlir ki, əgər ədəbiyyat sosial məhsuldursa, ədəbi zəhmət başdan ayağa qədər fərdidir. Yaradıcılıq prosesində sənə özündən başqa heç kəs kömək edə bilməz. Yazıçı gəmi qəzasından sonra dənizin ortasında qalan tənha, kimsəsiz, köməksiz bir adamı xatırladır. (Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 260).

Meksika yazıçısı Xuan Rulfonun fikrincə isə, yazıçı zəhmətinin əsasını həqiqətəuyğunluq, təxəyyül və intuisiya təşkil edir. Hekayənin süjeti məhz bu üç komponentin qovuşuğundan əmələ gəlir. (Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 244).

Xuan Rulfo öz fərdi yaradıcılıq manerasından danışanda qeyd edirdi ki, mən yazanda heç zaman ilhamın gəlməyini gözləmirəm. Çünki onun varlığına inanmıram və mənə elə gəlir ki, bədii yaradıcılıq ilhamın yox, birinci növbədə yazıçı zəhəmtinin nəticəsidir. (Yenə orda, səh. 243).

Jül Renarın yaradıcılıq prosesində istedadla zəhmətin qarşılıqlı dialektikası ilə bağlı mülahizələri çox maraqlıdır. Onun fikrincə, zəhmətkeşlik elə istedadlı olmağın ən əsas göstəricilərindən biridir. O, 1887-ci ildə öz məşhur Gündəli­yində yazırdı: ''Istedad kəmiyyət məsələsidir. Istedad bir səhifə yazmaqda deyil, üç yüz səhifə yazmaqdadır. Elə roman yoxdur ki, ən adi təxəyyüldən yaranmasın; elə gözəl ifadə yoxdur ki, yenicə yazmağa başlayan yazıçı onu qura bilməsin. Əgər belədirsə, bircə o qalır ki, qələmi götürüb qabağına kağız qoyasan və səbirlə yazmağa başlayasan. Güclülər tərəddüd etmirlər. Onlar stol arxasına keçirlər, onlar tər tökürlər. Onlar işi axıra qədər çatdırırlar, onlar bütün vərəqləri yazı ilə doldururlar, onlar mürəkkəbin axırına çıxırlar. Heç bir işə girişməyən zəif iradəli adamlardan istedadlı adamların fərqi bundadır. Ədəbiyyatı yalnız kəl kimi işləyə bilənlər yarada bilərlər. Ən güclü kəllər dahilərdir, nəfəs dərmədən sutkada on səkkiz saat işləyənlərdir. Şöhrət fasiləsiz səyin nəticəsidir''(Jül Renar, Gündəlik, s.3).

Əlbəttə, ''istedadın kəmiyyət məsələsi olması'' fikri mübahisəlidir, biz də bu fikirlə razılaşmırıq. Çünki istedadsız adam nə qədər zəhmət çəksə belə, ürəkləri riqqətə gətirən, oxucunu düşündürən əsərlər yaza bilməz. Ancaq istedadlı adam həm də zəhmətsevər olsa, onu böyük ədəbi uğurlar gözləyir. Jül Renarın ''ağıllı adamları istedadlı adamlarla qarışıq salmayın'' qənəti isə göstərir ki, görkəmli yazıçı, nəzəriyyəçi sənətkar zəhmətinə nə qədr yüksək qiymət versə belə, bədii yaradıcılıqda istedadı çox mühüm şərtlərdən biri sayırmış. Digər tərəfdən, bu görkəmli yazıçının çox yazmağı təbliğ etməsi, əslində kəmiyyətə üstünlük vermək anlamından uzaqdır. Belə olmasaydı, Jül Renar 1894-cü ilin 22 noyabrında gündəliyinə bu qeydləri etməz, bədii yaradıcılıqda lakonizmə üstünlük verdiyini qabartmazdı: ''Dəqiq söz. Dəqiq söz. Əgər qanun yazıçılara yalnız dəqiq ifadələri işlətməyi məcbur etsəydi, nə qədər kağıza qənaət etmək olardı '' (Jül Renar, Gündəlik, s.27).

Bədii yaradıcılıqda sənətkar zəhmətinə çox böyük önəm verən, zəhməti ədəbi uğurların rəhni sanan Jül Renar yazıçılara tövsiyə edirdi ki, sənətkarlıq axtarışları aparmağın ağırlığından çəkinməsinlər: ''Çalış, çalış! Istedad torpaq kimidir, həyatı müşahidə etsən, o öz nemətini səndən əsirgəməz. Tor­pağı hər il şumla: o, hər il məhsul verəcək'' (Yenə orda, s.43).

Buradan aydınca görünür ki, yazıçı zəhmətlə bərabər, həyati müşahidələrə də xüsusi diqqət yönəltməyi zəruri sayırmış.

Yaradıcılıqda zəhmətə xüsusi önəm verəningilis şairi Tomas Sternz Edisonun dahiliyin bir faizini ilhamda, doxsan doqquz faizini isə zəhmətdə görürməsi də təsadüfi deyildi.

Əlbəttə, yaradıcılıq prosesində zəhmətin rolu danılmazdır. Ancaq istedadsız adam nə qədər zəhmət çəksə belə, bir şeyə nail ola bilməz. Necə deyərlər: ''Yovşan bəsləməklə çəmənzar olmaz.''

Istedadlı adamın da zəhmətsiz, yaradıcılıq axtarışları aparmadan, yazı prosesinin əzablarına dözmədən ədəbi uğur qazanacağı qeyri-mümkündür. Zəhmətsiz istedad paslanmağa məhkumdur.

Yalnız hər hansı bir hadisəni, qəhrəmanların həyatını, onların psixologiyasını mükəmməl öyrənən, həyatın nəbzini tutmağı bacaran istedadlı qələm sahibləri real həyat lövhələri, canlı insan xarakterləri yarada bilərlər. Çünki bədii ədəbiyyat son nəticədə həyatın bədii əksidir. Sənət isə elə bir sehrli güzgüdür ki, o, həyatı olduğu kimi deyil, yazıçı təxəyyülünə, fantaziyasına, dünyagörüşünə, onun həyat idealına uyğun şəkildə əks etdirir. Özü də bu zaman zahiri görünüşdən daha çox insanın daxili dünyası ön planda dayanır. Bu mə’nada bədii təsvirdə, obraz yaradıcılığında, qəhrəmanların hərəkət və davranışlarının qiymətləndirilməsində müəllif mövqeyi aparıcı rol oynayır. Müəllif çox vaxt öz düşüncələrini, əxlaqi qənaətlərini qəhrəmanların həyatı timsalında sosial mühitin bədii təhlil süzgəcitndən keçirir. Ədəbi qəhrəman müəllif amalının daşıyıcısına çevrilir.

Məlumdur ki, hər hansı bir bədii əsərin özünəməxsus məzmunu və forması vardır. Orqanizmə, bədənə uyğun don, kostyum tikilən kimi, məzmuna uyğun forma seçmək də əsas yaradıcılıq problemlərindəndir.

''Şairə məzmunu onun xalqının həyatı verir, deməli, bu məzmunun dəyəri, dərinliyi, həcmi və əhəmiyyəti müstəqim olaraq və bilavasitə şairin özündən, onun istedadından asılı deyil, onun xalqının həyatının tarixi əhəmiyyətindən asılıdır''.(V. Q. Belinski. Məqalələr. Bakı, 1961, səh. 146).

Əlbəttə, məzmun aparıcıdır. Ancaq bu heç də o demək deyildir ki, forma əhəmiyyətsiz bir şeydir. Bədii sənətkarlıq məzmuna nisbətən özünü formada daha qabarıq şəkildə göstərir. Sənətkar üslubu da sıx surətdə bədii forma ilə bağlıdır. ''Gözəllik ondur, doqquzu dondur'' fikri də formanın nə qədər əhəmiyyət kəsb etməsindən xəbər verən müdrik el qənaətidir.

Yeri gəlmişkən, həmin atalar sözünə istinadən ''Onuncu gözəllik'' adlı bir şeir yazmışdım. Fikrimizin daha dərindən başa düşülməsi üçün həmin şeiri də burada vermək qərarına gəldik:

Gözəl qız, küçədə gəlsəm qarşına,
Sürməli gözlərin güləcək sənin.
Desəm bənzəyirsən tovuz quşuna,
Bilirəm, xoşuna gələcək sənin.

Düzü, əynindəki o gözəl paltar,
Az qalır məni də sala kəməndə.
Doqquz gözəlliyin doqquzu da var,
Onuncu gözəllik çatışmır səndə.


Onuncu gözəllik məhz əsərin məzmunudur. Əgər məzmun gözəl, düşündürücü deyilsə, bədii forma nə qədər gözəl olsa belə, əsərin yüksək məziyyətlərindən danışmaq olmaz. Görünür, ''Ayının min oyunu var, o da bir armudun ba­şın­dadı'' qənaəti də elə-belə yaranmayıb. Bütün bədii forma elementləri son nəticədə məzmunun daha gözəl şəkildə çatdırılmasına xidmət edir ki, yaradıcılıq prosesində şair, yazıçı mütləq bunu nəzərə almalıdır.

Gözəl sənət əsərlərində məzmunla forma bir-birini elə tamamlayır ki, onları ayırmaq, müqayisə etmək heç adamın ağlına da gəlmir. Formanı canlı orqanizmin zahiri görkəminə, məzmunu isə onun daxili dünyasına bənzətmək olar.

Insanın mənəviyyatı, xarakteri, psixologiyası, xasiyyəti yaxşı deyilsə, o, zahirən nə qədər gözəl olsa belə, tez bir zamanda adamların gözündən düşür. Əgər sənətkarın deməyə bir sözü yoxdursa, heç bir bədii forma onun köməyinə gələ bilməz. Bir var ən gözəl libası uyuğun əyninə geyindirəsən, bir də var canlı insanın. Yalnız forma ilə məzmunun qarşılıqlı vəhdəti ədəbi uğurların rəhnidir. Nə qədər gözəl for­ma olur-olsun, məzmunsuz bir qəpiyə dəyməz. Forma sənətkarın əsas ideyasının, poetik məramının ifadə vasitəsidir.

Doğrudur, bədii forma məzmuna nisbətən mühafizəkardır. Ancaq ədəbi təcrübə göstərir ki, yeni məzmun ən’ənəvi formada belə gözəl, cazibədardır.

Səməd Vurğunun yaradıcılıq nümunələri buna əyani sübutdur. Şairin ənənəvi, əsrlərin sınağından çıxmış formada yazdığı əsərlər nə qədər ənənəyə söykənsələr də, onlardakı üslüb rənga­rəngliyi, şairin yeni poetik nəfəsi, həyat hadisələrinə yeni baxış tərzi bu əsərlərin bədii dəyərini qat-qat artırmışdır.

Həyatın gərəkli anlarının bədii əksini lazımi şəkildə vermək hər sənətkara nəsib olmur. Məzmunda xarakterik momentlərin bədii təsvir obyekti seçilməsi vacib olduğu kimi, formada da ən gərəkli elementlərdən, ştrixlərdən istifadə zəruridir.

Insan insandır. Onun yay geyimi ayrı, qış geyimi isə ayrıdır. Yayın cırhacırında onun palto geyinməsi nə qədər gülünc görünürsə, formada da gərəksiz elementlər məzmunu eybəcər, anormal vəziyyətə sala bilər.

Bədii frmada məzmunun ifadəsinə bu və ya digər dərəcədə xidmət etməyən artıq elementlər, ştrixlər, detallar nəinki əhəmiyyətsizdir, hətta zərərlidir. Sənətkar bədii forma seçərkən janrın spesifikasını mütləq nəzərə almalıdır. Çünki məzmun və formanın dialektik vəhdəti əsl bədiilik meyarıdır.

Bütün həyat hadisələri qızıl, yaxud digər qiymətli metallar kimi külçə halındadır. Həmin materialdan hər hansı bir bəzək əşyası düzəltmək üçün zərgər onu emal etdiyi kimi, sənətkar da həyat hadisələrini janrın tələblərinə uyğun şəkildə cilalamalı, bədii formaya salmalıdır. Üzük üzükdür, ancaq eyni materialdan hazırlansa belə, üzüklərin hamısı eyni olmur, forma, məzmun etibarilə bir-birindən fərqlənir. Üzük forma ilə məzmunun vəhdətinin simvolunu xatırladır.

Şairlər öz yaşadıqları dövrdəki həyat həqiqətlərini bədii formaya salaraq oxucuya təqdim edir, gələcək nəsillərə yadigar qoyurlar.

Yaradıcılıq prosesində mövzu seçmək də olduqca vacib məsələlərdəndir. Çünki yaradıcılıq əslində elə mövzu seçimindən başlayır.

Mövzu yazıçının diqqətini özünə çəkən, bədii əsərin yaranmasına təkan verən ''istinad nöqtəsi''dir, tikinti materialıdır. Yazıçını yaradıcılığa birinci növbədə onu düşündürən, həyəcanlandıran mövzu həvəsləndirir. Mövzu toxumu yazıçının ''intibahlar qabında'' (M. Qorki) cücərəndən sonra həyata vəsiqə alır.

Eyni mövzuda saysız-hesabsız əsərlər yazmaq mümkün­dür. Mövzusu eyni, ideyası eyni olan müxtəlif əsərlər öz məzmunlarına, bədii sənətkarlıq xüsusiyyətlərinə görə bir-birindən əsaslı şəkildə fərqlənirlər. Məsələn, müharibə mövzusunda nə qədər əsərlər yazılıb, lakin onların heç biri digərinə bənzəmir.

Mövzu uçuşub-qaçışan, çiçəkdən-çiçəyə qonan arıya bənzə­yir. Ondan istifadə etmək, bəhrələnmək üçün forma – pətək, şan lazımdır. Bədii formaya düşməyən mövzu heç bir əxlaqi, sosial məzmun kəsb edə bilməz. Həyat həqiqətlərinə əsaslanmayan heç bir bədii əsər ürəklərə yol tapa, uzun ömürlü ola bilməz.

Məzmun – bədii forma libasına bürünmüş həyat həqiqətidir. Xalq yazıçısı Ilyas Əfəndiyevin fikrincə, ən böyük əsər də qısa məzmundan başlanır. Əgər müəllif onu danışa bilmirsə, demək əsər yoxdur. (''Azərbaycan'' jurnalı, 1997, № 11-12, səh. 140).

Əsərin məzmunlu olması yazıçının ən xarakterik həyat həqiqətini görmək və onu bədii şəkildə əks etdirə bilmək qabiliyyətindən çox asılıdır. Həyat hadisələrinə sadiqlik yaradıcılıq prosesində çox vacibdir. Lakin onu olduğu kimi əks etdirmək bədii ədəbiyyatın vəzifəsi deyildir. Həyat həqiqəti müəllif fantaziyası ilə ətə-qana gəlməsə, maraq doğura bilməz.

V.Q. Belinski ədəbi prosesdə bədii sənətkarlıqla müasirliyin dialektik vəhdətini olduqca vacib amil sayaraq yazırdı: ''Bədiilik indi də ədəbi əsərlərin böyük keyfiyyətidir; lakin bədiiliyin özün­­­­­­­də müasirlik ruhundan ibarət olan keyfiyyət yoxdursa, o bizi çox qüvvətlə cəlb edə bilməz. Ona görə indi orta bədii səviyyədə olan, lakin ictimai şüura təkan verən, müəyyən məsələlər irəli sürən, yaxud bunları həll edən əsər bədiilik məfhumundan kənarda qalıb şüura heç bir şey verməyən ən bədii əsərdən qat-qat vacib və qiymətlidir.'' (V.Q.Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı, 1954, səh. 344).

V. Q. Belinski sırf sənətin, ''sənət üçün olan sənətin'' əhəmiyyətsizliyindən danışır və bu qənaətə gəlirdi ki, bütün bədii sənətkarlıq elementləri əgər yeni məzmunun, ideyanın ifadəsinə kömək etmirsə, o əhəmiyyətsiz, gərəksizdir.

Bədiiliyin ən əsas şərtlərindən biri də obrazlılıqdır. Obrazlılıq bədii əsərdə keyfiyyət ölçüsü, keyfiyyət meyarıdır. Istedadlı qələm sahibi obrazlı beytlə, bəndlə oxucunun gözləri qarşısında gözəl bir aləm yarada bilir. Adam özünü zorlayıb, istedadsız şairin uzun-uzadı təsvirlərini oxusa belə, yadında heç nə qalmır. Obrazlılıq fikri yığcam ifadə etmək, az sözlə dərin mə’na yaratmaq vasitəsidir. Burada istər-istəməz Lev Tolstoyun bir ifadəsi yada düşür: ''Uzun yazdığım üçün məni bağışlayın, qısa yazmağa vaxtım olmadı.''

Qısa yazmaq, lakonik, özü də obrazlı boyalardan istifadə edə bilmək əsərin bədii dəyərini qat-qat artırır.

Ədəbi prosesdə müəllifin özünəməxsus mövqeyini müəyyənləşdirən amillərdən biri də sənətkarın bədii üslubudur. Bədii üslub özü də forma elementidir. Eyni xətti olan adam tapmaq mümkün olmadığı kimi, eyni üsluba malik sənətkar da yoxdur. Əsl sənət həmişə orijinaldır, təkrarsızdır, fərdidir.

Hər bir sənətkar əks etdirdiyi hadisəyə öz dünyagörüşü baxımından qiymət verir, çalışır ki, yaratdığı əsər təmsil etdiyi qrupun, zümrənin mənafeyinə uyğun olsun. Məsələn, sovet dövründə yaşayan şairlər sosialist realizmi ədəbi metodunun, dövrün, ideologiyanın tələblərinə uyğun şəkildə fəaliyyət göstərirdilər.

Biz hər hansı bir əsəri oxuyanda onun altında müəllifin imzası olmasa belə, həmin ədəbi parçanın kimə məxsusluğunu deyə bilirik. Bu işdə bizə hər bir sənətkarın özünəməxsus üslubu kömək edir. Eyni həyat hadisələrini əks etdirsələr də, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mirzə Ibrahimovun, Əbülhəsənin, Mehdi Hüseynin, Səməd Vurğunun, Rəsul Rzanın, Mikayıl Müşfiqin, Süleyman Rüstəmin, Ilyas Əfəndiyevin, Ismayıl Şıxlının, Baypam Bayramovun, Isa Hüseynovun, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Əli Kərimin, Məmməd Arazın poetik üslubları bir-birindən ciddi şəkildə fərqlənir.

Buradan belə bir qənaətə gəlirik ki, metod ədəbi prosesin, üslub isə metodun qoludur. Yaradıcılıq metodu ümumi, üslüb isə fərdidir. Müxtəlif ədəbi üsluba malik sənətkarlar ədəbi proses çayını öz bənzərsiz yaradıcılıq nümunələri ilə gurlaşdırır, zənginləşdirirlər. Sənətkar ədəbi prosesin yaradıcısı olduğu kimi, ədəbi proses də sənətkarı formalaşdıran bənzərsiz mühitdir.

''Meyar şəxsiyyətdir. Şəxsiyyət yoxdursa – ''mən'', milliyyət yoxdursa – xalq yoxdur. Aşkarlıq, demokratiya, vicdan… - hamısı ''mən''dən kənarda qalanda yox, ''mən''də birləşəndə, onunla bərabərləşəndə, ''mən'' olanda şəxsiyyət əmələ gəlir.''(Yaşar Qarayev. Meyar şəxsiyyətdir. Bakı, 1988, səh. 11).

Doğrudan da, yaradıcılıq prosesində ən aparıcı sima sənətkar, onun dünyagörüşü, həyatı əks etdirmək bacarığıdır. Şəxsiyyət yoxdursa, onun gözəl sənət əsəri yaratmağından söhbət belə gedə bilməz. Ona görə ki, yaradıcılıq müəyyən mənada şəxsiyyətdən başlayır. Təsadüfi deyil ki, L.Feyer­bax əsl yazıçıları insanlığın vicdanı, R.Akutava isə ədəbiyyatı sözlərin köməyi ilə özünü ifadə etmək sənəti hesab edirdi. U.Folkner hər bir ədəbiyyatçının vəzifə borcunu insanlığı, insan ruhunu axtalanmaq təhlükəsindən xilas etməkdə görürdü.

Yazıçı, şair hansı mövzuda əsər yazırsa yazsın, istər hadisələrə, istər obrazlara münasibətdə onun mövqeyi bu və ya digər dərəcədə hiss olunur. Əlbəttə, lirik əsərdə bu, daha qabarıq şəkildə özünü göstərir. Epik, dramatik əsərlərin strukturunda isə müəllif özü şəxsən iştirak etmədiyi üçün onun münasibəti obrazlar vasitəsi ilə verilir. Görünür, bütün bunları nəzərdə tutan Q.Flober məhz ona görə bu qənətə gəlibmiş ki,sənətkar öz əsərindəTanrı kainatda mövcud olduğu kimi mövcud olmalıdır – hər şeyi görməli və gözə görünməməlidir.

Yaxşı yazıçı olmağın meyarı istedaddı, yaş deyil. ''Əsl isteda­d­da hər şey sadədir, açıqdır, safdır və hər cür şübhədən uzaqdır'' (O.Balzak). Istedadlı qələm sahibi hər yaşda gözəl sənət əsəri yarada bilər. Balıqçının tilovuna həmişə qızıl balıq düşmür axı?! Yazıçıların bütün əsərləri eyni səviyyədə olurmu?! Əgər Lermontov 27 yaşında ömrünü başa vurmuşdusa, Sabir 43 yaşında öz şeirlərini çap etdirməyə başlamışdı. ''Molla Nəsrəddin'' jurnalı olmasaydı, Sabir bu səviyyəyə ucala bilərdimi?! Son dərəcə istedadlı bir insan olan M.F. Axundov M.Ş.Vazehlə rastlaşmasaydı, bəlkə də dahi mütəfəkkir səviyyəsinə yüksələ bilməzdi.

Bir daha xatırladırıq ki, sənətkar şəxsiyyətinin formalaşması üçün mühit olduqca vacib şərtdir. Ağac hansı yaşında olur olsun, çiçək açırsa, cavandı, bar verəcək. Gözəl əsərlər yazmaq üçün istedadla birlikdə böyük həyat təcrübəsi, hazırlıq lazımdır…

Biz yeri gəldikcə bədii yaradıcılıqda son dərəcə vacib olan problemlərdən də yığcam şəkildə söhbət açdıq. Ona görə ki, bütün ünsürlərin, cüzlərin cəmi olmadan yaradıcılıq prosesinin mahiyyətini lazımi şəkildə anlamaq olmaz.

Ayrı-ayrı bölmələrdə bəzən eyni problemlərin təkrar xatırlanması da təsadüfi deyildir. Əslində bu problemlərin heç birini digərindən təcrid etmək mümkün deyildir. Bu xatırlanma isə prosesin ümumi mənzərəsini, hər hansı bir poetik ünsürün yaradıcılıq prosesində bir-biri ələ qırılmaz əlaqədə olmasını göstərmək zərurətindən irəli gəlir.

MANERA.AZ




Baxış sayı - 5 236 | Yüklənmə tarixi: 21.11.2016 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031