Aliq Nağıoğlu: "Sənlik deyil" - Hekayə
![]()
Hekayə
İşimlə əlaqədar rayon mərkəzinə getmişdim. Qayıdanda yubandığımdan axırıncı avtobusa çata bilmədim. Rayon mərkəzindən iyirmi kilometr aralıda yerləşən kəndimizə günorta saat ikidən sonra marşrut işləmir. “Xalturşik”lərə möhtac qalırıq.
Dayanacaqdakı ağ rəngli 06 “Jiquli”yə yaxınlaşdım. Sürücü məni gülərüzlə qarşıladı.
– Gedəkmi? – soruşdum.
– Qoy bir nəfər də gəlsin, yola düşək, – dedi.
Razılaşdım. Əslində bu mənim xeyriməydi. Bir var, yolhaqqını tək ödəyəsən, bir də var, iki nəfər arasında yarı böləsən.
Çox gözləmədik. İkinci müştəri yaxın kənddəndi. Məndən əvvəl düşəcəkdi. Onu yaxşı tanıyırdım. Sovetlərin dövründə sovxozumuz birdi. Eyni briqadada çalışırdıq. Sovxoz dağılandan, sovetliyimiz ayrılandan sonra ilk dəfəydi rastlaşırdıq.
Salamlaşıb görüşdük. İkimiz də keçib arxada əyləşdik. Maşın yerindən tərpənən kimi bir-birimizdən hal-əhval tutmağa, söhbətləşməyə başladıq.
– Maşallah, yaxşı qalmısan, – tanışım dedi.
– Heç sən də pis deyilsən, – dedim.
– Üç ildi pensiyaya çıxmışam, – dedi.
– Mən də iki ildi.
– Balalar neyniyir? – soruşdu.
– Başlarını birtəhər dolandırırlar. Səninkilər necə?
– Qızları köçürtdüm, oğlan biznən olur.
– Pensiyaya çıxandan sonra da işləyirsən, yoxsa istirahət edirsən?
– Əşi, nə istirahət? Yox, qardaş, mən bekar qala bilmərəm.
– Yenə hökumət işidi?
– İndi kənddə hökumət işi hardadı?
– Bəs nəynən məşğulsan?
– Mənimki əvvəldən heyvan saxlamaqdı. Sən yəqin əkin-biçinə güc vermisən?
Güldüm.
– Mənim bütün günüm virtual aləmdə keçir, qardaş.
Tanışım üzümə baxıb nəsə anlaşılmaz bir şəkildə qımışdı.
– İş-güc yaxşı şeydi, – dedi. – Amma adamın başı necə qarışırsa, dünyadan, dostdan-tanışdan xəbəri olmur. Get-gəl kəsiləndən sonra hamı unudulur, yaddan çıxır.
– Mənim dost-tanışlarım indi əvvəlkindən də çoxdu. Görüşmək üçün harasa getməyə, hansınısa itirib-axtarmağa da qətiyyən ehtiyacım yoxdu. Hamısı əlimin altındadı. İstədiyim vaxt hamısı ilə əlaqə yaradır, hal-əhval tuturam. Başın haqqı, virtual məkan əvəzsiz bir şeydi.
– Sən əvvəldən bəxtiyeyinsən, – tanışım dərindən köksünü ötürdü. – Elə o vaxt sovxozda çalışanda da həmişə işin asanı sənə düşürdü. Mənim işim çox ağırdı.
– Axı ağır olmuş nədi ey? İndi texnika əsridi.
–O texnikanın mənə nə dəxli? Tezdən saat beşdə oyanıram. Tövlədəki heyvanların altını sıyırıram, yemlərini verirəm. Cöngələrin saman-kəpəyini hazırlayıram. Arada qoyunları bayıra çıxarıram. Çoban darvazanın qabağından keçəndə sürüyə qoşuram. Qayıdıb arvadı oyadıram ki, sağmal inəkləri sağsın. Əlüstü su nasosunu qoşub heyvanların, ev quşlarının su qablarını doldururam. Toyuqları, qazları, ördəkləri azadlığa buraxıram, qabaqlarına dən səpirəm. İnəkləri açıb suvarır, naxırçıya qoşuram. Hamısını rahatlayandan sonra arvad haylayır ki, kişi, gəl səhər yeməyini ye. Toqqanın altını bərkidir, uzanıb bir az çimir eləyirəm. Ayılan kimi bir stəkan çay içib təzədən həyətə düşürəm. Bu dəfə ağacların dibini belləyirəm, sulayıram. Cöngələrin suyunu, yemini, ev quşlarının dənini verirəm. Bir də ayılıram gün günortanı addıyıb. Gec də olsa, naharımı yeyirəm. Axşamtərəfi toyuqların yumurtalarını yığıram. Heyvanlar örüşdən qayıdanda bu qayda ilə hər şey yenidən təkrarlanır. Üstəlik təzəlikcən namaz da qılmağa başlamışam...
– Məzən olsun, denən daha kefdəsən ki, – zarafatla güldüm.
– Yaman da kefdəyəm.
– İşdən vaxt tapmağı, dost-tanışla görüşüb söhbətləşməyin asan yolunu mən sənə indi öyrədərəm. Barı axşamlar bekarlayırsanmı?
– Belə də, olur.
– Sənin mobil telefonun var?
– Dilini bilmədiyimdən, əvvəldən baş qoşmamışam, amma arvadın var.
– Kompüterin necə?
– Var, oğlum rusyətdəki qohum-qardaşla danışır. Mən elə şeylərə qarışmıram.
– Qulaq as, sən gəl orda özünə şəxsi bir poçt açdır.
– Nəyimə lazımdı? Poçt küçəmizin tinindədi. Hər ay gedib telefonun, işığın-qazın aylıq pulunu özüm ödəyirəm orda.
– Eh, səninlə əlaqə saxlamaq çətin olacaq, qardaş. Belə çıxır sən feysbuka, tvitterə də girə bilmirsən. E-mailin, bloqun, instaqramın, saytın-filanın da yoxdu...
Tanışımın bir gözü yoldaydı. Deyəsən, heç mənə qulaq asmırdı. Köhnə bir darvazanın yanından ötəndə sürücüyə sarı səsini qaldırdı:
– Hara getdin, qardaş? Niyə saxlamadın? Birinci dəfədi?
Sürücü əyləci basıb maşını saxladı. Üzrxahlıqla geri verdi:
– Bağışla, fikrim özgə yerdəydi.
Tanışım xudahafizləşərkən:
– Bayaq soruşacaqdım, sözünü kəsmədim, – dedi. – O işlədiyin yer təzə açılıb? Hardadı?..
– Nə iş, a kişi?..
– Virtual məkandı, nədi? Yaman çox da texnikası var deyəsən?..
– Nə texnika, hansı texnika?
– Elə bu saat sadalamırdın:fesbuk, instaqram, bloq-filan?..
Mən danışdıqca tanışımın niyə gözünü döydüyünü indi anladım. Beləsini başa salmaq uzun həngaməydi. Özümü gülməkdən güclə saxlayıb dedim:
– Əşi, sənlik deyil.
"Xalq artisti Xan Şuşinski - 125” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub