manera.az
manera.az

Sökük şəhərin səssiz harayı - Şeir

📅 23.05.2026 09:29

Sökük şəhərin səssiz harayı - Şeir
Manera.az tanınmış şair Rəfail Tağızadənin yeni şeirini təqdim edir:

Sığınıb qalıram xatirələrə...

Sən ey sökük şəhər, dağılan kəndim!
Bu dərdə sığınan, bu dərddən qaçan
ruhlar yerə enir, ah göyə qalxır.
İtənim, ötənim özgələr kimi
mamırlı daşların altından baxır.
Xatirə daşlaşıb divar dibində.
Məni boş gilizin baxışı vurur,
evlərin, həyətin həndəvərində.
Yolları kol basıb, cığırlar itib,
düşüb yaddaşımın qalıq izinə
gündüz qaranlıqda gedən kimiyəm.
Səni xatirələr yaşadar ancaq.
Yolumuz sorulub, məhləmiz itib.
Qonşular eviylə köçdü dünyadan.
Mən də bu səhrada sərsərlər kimi
tutub xatirələr barmaqlarından
öpüb uçuq daşı evi gəzirəm.
Yarımçıq divara daş düzə-düzə,
yoxluqda özümə bir ev tikirəm.
Suvağı tökülmüş, boyası solmuş,
səni yaşadası, məni dirildən,
səndən mənə qalan xatirə evi.
Sahibi yoxlardı, qonağı ruhlar.
Uşaq yellənçəyi bulud qolunda,
gülüşü küləklər qanadlarında.
Adamsız yerlərdə sevinclər olmur,
bu uçuq evlərə baxışlar dolmur.
Sanki əsrlərdən qalıb bu yerlər?
Bəlkə də yüz ildi qocalmışam mən,
yurdumdan uzaqda çoxalmışam mən.
Nə bir ağac qalıb əsa edəsən,
nə bir qəbir qalıb, açıb girəsən.
Hara sığınasan özündən başqa?
Nə bir doğma qalıb, nə simsar qalıb,
bizi keşmişlərlə qoşa saxlaya,
baxıb halımıza bizi ağlaya.
Doğma torpaqlara sürtüb üzümü
təsəlli tapıram varlıq adında,
bu yerdə, bu yurdda qalmaq adında.
Bizə qalanlarsa xatirələrdi,
olanla yoxluğun aralığında.
Yarı uşaq kimi, yarı gənc kimi,
yaşadım dediyim, yaşam dediyim.
Sığınıb qalıram xatirələrə.
Sən ey uçuq şəhər, dağılan kəndim!


Baxış sayı - 60 | Yüklənmə tarixi: 23.05.2026 09:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031