Bütün xatirələr dursun ayağa - Şeirlər
MANERA.AZ Təranə Dəmirin şeirlərini təqdim edir:
***
Sən orda fikirlisən,
Mən burda narahatam.
Gecə də imkan vermir
Adam səhərə çata.
Səsi-səmiri gəlmir
Evlərin, küçələrin.
Qaranlıqda bir özgə
Xofu var gecələrin.
Bir az həsrət qoxuyuruq,
Bir az yağış dadırıq.
Hərəmiz bir tərəfdə
Gecəni aldadırıq.
Külək döyür qapını,
Diksinirəm səsindən:
...Bircə səhər gəlsəydi,
Canımız qurtarardı
Gecənin tənəsindən.
***
Mən odda bişən adamam,
Mən dərdi eşən adamam,
Sığışmıram yerə, yurda,
Mən göydən düşən adamam.
Min yerimdən qanadıblar,
Min yerimdən sarınmışam.
Tanrının daş bəndəsiyəm,
Dərddən-sərdən barınmışam.
Yandırıb kül eləyiblər,
Külümlə oynama, adam.
Özünü məndən uzaq tut,
Ölümlə oynama, adam.
***
Sabahın xeyir, ay adam,
Günün mübarək, mübarək.
Mübarək qaşın, qabağın,
Çənin mübarək, mübarək.
Nə yaman pis oyanmısan,
Qaranlığın yorub səni?
Kim ağladıb yuxularda?
Kim ovudub, qərib səni?
Bax gör ayağın yerində?
Bax gör başın yerindədi?
Bax gör günahın yerində,
Bax gör daşın yerindədi?
Allahına şükür elə,
Səfərdən sağ qayıtmısan.
Yarı ölü, yarı diri,
Axır ki, bax, qayıtmısan.
Geyin səhəri əyninə,
Gecəni soyun, tez elə.
Tök gözündən bu zülməti,
İşıqda yuyun, tez elə.
Sabahın xeyir, ay adam,
Günün mübarək, mübarək.
Mübarək qaşın, qabağın,
Çənin mübarək, mübarək.
***
Bu qədər qara içində
Sevin ki, hələ ağ qalıb.
Ağın, qaranın altında
Nə yaxşı, dünya sağ qalıb.
Gah şişirib, köpürüblər,
Gah üzünə tüpürüblər,
Gah siliblər, süpürüblər,
Nə yaxşı, dünya sağ qalıb.
Ətindən, qanından keçib,
Adından, sanından keçib,
Ölümün yanından keçib,
Nə yaxşı, dünya sağ qalıb.
Adını cahan qoyublar,
Basıb gözünü oyublar,
Min yol canına qıyıblar,
Nə yaxşı, dünya sağ qalıb.
Bu qədər qara içində
Sevin ki, hələ ağ qalıb.
Ağın, qaranın altında
Nə yaxşı, dünya sağ qalıb.
***
Durub pəncərəmdən əl eləyirsən,
Gəl səni bağrıma basım, ay gecə.
Yenə şeir-şeir dindirim səni,
Yenə kitab-kitab susum, ay gecə.
Kölgən divar-divar düşsün otağa,
Qələmim sarılsın sözə, varağa,
Bütün xatirələr dursun ayağa,
Səni misra-misra gəzim, ay gecə.
Gerçəklə,yalanla yarışa çıxım,
Enişdən dolanım,yoxuşa çıxım,
Qarayla,bəyazla barışa çıxım,
Düşsün qulağına səsim,ay gecə.
Özümü aldadım, səni aldadım,
Aldana-aldana səhərə çatım,
Bir dəli işığın əlindən tutum,
Sözümü könlümdən asım, ay gecə,
Yenə kitab-kitab susum, ay gecə.
***
Bu qədər çiçəyin, gülün içində
Hardan vurulmusan qışıma mənim?
Ömrümün şaxtalı, sazaq çağında
Gəlib dərd açmısan başıma mənim.
Yorğun ürəyimdən min ağrı keçir,
Könlümün düyünü, dağı darıxır.
Əlin saçlarımın telini sevir,
Saçımın qarası, ağı darıxır.
Qalmışam get ilə qal arasında,
Nə ata bilirəm, nə tuta səni.
Sən bahar çiçəyi, mən payız yeli,
Qorxuram nəfəsim quruda səni.
***
Hamı öz kefində, öz damağında,
Elə bircə mənəm gəmisi batan.
Qalmışam yer ilə göy arasında,
Canımı qoymağa yer tapammıram.
Torpaq ayağımdan, göy də əlimdən
Çarmıxa çəkibdi gör necə məni.
Boğacaq təkliyin məngənəsində
Bu otaq, bu şəhər, bu küçə məni.
Nə söz kara gəlir, nə qələm daha,
Şeir də ürəyə boş təsəllidi.
Deyirəm, bəlkə də, hələ bilmirik
Ölüm azadlığın ən gözəlidi.
Olum da sənindi, ölüm də sənin,
Nə versən, bir azca tez elə, Allah!
Bircə əllərimi buraxma hələ,
Qoyma ətəyindən üzülə, Allah!
***
Bir əl də tapılmadı
Saçını sığallaya,
Sevincinə sevinə,
Qəmini qucaqlaya.
Bir yuva da olmadı,
Sığınıb ağlayasan.
Girəsən qucağına,
Qapını bağlayasan.
Bütün arzularının
Üstünə daş qoydular.
Dopdolu ürək verdin,
Aldılar, boş qoydular.
Səsin gedib çatmadı,
Tanrı da uzaq oldu.
Düşdün ümidlərindən,
Ömrün baş-ayaq oldu.
***
Nə çox uzandı bu ömür,
Dartdıqca dalı gəlir.
Boşaldıb geri verirsən,
Üstünə dolu gəlir.
Hərə öz nağıl payını
Çeynəyir, uda bilmir.
Özündən aldığı bəxti
Özünə sata bilmir.
Göy də, yer də oyundadı,
Arada biz qalmışıq.
O qədər dərd veriblər ki,
Yeməkdən düz qalmışıq.
Olumdan bir şey çıxmadı,
Ölümü çağır gəlsin.
Bu, cənnətdi, cəhənnəmdi,
Hər nədi, axır gəlsin.
***
Çox gözlədim dostdan, yaddan,
Qapımı döyən olmadı.
Ürəyimə bir söz dəydi,
O da mən deyən olmadı.
Özüm özümdən gen gəzdim,
Qayıtdım gəldim özümə.
Durub özümə ağladım,
Oturdum güldüm özümə.
Ürəyim də bivec çıxdı,
Bir fərli ürək olmadı.
Elə vaxtda oda düşdü,
Heç nəyə gərək olmadı.