Füzulinin qitələrində mövzu əlvanlığı - Yeni araşdırma

Yaxın şərqin üç ədəbi dilində misilsiz sənət nümunələri yaradan dahi Məhəmməd Füzuli zəngin ədəbi irs qoyub getmişdir.
Əsas mövzuya keçməzdən əvvəl böyük şairimizin ədəbi fəaliyyətinin bəzi “pünhan nöqtə”lərini nəzərdən keçirək. Bu hər şeydən əvvəl dahi sənətkara layiq olduğu qiyməti verə bilmək baxımından əhəmiyyətlidir.
Məlumdur ki, Füzuliyə qədərki anadilli şeirimizin formalaşmasında və inkişafında Qazi Bürhanəddin, Xətai, Kişvəri, Həbibi, Həqiri Təbrizi kimi şairlərin mühüm xidmətləri olmuşdur.
Orta dövr Azərbaycan ədəbiyyatının başlanğıcında əsası qoyulan anadilli poeziyamızın Füzuliyə qədərki ən böyük şairi İmadəddin Nəsimidir. Azadlıq nəğməkarı olan mütəfəkkir şair dövrün və mühitin ona diktə etdiyi təriqət ədəbiyyatı çərçivəsindən çıxaraq sevən insanın qəlb çırpıntılarını tərənnüm etmiş, poeziyamıza dərin bəşəri ideyalar gətirmişdir.
Nəsiminin ədəbiyyat tarixində ən böyük xidməti doğma ana dilində yazıb – yaratmasıdır. O, həm də anadilli əruzun ədəbi təcrübəsini xeyli möhkəmləndirmiş və zənginləşdirmişdir. Milli poeziyamızda əruzun müxtəlif bəhrlərinin və həmin bəhrlərin müxtəlif növlərinin, xüsusən, dilimizin ahənginə uyğun olan bəhrlərin ustalıqla işlədilməsi Nəsiminin danılmaz xidmətidir.
Füzuli də onu doğma dildə yaranmış şeirimizin böyük ustadı kimi tanımış və qəbul etmişdir. Bu mənada Füzuli şeirində Nəsiminin təsirini çox aydınca və asanlıqla duymaq olur.Bu təsirlər Füzuli poeizyasının həm janr xüsusiyyətlərində, həm üslubunda, həm də dərin ictimai məzmununda özünü göstərir.
Ümumiyyətlə, elmi ədəbiyyatda Füzulinin Nəsimidən təsirləndiyinə dair kifayət qədər məlumat vardır.
Füzulinin əsərlərində özündən əvvəl yaşamış Şərq şairlərinin (təbii ki, məşhur şairlərin) hamısının adına rast gəlmək olur və böyük şair onların hamısını dərin hörmət və məhəbbətlə yad edir.
Lakin Füzulinin heç bir əsərində Nəsiminin adına rast gəlmək mümkün deyil.
Yaradıcılığında insana pərəstiş ideyasını ictimai-fəlsəfi düşüncə kateqoriyası kimi bütün Şərqə təqdim edən bu üsyankar ruhlu şairin adı cahillər və fanatiklər mühitində “dinsiz”, “kafir”, “lənətlənmiş” sözləri ilə xatırlanırdı.
Məlumdur ki, Füzuli kimi “gecə səhərə qədər oyaqlıq zəhərini dadıb”, “ciyər qanı ilə” sənət əsərləri yaradan bir şair Nəsiminin adını çəkməklə sənətini gözdən salmaq istəməzdi. Füzulinin bir sənətkar kimi qarşısına qoyduğu və fəaliyyət proqramı kimi qəbul etdiyi əsas məsələ şeiri hakim və dini dairələrdən qorumaq, sənətin bakirəliyini mühafizə edərək ona olan hücumların qarşısını almaq idi. Öz böyük sələfindən yetərincə təsirləndiyi halda adını çəkməməsi sənətin mənafeyi naminə Füzulinin şeirin taleyi barədə düşüncəsinin təzahürü idi.
Çox mühüm olmasa da, bir məqamı nəzərə çatdırmaq yerinə düşər.
Klassik anadilli şeirimizdə, o cümlədən Füzulinin yaradıcılığında – dır4 şəxs xəbərlik şəkilçisinin – “durur” antik formasına tez-tez rast gəlirik. Bəzən həmin şəkilçinin sözdən ayrı yazılması çaşqınlıq yarada bilər. Məs.
Çün Füzuli durur mənim ləqəbim,
Əcəb olmaz gər olmasa ədəbim
(Füzuli əsərləri, II cild, Bakı 1949)
Qılmasın dünyadə sultanlar mənə təklifi-cud,
Bəs dürür başımda tövfiqi-qənaət əfsəri
(Füzuli əsərləri,6 cilddə, I cild, Bakı 2005)
Göründüyü kimi – durur4 şəkilçi olduğu halda sözdən ayrı yazılmışdır. Ola bilsin, şairin əlyazmalarında həmin şəkilçi ayrı yazılmışdır. Lakin orfoqrafiyamızda sözdən ayrı yazılan şəkilçi yoxdur.
Füzuli elə bir mötəbər şairdir ki, təxəllüsündən tutmuş ədəbi təcrübəsində ən kiçik detala qədər orijinallığını və təkrarsızlığını qoruyub saxlamışdır.
Şərqin üç böyük dilində yazan sənətkarın janr və üslub əlvanlığı heyrət doğurur. Qəzəl, qəsidə, məsnəvi, rübai, mürəbbe, müxəmməs, təxmis, müləmmə, tərcibənd, poema, nəsr, bədii tərcümə, fəlsəfi traktat, alleqoriya kimi ədəbi janr və formaların misilsiz nümunələrini yaratmaqla Füzuli bir tərəfdən sələflərinə “meydan oxumuş”, digər tərəfdən həm yaradıcılığının orijinallığını təmin etmiş, həm də yalnız bədii deyil, elmi və nəzəri fikirlərini də bəyan etmək üçün münasib bir vasitə əldə etmişdir.
Füzulinin yaradıcılğında qitə janrının xüsusi yeri və əhəmiyyəti vardır. Qitə haqqında Ə.Nəvai demişdir: “Qitə şair ağlının səyahət elədiyi bağdır. O bağdan hansı gülü, çiçəyi istəsə dərə bilər”.
Deməli, qitə janrı Füzuliyə publisistik mülahizələrini söyləmək, eləcə də sənətin nəzəri məsələlərini şərh etmək üçün geniş meydan açmışdır.
Füzuli haqqında yazılan tədqiqat əsələrində şairin qitələrinin şərhinə də ara-sıra yer ayrılmışdır.
Lakin böyük alimimiz, Füzuli irsinin aşiqi və bilicisi mərhum Samət Əlizadənin bu sahədə gördüyü işlər alimin təqdir olunası və danılmaz xidmətidir.
S.Əlizadə kitablarının birində Füzuli sənətinə məhəbbətini bu sözlərlə ifadə edir: “Füzuli sənəti müqəddəs duyğuların hərarəti ilə zaman-zaman daha gur yanan bir ocaqdır. Bu ocağın oduna yanmaq səadətdir. Mən bu oda könüllü atıldım”.
Alim gecəli-gündüzlü ağır zəhmətin bəhrəsi olan (S.Əlizadə “Azərbaycan ədəbi dili tarixindən praktikum – Füzulinin şeir dili: mətnlər, lüğət, şərhlər”, Bakı, 1983) və (S.Əlizadə “Şah beytlər”, Bakı, 1995) sanballı kitablarında Füzuliyə yeni aspektdən yanaşıb oxucuya, daha doğrusu, Füzuli vurğunlarına yeni Füzuli göstərdi. O, “Şah beytlər” kitabında Füzulinin azərbaycanca on üç qitəsini beyt-beyt, hətta bəzi hallarda misra-misra şərh etmiş, Füzuli sehrini çağdaşlarının qəlbinə çiləmiş, füzulişünaslığa yeni baxış sərgiləyərək onu zənginləşdirmişdir.
Biz bu yazıda mərhum alimimizin şərhini verdiyi qitələrə toxunmayacağıq.
Doğruluq ilə istə ülüvvi-məqam kim,
Gəldikcə halinə verə dövri-fələk rəvac.
Doğruluq ilə hərflərə sədrdir “əlif”,
“Ya” hərfini ayağə buraxmışdır e'vicac.
Doğrular ilə gəz ki, səni sərbülənd edə,
Əyrilər ilə eyləmə, əlbəttə, imtizac.
“Ya” ixtilati ilə sərir oldu payimal,
Başda məqam tutdu “əlif” nüsrətilə tac.
Yüksək məqama çatmağı doğruluqla istə ki, fələk həmişə işlərinə rəvac versin. Qaməti düz (׀) olduğu üçün “əlif” hərflərə sədrlik edir. “Ya” ( ) əyri olduğuna görə ən axırda dayanır.
Doğrular ilə gəz ki, başıuca olasan,
Əyrilər ilə əlaqə yaratma ki, zillətə düşəsən.
“Ya” əyri olub nizamı pozduğuna görə taxtından (əlifba sırasından) ayaqlar altına düşdü.
“Əlif” zəfər tacını qoyub başda məqam tutdu.
İlk baxışda nəsihət təsiri duyulan bu qitədə şairin məqsədi tamamilə başqadır. Məlumdur ki, Füzuli nəsihət verəni (nasehi) heç vaxt qəbul etməmiş və söz sənətinin də məqsəd və vəzifəsinin nəsihətçilikdən uzaq olduğunu dönə-dönə bəyan etmişdir.
“Ey Füzuli, eşq mənin qalma nasehdən qəbul” ... deyən bir şairin söz sənəti haqqında sağlam və dürüst qənaəti göz qabağındadır.
Bu qitədə mətləb bir qədər fərqlidir.
Füzuli poeziyasını nadanların hücumundan qorumaq, şeirin nüfuzunu qaldırmaq üçün tez-tez müqəddəslərə müraciət edir. Bu, əlbəttə, şeiri xalqa yaxınlaşdırmaq üçün şairin əlində bir vasitə idi. Ərəb əlifbası da xalq arasında, xüsusən, ərəb mühitində müqəddəs obyekt sayılırdı. Çünki “Quran” bu əlifba ilə yazılmışdı. Şair əlifbadakı düzülüşü və nizamı qabartmaqla fikirlərində müqəddəslərə istinad etdiyini nəzərə çatdırmışdır. Yəni əslində şairin çatdırmaq istədiyi budur ki, doğrular və əyrilərlə rəftarı sizə mən öyrətmirəm, bu müqəddəs ”Quran”ın sizlərə təlimidir.
Xirədməndi ki, daim aləmi-elm içrə seyr edər,
Əsalibi-fünuni-şe'rdən, əlbəttə,qafildir.
Məzaqi -şe'r həm bir özgə aləmdir, həqiqətdə
İki aləm müsəxxər eyləmək qayətdə müşkildir.
Alim adamlar daim elm aləmində çalışarlar. Onların şeir fənninin qaydalarından xəbəri yoxdur.
Əlbəttə ki, şeirin ləzzəti (şeir zövqü) bir özgə aləmdir. İki aləmi (şeir və elm aləmini) bir əldə tutmaq çox çətindir (mümkün deyil).
Şair bu qitədə “Bir əldə iki qarpız tutmaq olmaz” xalq ifadəsinin bədii təqdimatını yüksək ustalıqla çatdırmışdır.
Füzuli poeziyasına xas olan çoxmənalılıq bu qitədə də özünü göstərir. Maraqlıdır ki, qitədə Füzuli alimdən və onun məşğuliyyətdən söhbət salanda “seyr edər” (dolanar) ifadəsini, şeirdən danışanda “ləzzət, zövq”, “bir özgə aləm” kimi könül sığallayan epitetlər işlədir.Bununla da alimləri şeir zövqündən xəbərdar olmağa çağırır. Qitədə mətnaltı bir eyham və işarələrlə şairliyin alimlikdən bir qədəm yüksək olduğu da nəzərə çatdırılır.
Min ikən qədru qiymətin bir olur,
Müztərib olsa qəlbin, ey arif!
Eylə təskini-qəlb hasil kim.
Əlfi təhriki-qəlb eylər əlif.
Ey arif, (irfan əhli) qəlbin dolaşıq (məchul) olsa, qiymətin min isə bir olar. Qəlbini təmizlə ki, “təhriki-qəlb” (qəlbin həyəcanı) “əlfi” (mini) əlif (bir) eyləməsin.
Əbcəd hesabında “əlif” bir (1) rəqəmini ifadə edir. “Əlif” isə ərəbcə “min” (1000) deməkdir.
Füzuli qitələrinin çoxunda iki subyekti, obyekti, məkanı, zamanı, hərəkəti qarşılaşdırıb güclü təzad yaradır. “Təskini–qəlb” (rahat və təmiz qəlb) ilə “təhriki qəlb”i (yönünü dəyişən qəlbi) qarşı-qarşıya qoyub, arif üçün birincini məsləhət görür. Kiçik bir qitədə “Arif necə olmaldır” müddəasının parametrlərini cızmaqla arifliyin proqramını verir.
Müttəsil mərifət əhlini ayaqlarə salıb,
Fələki-süflə qılır möhnətü qəm pamali.
Ol ki, cahildir, edib cümlə muradın hasil,
E'tibar ilə qılır məsnədi-qədrin ali.
Bu səbəbdən bilirəm ki, bu cahan övrətdir,
Övrətin böylədir övladi ilə əf'ali.
Ulu övladi kəsər süddənü tə'dib verər,
Süd verib, lütf ilə bağlar beşiyə ətfali.
Alçaq fələk mərifət əhlini həmişə ayaqlar altına salıb qəmin əlində zəlil eyləyər.
Cahillərin isə bütün muradını verib onları yüksək mənsəbə çatdırar.
Buna görə bilirəm ki, bu dünya arvaddır. Dünyanın insana münasibəti arvadın uşağa münasibəti kimidir..
Ulu (qanan) övladı süddən kəsib cəza verər, tifilə (qanmaza) süd verib beşikdə rahatlayar.
Qitədə şair “arvad” sözünün xalq danışıq dilində işlənən mənfi çalarından istifadə etməklə ədalətsiz cəmiyyətə və mühitə kəskin etirazını ifadə edir.
Füzuli bu qitəsində də güclü təzad yaratmışdır. “Mərifət-əhli-cahil”, “ulu-tifil”, “cəza vermək-süd vermək” ifadələrini qarşılaşdırmaqla “dövranın dönə-dönə qəhrini çəkən” şair insanın maddi və mənəvi dünyasının faciəsini, müsibət və dərdlərinin mənbəyini açıb göstərir.
Ey xəta ləfzilə Quranın şükuhin sındıran,
Mö'cüzi-ayati-Qurandan həzər qılmazmısan?
Hər əlif bir xəncəri-xunrizi-burrandır sənə,
Xəncəri-xunrizi-vürrandan həzər qılmazmısan?
Bir həkimi-kamilin daruş-şəfayi-hikmətin
Etmək istərsən xərab, ondan həzər qılmazmısan?
Ey səhv oxumaqla Quranın ucalığını sındıran, Quranın möcüzəvi ayələrindən niyə qorxub çəkinmirsən?
Hər əlif ( ׀ ) (-A) sənə (səhv oxuyana) qantökən xəncərdir. Bu xəncərdən niyə ehtiyat eləmirsən?
Bir kamil həkimin şəfa verən hikmətini, yəni (Allahın şəfalı möcüzəsini) xarab edirsən. Niyə ehtiyat edib çəkinmirsən?
Füzulinin əsərlərində “ləfz” sözü - ərəbcə ifadə, söz, kəlmə, deyiliş, tələffüz mənalarında işlədilir. Bu qitədə söhbət tələffüzdən gedir. Şair qitədə Quranı Allahın möcüzəsi hesab etməklə, ayələri səhv tələffüz edənləri çəkindirməyə çalışır. Bununla da özünü Quranın qoruyucusu və himayəçisi kimi göstərir.
Qitədə şairin narahatlığından hiss olunur ki, Quran onun maraq dairəsində olduğu üçün onu uca səslə müdafiə etmək vəzifəsini öhdəsinə götürmüşdür.
Şairin şəxsi həyatında da müqəddəslərə bağlılığın təzahürünü görmək olar. Mənbələrin məlumatına görə Füzuli dünyasını dəyişənə qədər islam müqəddəslərinin türbəsinin xidmətçisi olmuş və İmam Hüseynin məqbərəsinin astanasında dəfn edilmişdir.
Füzulinin qitələrində qəzəllərindəki keyfiyyətdə bədiilik görünmür. Bu da hər şeydən əvvəl qitə janrının tələbləri ilə bağlıdır. Öz dövrünün publisistik ruhunu əks etdirməyə çalışan şair məqsədli şəkildə hər janrın öz “çərçivəsi” mövqeyindən çıxış etmiş, qitələrində obrazlılığına geniş meydan açmamışdır. Füzuli qitələri ilə cəmiyyətdə olan bütün mühüm məsələlərə münasibət bildirmişdir.
Şairin azarbaycanca qitələrinin böyük əksəriyyəti rəməl bəhrindədir.Bu bəhrin ağır, əzəmətli, təmkinli səslənməsi janrın xarakterinə tam uyğun gəlir.
Yahya Abbasov 