Füzuli müasirlərimizin yaradıcılığında - (Lənkəran bölgəsi əsasında)
Dövrün bütün şair və mütəfəkkirlərindən seçilən, 500 ildən artıqdır ki, bir çox Şərq xalqlarının ədəbiyyatına təsir göstərən Məhəmməd Füzuli 3 dildə - fars, ərəb və türk dillərində yazıb-yaratmışdır. Yaradıcılığında, əsasən, ana dilinə üstünlük verən bu dahi Azərbaycandan kənarda yaşamasına baxmayaraq, ilk növbədə, türk( Azərbaycan dili)dilinin inkişafına böyük təsir göstərmişdir. Hərtərəfli biliyə sahib olan, bütün yaradıcılığı boyu insanı kamilliyə, ülvi hisslərlə, sevgiylə yaşamağa səsləyən bu şair-filosof özündən sonra ədəbi məktəb yaratmışdır.
Füzuli ədəbi məktəbinin nümayəndələri daim istedadları ilə fərqlənmiş, ədəbiyyat tarixində özünəməxsus dəst-xətləri ilə yadda qalmışlar. Sahib Təbrizi, Əssar Təbrizi, Məhəmməd Əmani, Seyid Əzim Şirvan, özünü Füzulilin yadigarı sanan Əlirza Vahid və s. Füzulişünas alimlərdən Həmid Araslı, MirCəlal Paşayev, Mirzağa Quluzadə, Vəcihə Fərzullayeva, Tofiq Hacıyev, Ayaz Vəfalı, Əliyar Səfərli, Sahib Əliyev və başqaları onun yaradıcılığını müxtəlif istiqamətlərdə tədqiq edərək monoqrafiyalar, onlarla elmi məqalələr yazmışlar. Tədqiqatşı-şair Ələmdar Mahir isə bütün Füzuli yaradıcılığını tədqiq etmiş, “Leyli və Məcnun” poemasının və türk dilində qələmə aldığı qəzəllərinin beyt-beyt bədii-fəlsəfi təhlilini vermişdir.
Şair və yazıçılarımızın Füzulinin həyat və şəxsiyyətinə həsr etdikləri bədii sənət nümunələri də xüsusi diqqət çəkir. Mirmehdi Seyidzadənin “Şairin gəncliyi” mənzum dramı, Bəxtyar Vahabzadənin “Şəbi-hicran” poeması, Oqtay Salamzadənin “Sevgi iztirabı” romanı, Rəsul Rzanın “Füzuli” poeması, Mirzə İbrahimovun “Ədəbi həyat” povesti, Əzizə Cəfərzadənin “Eşq sultanı” romanı, Ağamir Cavadın “Aşiqi-sadiq mənəm” pyesi, Nəbi Xəzrinin, Şəkər Aslanın silsilə şeirləri və s. Füzuliyə həsr olunmuşdur.
Sözsüz ki, bu mütəfəkkir şairin təsiri bölgə ədəbiyyatından da yan ötə bilməzdi. Bu bölgələrdən biri də özünəməxsus ədəbi mühiti olan Lənkəran bölgəsidir.
XIX əsrdə Mirzə İsmayıl Qasir tərəfindən yaradılmış “Fövcül-füsəha” məclisinin şairləri Füzuli qəzəllərinin təsiri ilə şeirlər yazmış, özlərini onun şagirdi hesab etmişlər. XX əsrin 90-cı illərində “Fövcül-füsəha” məclisini bərpa edib Lənkəran şairlərinin bir araya yığan Hacı Mirhaşım Talışlı Füzulini Lənkəran şairlərinə, söz xiridarlarına çox sevdirdi.
Bu məclisə toplaşan şairlər əruz vəznininin sirlərini öyrənir,qələmlərin ən çətin bəhrlərdə belə sınayırdılar. Mirsalam Müasir, Xanəhməd Nahid, Əli Nasir, Mirtağı Xilqət, Ziyafət Yəhya, Ağamir Cavad və digər gənclərə bu məclisin böyük təsiri olmuşdur. Qeyd edimki, M. Talışlı özündən sonra “Fövcül-füsəha” ədəbi məclisinə rəhbərlik etməyi şair Ağamir Cavada vəsiyyət etmişdi.
Mirhaşım Talışlı böyük Füzuli aşiqi idi. Onun Füzuliyə həsr etdiyi “Füzuli və Rəna” poeması, təxmisləri və qəzəlləri vardır. O, poemasında Füzulini söz sənətinin dahi rəssamı kimi dəyərləndirir:
Füzuli - eşq ilə hikmət kəlamı,
O, söz sənətinin dahi rəssamı…
Şair öz qəzəllər divanını Füzuli divarının ilk qəzəlinə yazdığı nəzirə ilə başlayır:
Ey verən eşq əhlinə təlim kitabın ibtida,
Ol kitabda bir kitabdır hər xəbər, hər mübtəda.
… Mən sənin sevda yolunda bir Müsafir olmuşam,
Heç bir insan eyləyə bilməz məni səndən cüda.
Uzun illər “Leninçi”(indiki “Lənkəran”) qəzetinin baş redaktoru olmuş, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin sədri vəzifəsində çalışan şair-publisist Şəkər Aslanın Məhəmməd Füzuliyə həsr etdiyi silsilə şeirləri şairin 500 illiyinə həsr olunmuş müsabiqədə birinci yerə layiq görülmüşdür.
Şeir müsabiqəsi 1994-cü ildə elan olunmuş, lakin müəyyən səbəblərdən müsabiqənin nəticələri gecikdiyindən 1995-ci ildə qalibin adı açıqlanmışdır. Ancaq o zaman artıq Şəkər Aslan gözlərini ədəbi yummuşdu. Sözügedən qalib şeirlər Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı olan “Ədəbiyyat qəzeti"ndə çap olunmuşdu. Həmin şeirlərdən birində Ş. Aslan deyirdi:
Füzuli ömrüdür əsr də, an da,
Neçə yüzilliklər gəlib ötüşür.
Sənin kitabına gözüm baxanda
Nə qədər kitablar gözümdən düşür.
Yaşadın dünəni, baxıb sabaha,
Hər şair ömür edib qocala bilmir.
Sözü ucaltdığın zirvəyə daha
Kimsə qalxa bilmir, ucala bilmir.
Ş. Aslan bu şeirində Füzulidən sonra heç bir şairin yaradıcılığının Füzuli yaradıcılığı səviyyəsinə ucala bilmədiyini, beş yüz il yol gələnin xalqa tanış, əlli il yol gələnin isə xalqa tanış olmadığını vurğulayır. Əyrini, düzü işığa tutub söz ilə qaranlığı yararaq bu günümüzü neçə əsr qabaq bu qədər dəqiq bildiyini soruşur şairdən. Dünənin də, bu günün də ən böyük şairinin sən olduğunu, fikrində yanılmadığını deyir. Bu günki siyasi lirikamızda Füzuli təpəri yoxdur, bizim məhəbbət şairimiz elə siyasi şairimizin deyir. Hər bir Azərbaycan övladıyla doğulduğunu, yaşadığını, bizim hamımızın yaşayıb torpağın qoynuna gömüləcəyini, amma sənin heç vaxt ölməyəcəyini deyir, çünki sən Vətən kimi əbədi sağsan.
Hələ gənc yaşlarından Azərbaycan Yazıçılar Birliyinin ədəbi məsləhətçisi vəzifəsində çalışan filoloq, şair Ağamir Cavadın 1995-ci ildə iki hissədən ibarət olan “Füzuli” pyesi Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Bundan başqa onun Füzuliyə həsr etdiyi bir neçə şeir, esse və qəzəlləri, eləcə də qəzəllərinə yazdığı təxmisləri vardır. Füzulinin məşhur “Vətənim” rədifli qəzəlinə nəzirə olaraq Ağamir Cavad Füzuli sözünün işığında eyni pədifli qəzəlində yazır.
Alışıb od-ocağım yandıracaq düşmənimi,
Vətənə xor baxana saf ürəyim daşdı mənim.
Elə ki mən yanıram Gün kimi bu yurdum üçün
Dönəcək gülzara hər bağ-bağatım, hər çəmənim.
Ay Ağamir, gecə-gündüz döyünən qəlbində
Vətənimdir, Vətənimdir, vətənimdir, vətənim!
Ağamir Cavad Vətənə müraciət edib, nə zaman məndən can diləyəcəksən, o an da bədənim sənin qurbanın olacaqdır, deyərək Vətəni belə arxayın edir. İcazə ver, şəhidin özüm olum. Kəfəninin isə Vətəninin bayrağı olmasını arzulayır. Əgər yurdunun torpağına dəni düşəcəksə, birə-min var-bərəkət gətirəcəkdir. Şairin varlığını yaşadan ancaq Vətənə sevgidir, bilir ki, yurdunu sevməyənə el qənim olacaqdır.
Daha çox əruz vəzninə müraciət edən şair Ziyafət Yəhyanın poeziyasında Füzuli təsiri açıq-aşkar görünməkdədir. Ziyafət Yəhynın da şairə həsr etdiyi təxmislərini oxuyuruq.
Hey axdıqca bu göz yaşım, gözüm qanə boyanmazmı?
Gün ilə ay nə vaxtsa bəs mənə heyran dayanmazmı?
O yarə bir deyən yox kim, əzablardan doyammazmı?
“Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Şairin vüsalı damlaya dönür, amma hicranı ümman kimi daşır. Dili şam kimi yanır, bütün cismini bürüyür. Şairin çarəsiz könlü hər yerdə Loğmanının harada olduğunu soruşur.
Şairin adı Məcnun, soyadı Eşq özü isə əslən Səhradandır. Eşqini könlündə gizlətdikcə cismi keşiyini çəkir. Şübhə içindədir, görəsən, yarına desə, inanarmı, inanmazmı?
Qəmi-eşqə bir ünvan var, o ünvan səmti-səhradır,
Ziyafətçün bu ünvan aləmi bir eşq-röyadır.
Onun bu eşq-röyası cəvahir dolu dünyadır.
“Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı?”
Eşq əhli olan şair üçün səhra ünvan sayılır və bu ünvanda özünü xoşbəxt hiss edir.
Füzuli qəzəllərini müraciət edən, ona nəzirə və təxmislər yazan qəzəlxan şairlərimizdən biri də əruz vəznində gözəl poetik nümunələr yaradan Xanəhməd Nahiddir. Onun Füzulinin “Hansı gülşən gülbünü sərvi-xuramanınca var?” misrası ilə başlayan qəzəlinə yazdığı nəzirədə mövzuya necə ustalıqla yanaşdığının və ustada layiq bir qəzəl yazdığının şahidi oluruq:
Hansı gülzarın mənimtək bülbülü-şeydası var?
Hansı bağın sən kimi canan, güli-rənası var?
Hansı aşiq eşq üçün səhraya düşdü mən kimi,
Hansı Məcnunun sənintək nazənin Leylası var?
Eyni zamanda, Mirsalam Müasirin, Mirhafiz Mühafizin, Oqtay Zəkanın qəzəl və təxmisləri, Xaqani Muğamatoğlunun təxmisi və Əhməd Haqsevərin Füzuliyə həsr etdiyi qəzəlləri vardır ki, hər biri özünəməxsusluğu ilə seçilir. Qeyd edim ki, Xaqani Muğamatoğlu hər bənddə daxili qafiyələri gözləməklə Füzulinin “Məni candan usandırdı” qəzəlinə təxmis yazmışdır.
Son zamanlar əruz vəzninə müraciət edən şairlərdən biri də gənc şair Ziya Dilsuzdur. Onun Füzulinin “Aşiqi-sadiq mənəm” qəzəlinə yazdığı nəzirə poetik özünəməxsusluğu ilə diqqəti cəlb edir.
Çox cəfalar verdi, zülmündən adam doymaz niyə?
Bunca insafsız, zülmkar yarə xoş niyyətliyəm.
Dərdi izhar eylərəm, dərman tapar milyon məriz,
Harda vardır eşqqən məclis, həmən dəvətliyəm.
Mən özüm seçdim bu həsrət, intizar ömrün axı,
Sanma Dilsuztək ona nifrətliyəm, hiddətlənən.
Füzuli yaradıcılığı elə bir poetik ümmandır ki, bundan sonra yüzilliklər gəlib keçsə belə, yenə bu ümmana baş vuranlar olacaqdır, çünki bu ümmanın gövhəri tükənməzdir.
Ağamir Cavadov,
AMEA Lənkəran Elmi
Mərkəzinin əməkdaşı
Ziya Fətullayev,
Filoloq, Lənkəran rayon
Osakücə kənd tam orta
məktəbinin müəllimi